Rusiyalı hərbi ekspert: "KTMT-nin təcili iclasının təxirə salınması Ermənistanın təcrid olunduğunu göstərir"

Rusiyalı hərbi ekspert: "KTMT-nin təcili iclasının təxirə salınması Ermənistanın təcrid olunduğunu göstərir"
  • Clock-gray 16:25
  • calendar-gray 14 İyul 2020

"Ermənistan-Azərbaycan münaqişənin sülh yolu ilə həlli yoxdur. Bu gün baş verənlər də bunun sübutudur. Uzun zaman idi ki, münaqişənin həlli ilə bağlı ciddi danışıqlar da aparılmırdı. Ona görə də gec-tez bu toqquşmalar baş verməli idi”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində tanınmış rusiyalı hərbi siyasi ekspert Pavel Felgenhauer Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edərkən bildirib.

O, tərəflərdən hansınınsa genişmiqyaslı müharibənin tərəfdarı olmadığını deyib: “Ona görə də toqquşmalar bütün cəbhəboyu getmir. Lakin toqquşmaların indiyədək davam etməsi çox təhlükəlidir, münaqişənin daha da dərinləşməsini mümkün edir. Bu səbəbdən də bir sıra beynəlxalq qüvvələr indidən buna maneə olmağa çalışırlar. Artıq BMT baş katibi bəyanatla çıxış edib. Əlbəttə ki, Rusiya da diplomatik yollarla prosesə təsir göstərir".

Rusiyalı hərbi ekspert münaqişənin alovlanmasına səbəb kimi beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyini göstərib: "Əlbəttə, heç nə eləməsən, heç bir addım atmasan, bu baş verməliydi. Beynəlxalq ictimaiyyət münaqişənin nizamlanması ilə bağlı indiyə kimi heç bir mexanizm tapmayıb. Son illər demək olar ki, heç bir ciddi danışıqlar aparılmırdı. Uzun illər bir-birinə qarşı mübarizə aparan ordular qarşı-qarşı dayananda, o silahdan əlbəttə ki, atəş açılacaqdı. O ki qaldı kimin birinci başlamasına, artıq bunun əhəmiyyəti yoxdur. Müharibənin tərəflərdən kimə sərf etməsinə gəldikdə isə, məncə, heç kimə müharibə sərf etmir. Lakin bu, müharibənin başlamaması üçün əsas arqument deyil".

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Azərbaycanla müharibəyə sürükləmək planına toxunan Pavel Felgenhauer bunun boş yerə olduğunu bildirib: "KTMT-də heç bir ölkə bu münaqişəyə müdaxilə etməyəcək. Qazaxıstan, Qırğızıstan, Belarus Azərbaycana qarşı ordu göndərəcək? Heç vaxt! Heç bir halda bu baş verə bilməz. O ki qaldı Rusiyaya, bəli Rusiya regionda mövcuddur. Ermənistanda Rusiya qoşunları var. Lakin Rusiya üçün Ermənistan-Azərbaycan münaqişəsinə Ermənistan tərəfindən müdaxilə etmək maraqlı deyil. Rusiya bu iki ölkə ilə bərabər səviyyədə əlaqə qurmaq istəyir. Bəli, Moskva Cənubi Qafqaz regionunda yenə söz sahibi olmaqda iddialıdır. Bununla belə, Rusiya münaqişə tərəflərinin heç birinin yanında olmaq istəmir, olmayacaq da. Bu, birmənalı belədir. Ona görə də Rusiya hələlik atəşi dayandırmaq üçün diplomatik təzyiq göstərir".

Rusiyalı ekspert Ermənistan KTMT üzvü kimi bu qurumun müdaxilə etməsini istəməsinin təbii olduğunu vurğulayıb: "Lakin KTMT-nin heç bir üzvü buna razı olmayacaq. KTMT-nin müdaxiləsi heç Rusiyaya da lazım deyil. KTMT-nin təcili iclasının əvvəl çağırılması, sonra da qeyri-müəyyən müddətə təxirə salınması da bunu göstərir. Heç kəs nə Rusiyanı, nə də KTMT-nin digər üzvlərini Azərbaycana qarşı vuruşmağa məcbur edə bilməz. Məncə, KTMT-nin təcili iclasının təxirə salınması qərarı da Moskvada qəbul olunub. Bu, onu göstərir ki, Ermənistan hazırda təcrid olunmuş vəziyyətdədir. Hərbiləşdirilmiş KTMT-nin bu münaqişəyə qoşulması quruma üzv dövlətlərə maraqlı deyil. İkinci bir tərəfdən, KTMT-nin təcili iclası çağırılsa belə, orada ancaq məsləhətləşmələr olacaq, heç bir hərbi siyasi qərardan söhbət gedə bilməz. Hər bir üzv ölkə öz milli və suveren maraqları baxımından bu iclasda öz qərarını verəcək. Bir daha qeyd edirəm ki, Rusiyaya münaqişəyə hərbi müdaxilə etmək tamamilə maraqlı deyil. Bütün hallarda Rusiya bu münaqişəyə müdaxilə etmək istəməz. Çünki Azərbaycanla konfrontasiyaya girmək Moskvanı qane etmir. Digər bir məqam isə ondan ibarədir ki, burada Türkiyə, İsrail və ümumilikdə Qərb-ABŞ və Avropa Birliyi faktorları var". 

Fərid Əkbərov

Digər xəbərlər