Tekstil sənayesinin Türk Şurası ölkələrinin inteqrasiyasında rolu - TƏHLİL

Tekstil  sənayesinin Türk Şurası ölkələrinin inteqrasiyasında rolu - TƏHLİL
  • Clock-gray 12:03
  • calendar-gray 09 İyul 2020

Bu gün də vacib tekstil məhsulu hesab edilən xalça tarixən türk toplumlarının həyatının hər sahəsində böyük bir əhəmiyyətə sahib olub. XX əsrin ortalarında Altay dağlarında yerləşən Pazırıq kurqanlarında aparılan arxeoloji tədqiqat nəticəsində tapılmış eramızdan əvvəl 5 və 6-cı əsrə aid olan xalça nümunələri bunu sübut edir. Tarixi İpək Yolunun üzərində yerləşən bu ölkələrin ticarətində xalçaçılıq, ipəkçilik, pambıq və digər bu kimi sahələrə aid məhsullar xüsusi çəkiyə malik olub. İndiki dövrdə ticari əlaqələr yenə də Tarixi İpək yolunun çərçivəsində artıq müasir tələblərə uyğun iş bölgüsü və keyfiyyətli xammala ehtiyacın təmin olunmasında öz təzahürünü tapa bilər. Dünyada ən rəqabətli sahələrdən biri hesab olunan tekstil sənayesi hal-hazırda Türk Şurası ölkələrinin iqtisadiyyatında önəmli yer tutur. Belə ki, bu sənayenin inkişafı üçün gərəkli olan əsas resurslara (keyfiyyətli xammal və işçi qüvvəsi, ucuz enerji resursları, hədəflənən ixrac bazarlarına yaxınlıq, logistika infrastrukturu) malik olan bu ölkələr sektorun gələcəyi baxımından böyük potensial vəd edir. Tekstil sənayesinin əsas xammalı olan pambığın istehsalı və ixracı baxımından da çoxillik mədəniyyətə sahib olan Türkiyə (988 min tonla dünya altıncısı1, Özbəkistan (640 min tonla dünya yeddincisi2) və Türkmənistan (300 min tonla dünya onuncusu3) dünyada ixracata görə ilk onluqda qərarlaşır.

Ölkələr üzrə tekstil sənayesinin vəziyyətinə ümumi baxış:

Özbəkistan

Tarixi pambıqçılıq regionu olmuş və Sovet İttifaqı zamanı ən böyük pambıq istehsalçısı olan Özbəkistan son illərdə pambıq ixracatını azaldaraq, bunu ölkə içində öz tekstil sənayesi üçün xammal olaraq istifadə etməkdədir. Dövlət yerli istehsalatı artırmaq niyyətilə yerli və xarici sahibkarlar üçün müxtəlif təşviq proqramlarıyla çıxış edir. Ölkədə türk sahibkarlar tərəfindən investisiya qoyularaq yaradılmış çoxsaylı tekstil müəssisələri fəaliyyət göstərməkdədir. 2018-ci ildə təqribən 1,2 milyard dollarlıq4 tekstil məhsulu ixrac edən Özbəkistan bir sıra təşviqedici layihələrlə 2019-2025-ci illər arasında bu rəqəmi 7 milyard dollara5 çatdırmağı hədəfləyib.

