Sözdə yox, əməldə islahat: Prezidentin Milli Məclisin tribunasından verdiyi mühüm mesajlar - TƏHLİL

Sözdə yox, əməldə islahat: Prezidentin Milli Məclisin tribunasından verdiyi mühüm mesajlar - TƏHLİL
  • Clock-gray 14:38
  • calendar-gray 11 Mart 2020

Yeni seçilmiş Milli Məclisinin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi bir növ son dövrdə ölkədə aparılan ciddi islahatlara verilən dəyərləndirmə idi. Dövlət başçısı proqram xarakterli çıxışında vurğuladı ki, növbədənkənar parlament seçkiləri demokratik keçirilib, səsvermənin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib, qanunverici orqan çoxpartiyalılıq prinsipi əsasında formalaşıb. Dövlət başçısı qeyd edib ki, bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək olub. “Hesab edirəm ki, seçki prosesi uğurla keçdi və bu dəfə seçkilərə çox böyük maraq göstərilib. Bunun əyani sübutu odur ki, bu seçkilərdə 1300-dən çox namizəd iştirak edib. Əlbəttə ki, bu namizədlər fəal iş apararaq öz fikirlərini, baxışlarını, ideyalarını seçicilərə azad şəkildə çatdıra biliblər. Bütün namizədlər üçün bərabər şərait yaradılıb, heç bir ayrı-seçkiliyə yol verilməyib. 1300-dən çox namizədin olması, əslində, seçkilərə onlar tərəfindən göstərilən etimadın təzahürüdür. Hesab edirəm ki, bütövlükdə seçki prosesi həm uğurla keçib, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalıb, seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatların nümayəndələri, müşahidəçilər ölkəyə dəvət edilib və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirib: “Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndiriblər və bəyan ediblər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir. Bunu bəyan edən beynəlxalq müşahidəçilər, əlbəttə ki, reallığı əks etdirir”.

Ölkə rəhbəri vurğulayıb ki, Azərbaycanda seçki prosesinə həmişə ikili standartlar prizmasından yanaşan və qeyri-obyektivliklə fərqlənən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və onun təsiri altında olan bəzi qurumlar isə bu dəfə də hansısa qüsurları qabardıb, onları böyük hadisə kimi təqdim etməyə çalışıb.

Dövlət başçısı bu barədə danışarkən yeni seçilmiş deputatlar qarşısında mühüm vəzifələr dayandığını bildirib. Prezident deputatların beynəlxalq tədbirlərdə, görüşlərdə fəal olmasının vacibliyini vurğulayıb, bunu onların qarşısına vəzifə kimi qoyub. "Beynəlxalq təşkilatlar çərçivəsində bizim fəaliyyətimiz daha məqsədyönlü olmalıdır. Orada bizi təmsil edən deputatlar fəal olmalıdırlar, turist kimi getməməlidirlər, sonra hesabat verməlidirlər ki, nə iş görmüsən, kiminlə görüşmüsən, hansı məsələni qaldırmısan. Yoxsa bəzi hallarda bu, turist səfərlərini xatırladır. Getdik, görüşdük, oturduq, danışdıq, yedik, qayıtdıq. Özü də bəzi səfərlər, ümumiyyətlə, qəbuledilməzdir. Mən bu  gün bu haqda çox danışmaq istəmirəm, amma bilirəm nə baş verir, hansı hadisələr baş verir" deyən ölkə başçısı beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmağının zəruriliyini diqqətə çatdırıb, deputatları mübariz olmağa çağırıb: ”O təşkilatlarda ki bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni, onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Hansısa  məsələni kəskinləşdirmək istəmirəm bəhanəsi ilə kənara çəkilmək yox, əksinə, öz sözünü demək lazımdır. Qərəzli yanaşmanı ifşa etmək lazımdır. Necə ki, mən daim bunu edirəm və kifayət qədər faktlar var. Bunu demək üçün siyasətçi olmaq lazım deyil. Adi vətəndaş bunu görür televiziyada. Baxın, bizə demokratiyadan dərs vermək istəyənlər hansı cinayətlər törədirlər. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər. Jurnalistləri əsassız ittihamlarla həbs edirlər, çürüdürlər onları. Göz qabağındadır, dinc nümayişçiləri itlərlə, atlarla dağıdırlar. Bir ölkədə yox, iki ölkədə  yox, demək olar ki, bu, indi bizi tənqid etmək istəyən məkanda kütləvi hal alıb. Müsəlman miqrantlara qarşı baxın, necə münasibət göstərilir. Onları XXI əsrdə itlərlə əzirlər, qəfəsə salırlar. Sona isə qəfəsə yemək parçaları atırlar, heyvan kimi. Budurmu münasibət?!”

