Baş nazir Nikol Paşinyan “HARDtalk”-da hansı mesajları aldı? - TƏHLİL

Baş nazir Nikol Paşinyan “HARDtalk”-da hansı mesajları aldı? -  TƏHLİL
  • Clock-gray 14:50
  • calendar-gray 17 Avqust 2020

 

Müsahibənin vizual-kommunikativ təhlili

 

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın BBC-nin spesifik konsepsiyaya malik olan "HARDtalk" proqramına verdiyi müsahibəni izlədim. Qeyd edim ki, müsahibəni izləməyi hər kəsə tövsiyə edirəm və aparılan söhbət maraqlı kommunikativ məqamlara dayandığına görə onlarla bağlı bəzi müşahidələrimi paylaşmaq istərdim. Mediada kommunikasiyalar vasitəsilə hansı mesajları “oxumaq” mümkün olduğuna dair kiçik təhlili sizinlə bölüşürəm. Müsahibəni izləyəndə bəlli olur ki, Paşinyan siyasi lider olaraq, "bədən dili"ni idarə edə bilmir. Sakurun verdiyi sualların müqabilində üz cizgilərinin gərilməsi, əllərin həddən artıq jestikulyasiyası, dodaqların tərpənməsi onun daxili həyəcanından, gözlənilməz həmlələr qarşısında daxili mürəkkəb beyin proseslərinin getməsindən xəbər verdiyini və bütövlükdə acizlik göstəricisi olduğunu desəm yanılmaram.

 

 

Aparıcı, çox yaxşı hazırlaşdığını nümayiş etdirən və tarixi faktlara əsaslanan suallar toplusunu yağdırarkən, intonasiyası, qoyulan sualların kəskin səslənməsi sanki, rəsmi Yerevana verilən mesaj xarakterini daşıyır. Sakurun başını yelləməsi, səbrsiz şəkildə Paşinyanın mövzudan kənar cavablarını kəsməsi, barmaq yelləməsi Qərbin simasında beynəlxalq ictimaiyyətin Yerevana verdiyi konkret ismarıc mənası daşıdığını ehtimal etmək olur.

 

 

Diqqətli şəkildə gözünü monitora zilləyən baş nazirin yarım bükülü halda əyləşməsi, onun proqramda müdafiə pozasını aldığına dəlalət edir. Haqsız mövqe tutan, illərdən bəri rəsmi Yerevanın “gözləmədə” saxladığı, görməzdən gəldiyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin siyasi hadisələr prizmasında yenidən gündəmə gətirilməsi təsadüfi deyil. Bəlkə də, baş nazir fərqində deyil, amma videonun kommunikativ-vizual təhlili, bunun əksini düşünməyə vadar edir. Belə ki, Stiven Sakurun dönə-dönə, hər cümləsini xüsusi pauza və vurğularla (aparıcı beynəlxalq hüquq normalarının mahiyyətinin nə qədər əhəmiyyətli olduğunun fərqindədir və hər hansısa, mexaniki olsa belə, səhv buraxmamaq adına, qətnamələrlə bağlı sualını əzbərə deyil, kağız üzərindən) oxuması, fikrimcə mövzuya önəm verdiyinin sübutudur. Ermənistanın uzun illərdir sevmədiyi, hər dəfə adları sadalananda erməni rəsmilərinin üz cizgilərini turşudaraq, qətnamələrə reaksiya vermələri, Paşinyanın da üzündə fərqli emosiyalar doğurmadı. Sualı dinləyərkən baş nazirin gözlərindəki məna, sanki “hüquqi normalar Damokl qılıncı kimi başımızın üstündən asılıb, bu dəfə nə deyək, vəziyyətdən necə çıxaq” kimi fikirləri əks etdirir.