Türkmənistan

Tekstil sənayesi Türkmənistanın qaz və neft ixracından sonra ən çox gəlir gətirən 2-ci sahəsidir. Müstəqillik illərindən bu günədək tekstil sektoruna 2 milyard dollar həcmində investisiya6 qoyularaq, ölkədə iş qüvvəsinin önəmli qismi istehsalata cəlb olunmuşdur. Türkmənistan sadəcə xammalla deyil, həmçinin xammal məhsulları üzərində əlavə dəyər yaradaraq ixrac potensialını artırmaqdadır. Ölkədə mühüm irsi dəyər hesab olunan xalça toxuma sahəsinə böyük önəm verilir və Türkmənistanın Xalı Nazirliyinin nəzdində fəaliyyət göstərən Türkmənxalı Dövlət Qurumu ölkənin bütün əyalətlərində xalça emalı üçün geniş şəbəkə yaratmışdır. Dərisi və yunu baxımından məşhur olan qaragül sortu qoyunçuluq da ölkədə inkişaf etmişdir. Məhz bu növdən hazırlanan müxtəlif geyimlər çox məşhurdur. Türkmənistanda tekstil sənayesinə ən çox qoyulan xarici sərmayə Türkiyə mənşəlidir. Ölkədə son texnologiyalara uyğun, 100% ekoloji cəhətdən təmiz məhsullar istehsal edən tekstil müəssisələri (sap fabrikləri, parça zavodları və s.) fəaliyyət göstərir.  Belə ki, ölkənin tekstil sənayesinin məhsulları (pambıq da daxil)  ABŞ, Kanada, Rusiya və İngiltərə başda olmaqla 100-dən çox ölkəyə ixrac edilir. 2018-ci ildə Azərbaycan və Türkmənistan arasında Lapis Lazuli marşrutunun açılması, eləcə də digər nəqliyyat infrastrukturları Türkmənistan məhsullarının daha qısa zamanda Türkiyə və Avropa bazarlarına çıxmasında önəmli rol oynamış və tekstil sənayesində yüksək rəqabət kriteriyalarından hesab olunan məhsulların daşınma vaxtını və yolunu qısaldaraq ölkəyə yeni imkanlar qazandırmışdır.

Azərbaycan

Son illərdə Azərbaycan tekstil sənayesinin inkişafına xüsusi diqqət ayırıb. Ölkədə zəngin tarixi ənənələrə malik ipəkçilik, pambıqçılıq və digər tekstil sənayesinin alt sektorları bərpa olunaraq inkişaf etdirilir. Bu məqsədlə ölkə xarici satış bazarlarına fokuslanaraq ixracat həcmlərini ilbəil artırmaqdadır. 2019-cu ildə 124 milyon dollarla7 pambıq mahlıcı ölkənin qeyri-neft malları ixracı üzrə 4-cü yerdə qərarlaşır. Azərbaycan da  yuxarıda adları çəkilən digər ölkələr kimi həm pambıq həm də tekstil sənayesinin digər çoxçeşidli məhsulları ilə daxili bazarın tələbatını ödəyir, habelə son texnologiyalara cavab verməklə Avropa, Rusiya və digər regionlara ixrac edir.

Türkiyə

Tekstil sənayesi yuxarıda adı keçən ölkələrə nisbətən Türkiyə Respublikasında daha güclü inkişaf etmişdir və ölkə iqtisadiyyatının lokomotiv sahələrindən biridir. Belə ki, bu sahə ölkə ixracatının 17%-ni təşkil edir və ölkə əhalisinin məşğulluğunda ilk sırada yer tutur. Əsas xammal - pambıq ehtiyacının yarısına qədəri yerli istehsal hesabına qarşılansa da, Türkiyə, illik 700 min tonla (2019-cu ildə) dünyada ən çox pambıq idxal edən 6-cı ölkədir. Türkiyə pambığı əsasən  ABŞ (50%), Braziliya (12%) Yunanıstan (9%), Türkmənistan (5%) və Azərbaycandan (5%) idxal edir8. Ölkə eyni zamanda parça istehsalında istifadə olunan avadanlıq və boyaq maddələrinin təminatında xaricdən (əsasən Avropa) asılıdır. 2007-ci il etibarilə Avropa Birliyi bazarına kvotasız ixracat həyata keçirməyə başlayan Çin qarşısında Türkiyə, keyfiyyəti aşağı salaraq qiymətdə rəqabət etmə yolunu deyil, markalaşma və məhsullar üzərində əlavə dəyər yaratma yolunu seçmişdir9.