Burda vurğulamaq yerinə düşər ki, dünyanın müxtəlif ölkələri miqrant problemi ilə üz-üzə qalıb, bu ölkələrdə miqrantlar çətin durumdadır. Ən acınacaqlısı isə odur ki, Türkiyədən fərqli olaraq heç bir ölkə bu problemin həlli üçün hər nası səy göstərmir, əksinə, miqrantlara qarşı qeyri-insani rəftarları ilə diqqət çəkirlər. Dünyada mövcud olan bu problem fonunda, Azərbaycanda sabitlik, milli həmrəylik hökm sürür. Mövcud sabitliyin əsasında həm də miqrasiya proseslərinin hüquq normalarına uyğun idarə edilməsi kimi şərtlərin dayandığını söyləmək olar.

Azərbaycan Prezidenti çıxışında seçkidə əldə olunmuş uğurlarla yanaşı, çatışmazlıqlardan da danışıb, bu isə dövlət başçısının prosesə obyektiv yanaşmasının göstəricisidir. Prezident Əliyev bildirib ki, heç bir seçki qüsursuz olmur, bu dəfə də qüsurlar olub və 4 dairənin nəticələrinin ləğv edilməsi onu göstərir ki, bu qüsurların olmamasında Azərbaycan özü maraqlıdır. Dövlət başçısının sözlərinə görə, seçkidən sonrakı proseslər bir daha onu göstərir ki, bizim əsas niyyətimiz Azərbaycan xalqının öz seçki hüququndan azad şəkildə istifadə etməsi, bəyəndiyi namizədə səs verməsi, beləliklə, öz fikrini və öz siyasi iradəsini ifadə etmədirir. “Bütövlükdə biz buna nail olmuşuq və seçkilərdən sonra artıq müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb. Bizim üçün əsas məsələ bundan ibarətdir”, - deyə Prezident vurğulayıb.

Ölkə başçısı çıxışında növbədənkənar parlament seçkilərinin keçirilməsi və əldə olunan konkret uğurlardan danışarkən qeyd edib ki, yenilənmə həm mövcud parlamentin tərkibində, həm də ali qanunvericilik orqanının rəhbərliyində - spiker və onun müavinləri, komitə sədrlərinin formalaşması prinsipində də özünü göstərib. Müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq qadın parlamentin sədri seçilib.

Dövlət başçısı ilk dəfə olaraq parlament rəhbərliyinin çoxpartiyalılıq prinsipi əsasında formalaşmasına diqqət çəkib: “6-cı çağırış Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunurlar. Bitərəflər və azlıqda olan partiyaların nümayəndələri də Milli Məclisin daimi komitələrinə sədr seçildilər.

Ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirilməsi məqsədi daşıyır”.

Qeyd edək ki, parlamentin rəhbərliyinin, komitə başçılarının müxtəlif partiya təmsilçiləri və müxtəlif siyasi dünyagörüşünə malik şəxslərdən ibarət olması bu istiqamətdə aparılan bütün demaqogiyaya da son qoyur. Parlamentdə müxalifət partiyası olaraq təmsil edilən Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Fəzail İbrahimlinin vitse-spiker postunu tutması, digər müxalifətçilərin komitələrin rəhbərliyinə seçilməsi faktı qanunverici orqanın tam demokratik əsasda formalaşmasına dəlalət edir.

Prezident Əliyevin də qeyd etdiyi kimi, parlamentin bugünkü tərkibi aydın göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də böyük zərurət var idi: “Milli Məclisin yeni tərkibi onu deməyə əsas verir ki, parlament ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək. Qanunlar qəbul olunarkən, iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır”.

Ölkə rəhbəri öz nitqində yeni seçilmiş deputatlara tövsiyələrini də verib. Dövlət başçısı qeyd edib ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Milli Məclis üzvləri beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etməlidirlər.

Onu da vurğulayaq ki, dövlət başçısının çıxışında diqqəti çəkən məqamlardan biri də müxalifətlə dialoq və əməkdaşlıq çağırışı oldu: “Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında müntəzəm dialoq mövcuddur. Prezident Administrasiyasının yeni strukturunda yaradılan müvafiq şöbə tərəfindən ayrı-ayrı partiya, o cümlədən müxalifət partiyalarının nümayəndələri ilə keçirilən görüşlər bunu bir daha aydın göstərir.  Azərbaycanın daxili problemləri ölkə daxilində həll olunmalıdır, Vətən və dövlətçilik naminə bütün siyasi qüvvələr onların həllinə birlikdə öz töhfələrini verməlidirlər.  Problemlərin ölkə hüdudlarından kənara çıxarılması və ölkəmizi istəməyən xarici qüvvələrin əlində Azərbaycana qarşı vasitəyə çevrilməsi yolverilməzdir. Azərbaycan daim müstəqil, prinsipial və öz milli maraqlarına uyğun siyasət yürüdür. Heç bir qüvvə Azərbaycan dövlətinə təzyiq göstərə bilməz”.

