Ukrayna Aİ ölkələrinə qaz ixrac edə bilər

Ukrayna Aİ ölkələrinə qaz ixrac edə bilər
  • Clock-gray 14:41
  • calendar-gray 05 Oktyabr 2020

Yeraltı qaz anbarlarının rekord doldurulması ilə əlaqədar Ukrayna Avropa İttifaqı (Aİ) ölkələrinə qaz ixracına başlaya bilər.

"APA-Economics"in "1Prime"a istinadən verdiyi məlumata görə, bunu "Ukrtransgaz" şirkətinin baş icraçı direktoru Sergey Pereloma deyib.

Bundan öncə "Naftoqaz Ukrayna" şirkətinin rəhbəri Andrey Kobolev oktyabrın əvvəlində Ukraynanın yeraltı qaz anbarlarının 90%-nin dolduğunu, o cümlədən özəl müstəqil şirkətlər tərəfindən qaz anbarlarına rekord həcmdə – 28 mlrd. kubmetr qazın vurulduğunu bildirmişdi.

"Bu il Ukrayna qaz anbarlarının doldurulması son 10 ildə ən yüksək səviyyəyə çatacaq. Müvafiq olaraq, operator tərəfindən növbəti istilik mövsümünün böhransız keçməsi üçün lazım olan hər şeyi etdik. Avropa bazarında vəziyyət əlverişli olduğu halda, Ukraynanın Aİ ölkələrinə qaz ixracına başlamasını istisna etmirik", - deyə S. Pereloma qeyd edib.

Şirkətin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında Ukraynadakı yeraltı qaz anbarlarına 15,9 mlrd. kubmetr qaz vurulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% çoxdur. Ukrayna rezidentləri tərəfindən anbarlara 7,5 mlrd. kubmetr, qeyri-rezidentlər tərəfindən isə 8,4 mlrd. kubmetr qaz vurulub. Bununla da anbarlardakı qazın ümumi həcmi 27,9 mlrd. kubmetrə çatıb.

APA-Economics

Digər xəbərlər