Regional inteqrasiyanın ölkələr üçün faydaları

Getdikcə qloballaşmadan regionlaşma müstəvisinə keçid edən ümumdünya ticarət sisteminin tələbi və diktəsi ilə, ölkələrin iqtisadi sektorları arasında regional inteqrasiya artıq məcburi xarakter daşıyır və bir çox sahələr, eləcə də tekstil sənayesi üçün olmazsa olmaz seçimə çevrilmişdir. Xüsusilə rəqabət gücünü artırmaq üçün regional inteqrasiya önəmli bir strategiyadır. Regional inteqrasiyanın əsas motivi ixrac məhsullarını şaxələndirmək, istehsalçılar üçün satış və mənfəətləri artırmaq, istehlakçı qruplarına uyğun qiymət siyasəti tətbiq etmək, ölkələrin Ümumi Daxil Məhsul göstəricilərini və əhalinin məşğulluğunu artırmaqdır. Tekstilin strateji xammalı olan pambıq bitkisi əlavə dəyər yaratma və məşğulluq baxımından böyük iqtisadi önəmə sahib bir məhsuldur. Pambıq, emal baxımından pambıqtəmizləmə sənayesinin, lifi ilə tekstil sənayesinin, toxumu ilə qida, yağ və yem sənayesinin və linteri ilə də kağız sənayesinin xammalıdır. Tekstil sənayesi də öz növbəsində kənd təsərrüfatı və heyvandarlıq, neft-kimya, tibb, inşaat və avtomobil sənayesi ilə qarşılıqlı əlaqədədir. Tekstildə baş verən hər hansı bir inkişaf bu sektorlara da qısa, orta və uzun vədədə fayda gətirəcəkdir. Sözügedən ölkələr arasında regional inteqrasiyanı reallaşdırmaq üçün vacib olan məqamlara diqqət yetirsək görərik ki:

Dünya bazarında bu sahədə çox önəmli bir oyunçu olan Türkiyə daxili istehsalatı üçün ABŞ və Braziliyadan (birlikdə ümumi idxalının 62%-i) tədarük etdiyi pambığın müəyyən bir qismini Özbəkistan və ya Türkmənistandan da ala bilər. Bu, ölkələr arası tədarük zəncirinin qurulması üçün önəmli addım ola bilər. Türkiyənin qabaqcıl tekstil sənayesini Türkmənistan və Özbəkistanın zəngin xammalı ilə təmin etmək üçün əlverişli nəqliyyat infrastrukturu da mövcuddur. Bu yolda Azərbaycan və Türkmənistan  arasında olan mövcud marşrutlardan istifadə, daşınma sürətini önəmli dərəcədə  artırıb. Türk Şurasının önəmli pambıq istehsalçısı olan Özbəkistan və Türkmənistan da Türkiyəyə yönəlik pambıq ixracatında hər hansı bir güzəştli siyasət yeritsələr, bu proses regional inteqrasiyaya öz töhfəsini verər.

Özbəkistan və Türkmənistanda  son illərdə fəaliyyət göstərməyə başlamış zavod və fabriklərdə yüksək texnologiya ilə sap və parça istehsal olunur. Bu məhsullar öz növbəsində Türkiyə markaları üçün xammal rolunu oynaya bilər.

Coğrafi baxımdan Orta Asiya və Türkiyə arasında önəmli strateji qovşaqda yerləşən Azərbaycan, logistik depo olaraq öz mühüm rolunu oynaya bilər. Belə ki, Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Özbəkistan və Türkmənistandan Türkiyə və Avropaya dəniz daşımaçılığı ilə göndərilən xammal və yarımfabrikat tekstil məhsullarının saxlanılması üçün bütün vacib infrastruktur (warehouse) şəbəkəsi qurula bilər.

Bu istiqamətdə digər bir məsələ ondan ibarətdir ki, zəngin xammal ehtiyatı olan ölkələr bu məhsullar üzərində yüksək rəqabətə davam gətirə bilmək üçün tekstil texnologiyasına yönəlik araşdırmalara diqqət yetirməlidirlər.

