Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Technol"la əməkdaşlığa başlayıb - FOTO - VİDEO

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Technol"la əməkdaşlığa başlayıb - FOTO - VİDEO
  • Clock-gray 11:00
  • calendar-gray 17 Sentyabr 2020

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “Technol” arasında genişmiqyaslı əməkdaşlığa dair memorandum imzalanıb. Əməkdaşlıq çərçivəsində müəyyən edilmiş sahələr üzrə ixtisaslı peşəkar kadrların yetişdirilməsi məqsədilə birgə tədris proqramları hazırlanacaq, təlimlər təşkil ediləcək, təhsilalanlara sahibkarlıq vərdişlərinin aşılanması, onların istehsalat təcrübə proqramlarında iştirak etməsi, müvafiq olaraq, bilik və bacarıqlarının qiymətləndirilməsi təmin ediləcək.

Mərkəz həmçinin “Technol” əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında yaxından iştirak edəcək, eləcə də təhsil müəssisələrində müvafiq tədris proseslərinə cəlb etməklə yüksək ixtisaslı kadrların hazırlanmasında Şirkətə dəstək olacaq.

Ölkədə müasir tələblərə cavab verən rəqabətqabiliyyətli yeni nəsil işçi qüvvəsinin hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcək hər iki təşkilat kifayət qədər geniş elmi və istehsalat bazasına, təcrübəli ixtisaslı kadrlara malikdir.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli 405 №-li qərarı ilə Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə yaradılıb. Mərkəz – beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrlar hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir.

“Technol” Azərbaycanda və Qafqaz regionunda ilk mühərrik və sənaye yağları istehsalçısıdır. Şirkətin başlıca fəaliyyət məqsədi dünya üzrə tanınmış markaların göstəricilərinə cavab verən yağları istehsal edərək əlverişli qiymətə hər kəs üçün əlçatan etməkdir. İllik 50 min ton istehsal gücünə malik Şirkətdə istehsal prosesinin təşkili məqsədilə Alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. Şirkətin bütün mühərrik və sənaye yağları “Infineum”, “Chevron”, “Afton” kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqılarından istifadə edilməklə Amerika Neft İnstitutunun (API), Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) standartlarına müvafiq qaydada istehsal edilir, Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) tələbləri əsasında sınaqdan keçirilir. Şirkət müasir cihazları ilə təchiz edilən, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO17025:2017) müasir laboratoriyaya malikdir. “Technol” mühərrik yağları Amerika Neft İnstitutunun müvafiq sertifikatına malik olmaqla yanaşı “Mercedes-Benz” və “Cummins” şirkətləri tərəfindən rəsmi qaydada təsdiq edilib.

APA-Economics

Digər xəbərlər