SOCAR-ın Türkiyədəki investisiyaları 16 mlrd. dolları keçib

SOCAR-ın Türkiyədəki investisiyaları 16 mlrd. dolları keçib
  • Clock-gray 17:35
  • calendar-gray 25 Fevral 2020

SOCAR bu günədək Türkiyə iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 16 mlrd. ABŞ dollarını ötüb.

"APA-Economics"in məlumatına görə, bu barədə "SOCAR Turkey Enerji A.Ş" ("SOCAR Turkey" – SOCAR-ın Türkiyədə ki törəmə müəssisəsi) baş icraçı direktoru Zaur Qəhrəmanov Türkiyədə keçirilən 3-cü Enerji və Təbii Sərvətlər Zirvəsində çıxış edərkən deyib.

Qeyd edək ki, "SOCAR Turkey" Enerji və Təbii Sərvətlər Zirvəsinin Korporativ Sosial Məsuliyyət sahəsində mükafata layıq görülüb.

Z. Qəhrəmanovun sözlərinə görə, SOCAR-ın Türkiyədəki bütün layihələrin reallaşdırılması başa çatdıqdan sonra bu göstərici 19,5 mlrd. dollara çatacaq.

Bundan əlavə, Z. Qəhrəmanov qeyd edib ki, "SOCAR Turkey" 2023-cü ildə İzmirin Əliağa bölgəsində "Petkim"lə yanaşı daha bir neft-kimya kompleksinin tikintisini ("Merkuri" layihəsi) başa çatdıra bilər: “Bu il kompleksin təməlini qoya bilsək, 2023-cü ildə onu istismara verə biləcəyimizi planlaşdırırıq".

Onun sözlərinə görə, sözügedən layihə çərçivəsində hazırda sahə işləri davam etdirilir.

Xatırladaq ki, "Merkuri" layihəsi” SOCAR-ın Türkiyənin neft-kimya bazarındakı payını 35-40%-dək artıracaq. Hazırda Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının 20%-i "Petkim" neft-kimya kompleksi tərəfindən ödənilir, qalan hissəsi isə idxalın hesabına təmin edilir. Yeni kompleks Türkiyə iqtisadiyyatına hər il 4,5 mlrd. ABŞ dolları həcmində gəlir gətirəcək.

Layihə "SOCAR Turkey" və BP şirkətləri tərəfindən birgə həyata keçiriləcək. "Petkim" yeni kompleksdə səhmdar qismində çıxış edəcək. Layihənin dəqiq reallaşdırılma müddəti və dəyəri mühəndis dizaynının bitməsindən sonra müəyyənləşəcək.

Xatırladaq ki, kompleksə aromatiklər və PTA müəssisələri daxil olacaq. PTA zavodunda isə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, aromatiklər fabrikində isə 830 min ton paraksilol, 400 min tona yaxın benzol istehsal ediləcək. Bu 1,8 mlrd. dollar sərmayə qoyulması ehtimal edilən bir layihədir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date