Koronavirusla mübarizədə Azərbaycan təcrübəsi: Hansı ölkələr istifadə edir? - TƏHLİL

Koronavirusla mübarizədə Azərbaycan təcrübəsi: Hansı ölkələr istifadə edir? - TƏHLİL
  • Clock-gray 14:34
  • calendar-gray 02 Aprel 2020

Bu gün dünyanın əsas bəlası, eyni zamanda mövzusu olan koronavirus pandemiyası həm də yeni təcrübələr yaratdı. Müharibələr, çətin vəziyyətlər adamları da, dövlətləri də tanımağa imkan verir. Belə vəziyyətlərdə ilk şərtlərdən biri panikaya məğlub olmamaq, bəlanın miqyasını real qiymətləndirmək, çevik idarəetmə ilə operativ və düzgün qərarlar qabul etməkdir. Soyuqqanlı və təcrübəli olmaq həmişə işə yarayır.

Dünyanın yeni bəlası qapını döyəndə Azərbaycan rəhbərliyi məhz belə etdi. Təmkinli, lakin çevik qərarlarla, bəlanın törədə biləcəyi faciənin miqyası dəqiq təhlil edilməklə mübarizə tədbirlərinə başlanıldı.

Azərbaycan hökuməti Operativ Qərargah yaratdı, gücləndirilmiş iş rejiminə keçdi, profilaktik və preventiv tədbirlər görüldü, sabit və ardıcıl məlumatlandırma, maarifləndirmə tədbirlərinə başlanıldı. Dövlət və xalq həmrəyliyinin işarəsi olan (milli təhlükəsizliyi təhdid edə biləcək belə günlərdə ən çox buna ehtiyac var) addımlar atılmağa başladı. Ən başlıcası, dövlət üçün büdcəsinə gələcək vergi, iqtisadiyyatının inkişafını göstərəcək rəqəmlərlə müqayisə olunmayacaq qədər qiymətli və dəyərli olan - Vətəndaşın sağ qalması, sağlamlıq faktorunun prioritet olduğu göründü. Vətəndaşın bunu hiss etməsi, öz üzərində anlaması isə belə vəziyyətdə çox mühüm olan əvəzsiz psixoloji dəstək rolunu oynadı.

Bu günlərdə Prezident İlham Əliyevin birbaşa nəzarəti və təşəbbüskarlığı ilə

atılan addımlar həm də növbəti Azərbaycan təcrübəsini yaratdı.

Teledərs və online dərs təcürbəsi

Azərbaycan koronavirusla mübarizədə ilk addım kimi bütün təhsil müəssisələrində dərsləri təxirə saldı. Amma çox qısa müddətdə tədris prosesi bərpa olunmağa başladı. Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 11-dən “Mədəniyyət” və “ARB Günəş” kanallarında ölkənin ümumtəhsil müəssisələrinin şagirdləri üçün teledərslərin yayımına başlanıldı. “Dərs vaxtı” adlanan teledərslər bütün sinifləri və əksər fənləri əhatə etməklə həm Azərbaycan, həm də rus bölmələri üçün əvvəlcədən elan edilmiş cədvələ uyğun təqdim edildi.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən də izləmək imkanı əldə etdilər.
Həmçinin, Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında 1920 videodərs yerləşdirildi.
Aprelin 2-dən isə Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi çərçivəsində canlı online dərslərə start verildi. Eyni zamanda şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə bildilər. Online dərslər təkcə orta məktəblərə deyil, həm də ali təhsil müəssisələrinə şamil edildi.

Azərbaycanın bu təcrübəsinin öyrənilməsinə başlandı və proses hazırda davam edir. Artıq Ukrayna və Gürcüstanda təcrübənin istifadə olunmasına başlanıb. Ukrayna Prezidenti Vladimir Zelenski özü bu barədə məlumat verib.

Koronovirusla Mübarizəyə Dəstək Fondu təcrübəsi

Azərbaycanın Koronovirusla Mübarizəyə Dəstək Fondu yaratması ideyası da artıq geniş təcrübəyə çevrilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan, özünün və Birinci Vitse Prezident Mehriban Əliyevanın bir illik maaşını ianə etdiyi fonda vətındaşlar, iş adamları, dövlət qulluqçuları, şirkətlər ianələrlə qoşuldular. Artıq fondda 100 milyon manatdan artıq vəsait toplanıb. Belə günlərdə mühüm məsələrdən biri milli və vətəndaş həmrəyliyinin mövcudluğu, bunu cəmiyyətin bir daha hiss etməsi, hər kəsin Vətən üçün, cəmiyyət üçün əlindən gələni edə bilməklə öz bacarığını və hissini nümayiş etdirməsidir. Bu Fond məhz həmin hisslərin, davranışların, cəmiyyətin bütövlüyünün göstəricisi kimi çox vacib stimul oldu. Azərbaycandan sonra Rusiya, Türkiyə və digər ölkələrdə də eyni məzmunlu fondlar yaradıldı. Həmin ölkələrdə də dövlət rəhbərləri, iş adamları, vətəndaşlar eynilə bu fondlara ianələrlə cəmiyyətlərinə mesajlar verdilər.