Nitqində siyasi dialoq üzərində xüsusi dayanan Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, Prezident Administrasiyasının nümayəndələrinin son vaxtlar siyasi qüvvələrin rəhbərləri ilə görüşləri barədə ona müntəzəm olaraq məruzə edilir. “Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir” deyən dövlət başçısının sözlərindən aydın olur ki, o, bu prosesin aparılmasında maraqlıdır və bunu diqqətdə saxlayır.   

Bu yerdə xatırladaq ki, son günlər Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkənin əksər partiyalarının, o cümlədən müxalif mövqedə olan partiyaların sədrləri ilə görüşlər keçirib.

İctimai rəydə “radikal müxalifət” kimi tanınan AXCP və Müsavat rəhbərliyi də belə görüşlərə dəvət edilib, lakin onlar bu görüşlərdən imtina ediblər.

Siyasi dialoq mühitinin yaradılması üçün addımların atılmasının ölkə başçısının tapşırıqları əsasında həyata keçirildiyi məlumdur. Prezident Əliyev problemləri həll etmək istəyir və açıq bəyan edir ki, heç bir kənar qüvvə Azərbaycana təzyiq edə bilməz. Problemlər ölkə daxilində öz həllini tapmalıdır və hakimiyyət bütün məsələlərdə dialoqa və müzakirələrə hazırdır. İqtidar ölkə daxilində hər kəsə barışıq jesti edir. Konstruktiv danışıqlara hazır olmayan qüvvələrin bu jesti dəyərləndirə bilməməsi isə artıq onların öz problemi sayılmalıdır. Prezident çıxışında buna da toxunub, bildirib ki, yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina edib. “İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaq”, - deyə dövlət başçısı diqqətə çatdırıb.

Ölkə başçısı çıxışında gənclərlə bağlı görülməli olan işlərə də toxunub. Azərbaycanın gələcəyinin gənclərə bağlı olduğunu deyən Prezident xüsusi olaraq qeyd edib ki, gənclər dövlətimizin müstəqil siyasətinə sadiq və vətənpərvər ruhda yetişməlidir, onları ayrı-ayrı dairələrin təsirinə düşməkdən qorumaq lazımdır. Əvvəlki çıxışlarında olduğu ki, dövlət başçısının bu çıxışından da aydın görünür ki, o, gənclərə çox güvənir, ölkənin gələcəyini onlarda görür, ancaq eyni zamanda sağlam, vətənpərvər gəncliyin yetişdirilməsini qarşıya prioritet vəzifə kimi qoyur.

Diqqətdən qaçmayan daha bir məqam isə ölkə rəhbərinin yenə də birbaşa xalqla təması strategiyasına sadiq qalmasıdır: ”Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər".

Ölkə başçısı çıxışında islahatların davam edəcəyini növbəti dəfə də vurğulayıb: “İslahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Son müddət ərzində Prezident Administrasiyası demək olar ki, tam yeni tərkibdə formalaşıb və yeni şöbələr yaradılıb. Bu şöbələrin yaradılması, eyni zamanda, dediyim sözləri bir daha təsdiqləyir, bizim niyyətimizi təsdiqləyir. Nazirlər Kabineti yeni tərkibdə formalaşıb. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə kadr islahatları aparılıb, yerli icra orqanlarında bu islahatlar aparılır və aparılacaq. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaq, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın. Ona görə islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. İcra strukturlarına mənim tərəfimdən göstəriş verilib ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir”.

Beləliklə, Prezident  İlham Əliyev islahatların sistemli şəkildə davam edəcəyini növbəti dəfə bəyan etdi. Artıq yeni mərhələyə keçən islahatlar sayəsində Azərbaycanın uğurla sosial dövlət modelinə transformasiya olunduğunu və bu siyasətin davam edəcəyini vurğuladı. Ölkədə ciddi dəyişikliklər və islahatlar davam edəcək. İndiyədək yürüdülən siyasətdən aydın görünür ki, islahatlar söz olaraq qalmayacaq, real şəkildə icra olunacaq. Qısa zaman kəsiyində Prezident Əliyev ölkənin icra strukturunu dəyişə bilib, köklü yenilənmələr var. Yeni, növbədənkənar parlament seçkiləri isə islahatların daha uğurla davam edəcəyinə şərait yaradacaq. Dövlət başçısının islahatlar konsepsiyası artıq real nəticələrini verməkdədir və bu proses davam edəcək.

APA Analytics

apa-logo-mini

Digər xəbərlər