Şirkətlər tərəfindən öncədən ödənişlər edilməklə Azərbaycana mal idxalına dair tələblər yüngülləşdirilib

Şirkətlər tərəfindən öncədən ödənişlər edilməklə Azərbaycana mal idxalına dair tələblər yüngülləşdirilib
  • Clock-gray 18:40
  • calendar-gray 28 Fevral 2020

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edib.

APA-Economics”in məlumatına görə, bu Qaydalar Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru istisna olmaqla, rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada banklar vasitəsi ilə əməliyyatlarının aparılması qaydalarını tənzimləyir.

Bu Qaydalar həmçinin maliyyə bazarlarında fəaliyyətinə nəzarət olunan subyektlər (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və onların idarəçiləri) istisna olmaqla digər rezidentlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesablarının açılmasının hal və şərtlərini müəyyən edir.

Dəyişiklik Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlarla bağlıdır. Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. İndiyə qədər bu halda ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalı idi. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 iş günü ərzində  Mərkəzi Banka təqdim etməli idi.

Dəyişikliyə əsasən, bundan sonra qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 min ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməlidir.

Dəyişiklik bu gündən – fevralın 28-dən qüvvəyə minib.

Ramiz Mikayıloğlu

Digər xəbərlər