Azərbaycan təcrübəsindən yazırlar

Ukrayna Ali Radasının deputatı Borislav Berezanın nv.ua saytında yayımlanan “Koronavirusla mübarizə. Bunu Azərbaycanda necə edirlər?” məqaləsində elə bu cür də qeyd edir: “Koronavirusla mübarizə çərçivəsində Azərbaycan təcrübəsi Ukraynada tətbiq edilə bilər. Mən, ümumiyyətlə, Azərbaycan rəhbərliyini ideallaşdırmıram, amma onların işində bir strategiya və sistem görürəm”.

Ukraynalı deputat Azərbaycan Prezidentinin koronavirusla mübarizədə gördüyü işləri qeyd edib: “Hazırda Azərbaycanda koronavirusun yoxlanması üçün mütəşəkkil testlər aparılır. Bu, pulsuzdur. Koronavirusun dünyada sürətlə yayılması və qonşu ölkələrdə meydana çıxması ilə əlaqədar Azərbaycanda COVID-19-la mübarizə üçün xüsusi laboratoriyalar yaradılıb. Bundan əlavə, virusa yoluxma şübhəsi meydana çıxarsa, Azərbaycanın istənilən bölgəsinə tez bir zamanda gedib təcili müayinə aparmaq iqtidarında olan səyyar laboratoriyalar təşkil olunub. Sənaye müəssisələrinin yenidən yönləndirilməsi çərçivəsində Azərbaycanda tibbi maskalar istehsal edən müəssisələr açılır. Bu, dövlətin dəstəyi ilə həyata keçirilir. Azərbaycan öz mövqeyində 16 pillə irəliləyərək ABŞ-ın "İrs Fondu"nun "İqtisadi Azadlıq İndeksi" reytinqində 44-cü yeri tutub. Ukrayna bu reytinqdə 147-ci yerdə - Qambiya, Argentina və Mikroneziyanın arasındadır. Bu, həm də büdcəni artırmaq üçün dövlət siyasətinin bir hissəsidir ki, daha sonra pulu koronavirusla mübarizəyə xərcləyə bilsin. Qarşıdakı günlərdə təsdiqlənməli və tətbiq olunmalı bir sıra tədbirlər var. Vergi güzəştlərindən tutmuş koronavirus epidemiyası zamanı müəllimlərə xüsusi qayğının göstərilməsinə qədər. Bütün bunlar problemin həllinə sistemli bir yanaşmanın olduğunu göstərir. Azərbaycanlılar daha az narahatdırlar. Onlar, sadəcə, bu mübarizədə sağ qalmağa hazırlaşırlar və dövlət bunun üçün onları təmin etməyə hazırdır. Hökumətimiz bunu öyrənməlidir”.

Ukraynalı jurnalist Aleksandr Demçenko da lb.ua saytında yayımlanan məqaləsində Azərbaycan təcrübəsinə istinad edib: “Məsələn, Azərbaycan nə etdi? Bakı koronavirusun yayıldığı ölkələrdən gələn vətəndaşların əvvəlcə hava limanında yoxlanışdan keçməsi üçün bir sistem yaratdı. Gələnlər sadəcə orada "saxlanılmadı". Təyyarələr hamısı eyni zamanda gəlmədi, əksinə infeksiyanın yayılmasının qarşısını almaq üçün təyyarələr növbəli şəkildə gəldi. Bundan əlavə, gələn vətəndaşların hamısı mütləq müşahidə altına alındı. Bu məqsədlə dörd-beş ulduzlu otel ayrılıb. Vətəndaşlar bunun üçün bir qəpik də ödəmirlər, bütün xərcləri dövlət öz üzərinə götürüb”.

Daha sonra jurnalist qeyd edir: “İndi ölkədə koronavirusla mübarizəni dəstəkləyən bir fond var. Onun ehtiyacları üçün bir milyard manatdan çox vəsait ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva ayrı-ayrılıqda illik maaşlarını fonda köçürüblər. Həm də qeyd etmək lazımdır ki, fonda təkcə dövlət hesabına ödənişlər olmur. Hazırda orta və kiçik şirkətlər, banklar və digər özəl qurumlar tərəfindən fonda 10 manatdan 2 milyon manata qədər köçürmələr edilir və bu proses davam edir. Bu səylər sayəsində fonda 100 milyon manatdan çox könüllü ianə köçürülüb. Düşünürəm ki, Azərbaycan ən sağlam strategiyanı seçdi... Artıq bütün Azərbaycan karantindədir. Ölkədə çaxnaşma yoxdur. Dövlət qurumlarına etibar və onların yalnız buraxılmayacağına dair bir inam var”.

Xatırladaq ki, bir müddət əvvəl Prezidentin köməkçisi Hikmət Hacıyev də bildirib ki, digər dövlətlər tərəfindən Azərbaycanın indiyə qədər olan təcrübəsi öyrənilir, bununla bağlı müxtəlif ölkələr tərəfindən müraciətlər olub...

... Görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına ümid yaradır. Amma bu çətin günlər yeni, daha böyük bir təcürbə qazandırdı...

Biz birlikdə güclüyük!

APA Analitics

apa-logo-mini

Digər xəbərlər