 

Bu azmış kimi, baş nazir öz anladığı tərzdə BMT qətnamələrini izah etməyə çalışır, lakin elə öz tezisi qarşısında sual yaranır, əgər BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində söhbət Ermənistan silahlı qüvvələrindən deyil, hansısa mücərrəd özünü-müdafiə qüvvələrindən gedirsə, o zaman nə üçün baş nazir Paşinyanın öz oğlu hərbi xidmətə Dağlıq Qarabağa yollandı? Qeyd edək ki, bununla bağlı erməni mediası məlumat və fotolar paylaşmışdı. Aparıcını “aydınlatmağa” çalışaraq, qətnamələrin hüquqi mətnində Ermənistan ordusuna deyil, “qondarma Dağlıq Qarabağ” özünü-müdafiə qüvvələrinin qeyd edildiyini bildirir. Bəlkə də bu anda baş naziri yalan detektoruna qoşmaq faydalı olardı, çünki tələffüz etdiyi hər sözdən sonra dayanmaq, durmaq, sanki, yeni yalanlarının ifşa olunacağı qorxusu ilə müsahibəyə qatıldığını düşünməyə vadar edir. Diqqətimi Stiven Sakurun Ermənistandan Dağlıq Qarabağa çəkilməsi planlaşdırılan yeni yolla bağlı sualı cəlb etdi. Sualı dinləyərkən, Paşinyanın qaşlarının çatılması, gözlərinin qıyılması, cavab zamanı isə əlləri ilə aktiv jestikulyasiyası, müsahibədə heç də özünü rahat, komfortlu hiss etmədiyini düşünməyə səbəbdir.

 

 

Nikol Paşinaynın proqram boyunca psixoloji gərginliyi, siyasətçilərə xas olmayan həddən artıq emosionallığı, dəfələrlə suallara cavab verərkən mövzudan kənarlaşması, universitet imtahanında çəkilən biletdəki sualın cavabını bilmədiyindən, müəllimin diqqətini “ordan-burdan” cavablarla yayındırmağa çalışan tələbə təəssüratı yaratdı. Proqramın konsepsiyasının spesifik xarakter daşıdığını nəzərə alsaq, Sakurun heç də sualların ardıcıllığını təsadüfi seçmədiyini ehtimal edirəm. Dağlıq Qarabağ, işğal olunmuş ərazilər, erməni vəhşilikləri, milliyyətçilik, beynəlxalq hüquq normalarının pozulması və s. ilə bağlı verilən hər sual səlis, ittihamedici intonasiya ilə tələffüz edilərək, Ermənistanı baş nazir Paşinyanın şəxsində ifşa etmək, tarixi danılmaz faktların konstatasiyası ilə gerçəklərə qarşı artıq dünyanın aşırı həssas olduğu mesajını çatdırmaq istəyinə dair fikir yaradır. Bunun bariz misalı kimi, məhz aparıcının “Ermənistan ordusu tərəfindən Dağlıq Qarabağda törədilmiş hərbi cinayətlərin müqabilində üzr istəmək niyyətiniz varmı” sualına konkret cavab ala bilməməsi və  “aydındır, sizin üzr istəmək niyyətiniz yoxdur” deməklə sualını yekunlaşdırması, rəsmi Yerevanın nə əvvəllər, nə də sonralar problemin həllində konstruktiv mövqe bildirmədiyinin sübutudur ki, aparıcı sualını təkidlə təkrarlayaraq, baş nazirdən rasional açıqlama ala bilmədi.

 

Nəhayət, mövzunu çox uzatmadan, ən son diqqətimi çəkən məqamı əlavə edim: Stiven Sakurun müsahibə boyu verdiyi sualları bir-neçə dəfə təkrarlamaq məcburiyyətində qaldı, bu istər Ermənistanın işğal etdiyi ərazilərlə bağlı, Sakurun dili ilə desək, “provokativ” addımlarında, istərsə də Ermənistanın xarici siyasətində seçdiyi kursa aydınlıq gətirmə istəyində özünü büruzə verdi. Səbəbi isə çox sadədir. Ermənistan Respublikasının baş naziri “HARDtalk” proqramında siyasi elita nümayəndəsi kimi yox, reallıqlardan çox uzaq, paralel dünyada yaşayan və diplomatik etiket, davranış qaydalarından xəbərsiz biri qismində çıxış etdi.

 

 

Bilgin

 

apa-logo-mini

Digər xəbərlər