Rəqabətdə yaradıcılıq (kreativlik) gərəkdirən tekstil sənayesində inkişaf etmiş qabaqcıl ölkələrin təcrübəsinə baxsaq moda tədbirlərinin bu sektorun inkişafında önəmli rol oynadığının şahidi olarıq. Azərbaycan bunu nəzərə alaraq moda və dizayn sahələrinin inkişafı üçün təşviqedici siyasət yürütməlidir. Moda və dizayn studiyalarının fəaliyyəti Türk ölkələrindəki gənclərin mədəni inteqrasiya prosesindəki rolunu sürətləndirməyə də xidmət edə bilər. Məhz bu məqsədlə bu ölkələrdə davamlı olaraq illik moda tədbirlərinin, eləcə də sərgi, konfrans və forumların keçirilməsi, bu sahədə təhsilin inkişafı inteqrasiya baxımından önəmli ola bilər. Bu proses həmçinin ortaq tarixi və mədəni bağlara malik olan bu ölkələr arasında  mövcud olan yüksək səviyyəli mədəni əməkdaşlığı artıraraq, regionun sürətli inteqrasiyasına təkan verər.

Tekstil Sənayesində dünyada mövcud olan əsas regional tədarük zəncirlərinə (Asiya, Avropa Birliyi və Amerika qitəsi) diqqət yetirdikdə sənayeyə aid məhsullar üçün heç bir gömrük tariflərinin olmaması diqqəti çəkir. Əgər sözügedən ölkələr gömrük tariflərini bu məsələdə tənzimləsələr, məhsulun maya dəyərini azaltmaqla qlobal rəqabətdə daha uğurlu ola bilərlər.

Hal-hazırda dünyada ən rəqabətli sahələrdən biri hesab olunan tekstil  sənayesi Türk Şurası ölkələrinin iqtisadiyyatında önəmli yer tutmaqda davam edir. Belə ki, bu sənayenin inkişafı üçün gərəkli olan əsas resurslara (keyfiyyətli xammal və işçi qüvvəsi, ucuz enerji resursları, hədəflənən ixrac bazarlarına yaxınlıq, logistika infrastrukturu) malik olan bu ölkələr sektorun gələcəyi baxımından böyük potensial vəd edir. Əgər ölkələrarası iqtisadi münasibətləri genişləndirmək məqsədilə yuxarıda sadalanan addımlar atılsa, nəinki ikitərəfli, eləcə də regionlararası inteqrasiya prosesi sürətlənmiş olar.

_________________________________________________________

1 Rəqəmlər 2018-2019- cu istehsalat ilinə aiddir.

2 Rəqəmlər 2018-2019- cu istehsalat ilinə aiddir

3 2018 Pamuk Raporu - T.C. Ti̇caret Bakanliği Esnaf, Sanatkârlar Ve Kooperati̇fçi̇li̇k  Genel Müdürlüğü

4 https://www.trademap.org/Product_SelProductCountry.aspx

5 Tekstil ve Hazır Giyim ve Konfeksiyon Sektörleri Açısından Özbekistan - Uludağ İhracatçı Birlikleri Genel Sekreterliği Ar-Ge Şubesi Ocak 2020

6 https://www.haberler.com/turk-sirketi-turkmenistan-da-yeni-tekstil-haberi/

7 http://iqtisadiislahat.org/store//media/documents/ixrac_icmali/2020/01_ExportReview-2020.pdf

8 2018 Pamuk Raporu - T.C. Ti̇caret Bakanliği Esnaf, Sanatkârlar Ve Kooperati̇fçi̇li̇k  Genel Müdürlüğü 

9 Journal of Technical Sciences Volume 9, Issue 1, 32-41, 2019  

Elmar Yusifli

 

apa-logo-mini

Digər xəbərlər