Yeni cəzalar: Koronavirus təhlükəsindən doğan məsuliyyət - HÜQUQİ ŞƏRH

Yeni cəzalar: Koronavirus təhlükəsindən doğan məsuliyyət - HÜQUQİ ŞƏRH
  • Clock-gray 19:00
  • calendar-gray 19 Mart 2020

Gündəmimizin əsas mövzusu olan koronavirus epidemiyası ilə bağlı təhlükə qanunlara yeni dəyişikliklər zərurəti yaratdı. Bu infeksiya yeni qaydaların tətbiqinə səbəb oldu. Azərbaycan hökuməti də təhlükənin miqyasını azaltmaq üçün dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaratdı və vəziyyətin təhlilindən sonra bəzi qaydaların tətbiqi barədə qərar qəbul edildi.

Hazırda koronavirusa yoluxmaqda şübhəli bilinən şəxslərə dərhal karantin rejimi tətbiq olunur. Karantin-xəstəliyə yoluxmaqda şübhəli bilinənin hərəkət fəaliyyətinin məhdudlaşdılmasıdır.

XVI əsrdə Venesiyanın əsas gəliri dəniz ticarətindən idi, ölkəyə tez-tez gəmilər gəlirdi. Həmin gəmilərlə gələnlərin şəhərdə xəstəlik yaymaması üçün Venesiya dövləti gəmiləri 40 gün şəhər ətrafında saxlayırdı və bu proses “karantin” adlanırdı.

“Sanitariya-epidemioloji salamatlıq” haqqında Qanuna görə, ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının əhali arasında yoluxucu və qeyri-yoluxucu kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə yönəldilmiş xüsusi təhsil, hərəkət, daşıma və əmək rejimi şərtlərinin qoyulması və ləğv edilməsi səlahiyyəti var.

Həmin qanuna görə, yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarananda hökumət ölkə ərazisində xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, həmçinin, belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görür.

Qeyd etdiyimiz kimi, koronavirus təhlükəsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah bir sıra qaydalar tətbiq edib, həmçinin, 19-29 mart günlərində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon ərazisində  giriş və hərəkət məhdudiyyəti tətbiq edilib.

Vurğulamaq vacibdir ki, COVİD-19 bəlası dünyada pandemiya vəziyyətinin elan olunmasına səbəb olub. Artıq dünyada geniş mənada münasibətlər sistemi dəyişir. Hamıya bəllidir ki, dünya postpandemiya dövrünə yeni münasibətlər sistemi, yeni gerçəkliklərlə çıxacaq. İqtisadi münasibətlər, yeni səhiyyə gerçəkliyi, həm də yeni elmi-texniki inkişafı zəruri edəcək.

Bu günlərdə Milli Məclis pandemiya və epidemiya vəziyyətləri ilə bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinə dəyişiklər edilməsini məqbul sayıb və yeni dəyişiklikləri təsdiq olunması üçün Prezidentə  göndərib. Prezident artıq həmin dəyişikliyi təsdiqləyib.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin yeni redaktəsinə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 1500 manatdan 2000 manatadək cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər isə 2000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

Cinayət Məcəlləsinə isə 139-1 maddəsi əlavə edilib (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması).

Maddənin dispozisiyasına görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5000 manatadək cərimə və ya üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunvericiliyə yeni əlavələrin edilməsi yeni münasibətlər sistemindən doğan zərurətdir.

Şamil Paşayev

Digər xəbərlər