Türkiyə-Rusiya işbirliyinin yeni bəndi: "Türk axını" - TƏHLİL

Türkiyə-Rusiya işbirliyinin yeni bəndi: "Türk axını" - TƏHLİL
  • Clock-gray 19:04
  • calendar-gray 08 Yanvar 2020

Rusiya qazının Türkiyə  və Avropaya nəqlini nəzərdə tutan "Türk axını" boru kəməri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putinin iştirakı ilə istismara verildi.

Təməli 2017-ci ildə qoyulan "Türk axını" qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi isə Cənubi və Cənubi-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd. kubmetrdir.

“Türk axını” layihəsinin reallaşması həm Rusiya, həm də Türkiyə üçün vacibdir. Rusiya bu xətt vasitəsilə Türkiyə və Avropa bazarına daha çox qaz ixrac edəcək. Türkiyə isə bu layihə vasitəsilə bölgədəki rolunu artıracaq. Ankara həm Rusiyada qaz ala biləcək, həm də Rusiya qazının Avropaya nəql olunmasında tranzit ölkə rolunu oynayacaq. Bunun isə iqtisadi mənfəətləri olduğu kimi, siyasi dividentləri də kifayət qədərdir.  

Digər mühüm amil odur ki, “Türk axını” Rusiyanın öz qazını Avropaya ixrac etməsi üçün alternativ marşrut rolunu oynayacaq. İndiyədək Rusiya qazı, əsasən, Ukraynadan keçməklə Avropa ölkələrinə çatdırılırdı. Rusiya ilə Ukrayna arasında münasibətlərdə müşahidə olunan məlum gərginlikdən sonra qaz ixracı məsələsində iki ölkənin müvafiq şirkətləri zaman-zaman problemlər yaşayır. Bəzi hallarda isə məsələ hətta beynəlxalq məhkəmələrə qədər gedib çıxır. Bu baxımdan “Türk axını” Rusiya üçün həm də Avropaya qaz ixrac etmək üçün alternativ layihələrdən biridir.

Ümumilikdə isə Türkiyə bazarı Rusiya üçün çox cəlbedicidir. Almaniyadan sonra ikinci ən böyük təbii qaz bazarı olan Türkiyənin qazla təchizatının 54%-i və ya ildə 25 mkm-i "Qazprom" şirkətinin payına düşür.

Bundan başqa, “Botaş” tərəfindən verilən proqnozlara görə, Türkiyənin təbii qaza tələbatı 2030-cu ildə iki dəfəyə yaxın artacaq və 46 mkm-dən 81 mkm-ə çatacaq. Doğrudur, enerji təhlükəsizliyini təmin etmək, xarici ölkələrdən asılılığı azaltmaq, geosiyasi baxımdan bu ölkələr tərəfindən Türkiyəyə qarşı təbii qazdan alət kimi istifadə edilməsinin qarşısını almaq məqsədilə Ankara enerji sektoruna müdaxilə edərək elektrik enerjisinin istehsalında yerli enerji mənbələrindən (daş kömür, liqnit, bərpa olunan və alternativ enerji və s.) istifadə etməyi təşviq edib. Nəticədə bu siyasət öz bəhrəsini gözlənildiyindən də artıq verməyə başlayıb. Belə ki, 2015-ci ildə tələbatın 1.5%, 2016-cı ildə 4%, 2017-ci ildə isə 6% azalması müşahidə edilib. Bununla belə, Türkiyə bazarında təbii qaza tələbatın kəskin azalacağı inandırıcı görünmür. Odur ki, "Qazprom" bu bazarda hələ uzun müddət üstünlüyünü saxlamaq uğrunda mübarizə aparmağı düşünür. Təsadüfi deyil ki, "Qazprom" "Türk axını" layihəsinə daxil olan boru xəttinin həcmini 1,75 mkm artıq dizayn edib. Əgər mövcud Transbalkan boru xətti ilə "Qazprom" Türkiyəyə ildə maksimum 14 mkm təbii qaz nəql edirdisə, "Türk axını" vasitəsilə bu həcm 15,75 mkm-ə çatacaq.

Rusiya onu da yaxşı anlayır ki, "Şahdəniz- 2" yatağından Avropa bazarına (Yunanıstan, Bolqarıstan və İtaliya) cəmi 10 mkm təbii qaz ixrac olunacaq ki, bu da "Qazprom"un hər üç bazarda payına kəskin şəkildə təsir göstərməyəcək. Onu da qeyd edək ki, bu ölkələrin təbii qaz bazarının 50-90%-i "Qazprom"un payına düşür.

Qeyd edək ki, Rusiya təbii qazına tələbatla bağlı Avropa ölkələri iki cəbhəyə bölünüb. Birinci cəbhə Rusiya ilə birgə yeni "Şimal axını-2" və "Türk axını" kimi layihələri həyata keçirərək həm milyonlarla dollar gəlir əldə etmək, həm də enerji təhlükəsizliyini möhkəmləndirmək marağında olan ölkələrdir. Bura Almaniya, Fransa, Avstriya, İtaliya, Macarıstan və s. daxildir. Bunun digər səbəbi isə Rusiya qazının ucuz olması, problemsiz və tez nəql edilməsidir. Aİ-nin "köhnə" üzvləri (Almaniya və Fransa) üçün isə Avropa enerji siyasətinin Vaşinqtonda deyil, Brüsseldə qəbul edilməsi xüsusilə vacibdir.

Baltikyanı ölkələr və Polşa isə Rusiyanın layihələrinə qarşı çıxır. Lakin Polşanın "Şimal axın-2" boru xətti ilə nəql olunacaq qazın Almaniyadan sonra digər ölkələrə ixracının OPAL boru xətti vasitəsilə məhkəmə yolu ilə əngəlləmək cəhdləri baş tutmadı. Məhkəmənin qərarı "Qazprom"un lehinə oldu. Polşa və Baltikyanı ölkələr artıq ABŞ-dan maye qaz idxalına başlayıb. 

Onu da qeyd etmək lazımdır ki, Rusiya qazı hazırda Avropada və Türkiyədə (Türkiyədə "Qazprom" qazının qiyməti təxminən 190$/min kub metr, "Şahdəniz" qazının qiyməti 205$, İran qazının qiyməti 208$, maye qazın qiyməti 220$-dır) ən ucuz, sərfəli və əlverişlidir. ABŞ-ın bahalı maye qazı "Qazprom” qazı ilə qiymətdə rəqabət apara bilmir. ABŞ qazı qeyri-ənənəvi şist qazı kimi çıxarılır, sonra terminallarda mayeləşdirilir, Avropa terminallarında isə qaz halına çevrilir. Bu isə kifayət qədər bahalı prosesdir, bu səbəbdən Amerika şirkətlərinin qiymətdə güzəştdə getmək imkanları Rusiya qazı ilə müqayisədə daha azdır. Bu baxımdan, “Türk axını” cəlbedici layihədir.

APA Analytics

apa-logo-mini

Digər xəbərlər