Gənclərlə bağlı təşkilat yaratmağa niyə yaş senzi tətbiq olunub? - ŞƏRH

 Gənclərlə bağlı təşkilat yaratmağa niyə yaş senzi tətbiq olunub? - ŞƏRH
  • Clock-gray 15:23
  • calendar-gray 19 Noyabr 2019

Bu gün Azərbaycanda gənclər siyasəti əsas prioritet istiqamətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bu sahəyə xüsusi diqqət yetirir. Azərbaycanda Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun fəaliyyət göstərməsi, ötən dövr ərzində dövlət büdcəsindən gənclər siyasətinin yürüdülməsi işinə böyük həcmdə vəsaitlər ayrılması, bu sahədə çoxsaylı layihənin həyata keçirilməsi bunu bir daha təsdiqləyir.

Ancaq zamanın ruhuna uyğun olaraq artıq bu sahədə də islahatlar qaçılmaz görünür. Söhbət gənclərlə bağlı anlayışlara yeni baxışın müəyyənləşməsi, dövlət başçısının dəstəyi ilə bu sahəyə ayrılan vəsaitin xərclənməsi mexanizminin daha da təkmilləşdirilməsi, bu sahədə çalışan qurumların fəaliyyətinin daha effektiv qurulmasından gedir.

Yaş senzi hansı məntiqə uyğundur?

Gənclərlə bağlı anlayışlara yeni baxışın müəyyənləşməsi nə üçün zəruridir?

Hazırda Nizamnaməsində gənclərin maarifləndirilməsi missiyası əksini tapan, adında gənclər sözü olan ictimai birliklər gənclər təşkilatları kimi qəbul edilir, hüquqi şəxs statusunda dövlət qeydiyyatından keçir.

Qanunvericiliyə edilən son dəyişikliklərə əsasən, yaşı 35-dən yuxarı olan şəxslərin gənclər təşkilatlarına üzvlüyü və rəhbərlik etməsi məhdudlaşdırılır. Ancaq bu halda sual ortaya çıxır ki, hüquqi şəxsi yaradan vətəndaşlara münasibətdə bu məhdudiyyətin tətbiqi nə dərəcədə məntiqə uyğundur? Yaşı 35-dən yuxarı, geniş dünyagörüşü və iş təcrübəsi olan insanların gənclərin maariflənməsi prosesində iştirakına məhdudiyyətlər qoyulmasına səbəb nədir? Yaşlı insanların vətəndaş cəmiyyəti institutları yaradaraq gənc nəslin təlim-tərbiyə və maariflənməsində iştirak etməsinin vacib olduğu barədə cəmiyyətdə tez-tez rast gəlinən çağırışlar fonunda bu qadağa məntiqli qəbul edilə bilərmi? Digər tərəfdən, bu, gənclərlə iş, gənclərin maarifləndirilməsi sahəsində peşəkar ictimai birliklərin formalaşması prosesinin qarşısını almayacaqmı?

Bu aspektdə digər məqam da diqqət çəkir. Əgər orta, ali və peşə məktəblərdə, o cümlədən orta və kiçik müəssisələrin nəzdində gənclər təşkilatları yaradılarsa, bu qurumların da hüquqi şəxs qismində dövlət qeydiyyatından keçməsi lazımdır? Bu halda tutaq ki, ali məktəbdə 4 il təhsil alan gənc 1-2 il, yaxud 3-4 il fəal gənc kimi ali məktəbin nəzdindəki gənclər təşkilatında təmsil olunur, ali məktəbi bitirəndən sonra həmin gənclər təşkilatının işində iştirakı başa çatırsa, həmin gənclər təşkilatının dövlət qeydiyyatı ilə əlaqədar reyestrində dəyişiklik üçün hər il ən azı 2  dəfə müvafiq dövlət qurumuna müraciət etməsi lazımdır.

Eyni tədbirlər, eyni adamlar, eyni mövzular...

Gənclərin maariflənməsi ilə məşğul olan ictimai birliklərlə orta, ali və peşə məktəblərində, kiçik və orta müəssisələrdə gənclərin bir araya gəldiyi təşkilatların missiyalarının və statuslarının fərqləndirilməsinin zamanı çatıb. Dövlət qurumlarının bir hissəsinin fəaliyyətinin fərqli xarakter daşıdığını nəzərə alaraq publik hüquqi şəxsə çevrilməsi praktikasında olduğu kimi gənclər sahəsində də qurumların statuslarının mahiyyətlərinə, missiyalarına uyğun müəyyənləşdirilməsi vacibdir. Bu, dövlət başçısının gənclər siyasətinə dəstəyinin də daha effektiv həyata keçirilməsinə zəmin yaradar.

Məsələn, bu gün adında gənclər sözü olan ictimai birliklərin dövlətin dəstəyi ilə həyata keçirdiyi layihələr əsasən orta, ali və peşə məktəblərini əhatə edir, yerli icra hakimiyyətlərinin dəstəyi ilə akt zallarına toplanan və bütün layihələrdə demək olar ki, təkrarlanan simaların toplandığı tədbirlərdən kənara çıxmır. Çox az halda regionlarda yaradılan Gənclər evlərinin imkanlarından istifadə olunur.

Təbii ki, orta, ali və peşə məktəblərində gənclərin maarifləndirilməsi vacibdir. Ancaq nə üçün ictimai birliklərinin iştirakı ilə zavod və fabriklərdə, emal müəssisələrində, orta və böyük ticarət və iaşə müəssisələrində, o cümlədən işsiz gənclərin maarifləndirilməsi, onların işlə təmininə dəstək verilməsi istiqamətində davamlı işlərin həyata keçirilməsinin şahidi olmayaq? Sirr deyil ki, radikal dini qruplaşmaların, zərərli dini cərəyanların, o cümlədən Azərbaycanda fərqli maraqları olan xarici dairələrin, kəşfiyyat orqanlarının ilk hədəfi məhz belə yerlərdə çalışan, yaxud işsiz gənclərdir. Bu gün adında gənclər sözü olan ictimai birliklər ona görə orta və böyük müəssisələrdə layihələr həyata keçirə bilmir ki, həmin qurumlarda gənclərin bir araya gəldiyi format yoxdur. Bunun üçün orta və böyük müəssisələrdə gənclərin bir araya gəldiyi formatların yaranmasını stimullaşdırmaq, gənclərin bir araya gəldiyi formatların olduğu qurumlara müəyyən güzəştlər və dəstək təmin olunarsa, bu problem qismət də olsa, aradan qalxar.

Azərbaycan Gənclər Fondu ilk dəfə işə girən gənclərin maaşlarının əhəmiyyətli qismini dövlət vəsaiti hesabına ödəməyi üzərinə götürürsə, bu halda gənclərin bir araya gəldiyi formatların olduğu qurumlara üstünlük verilə bilər. Yaxud əgər müəssisə gənclərin bir araya gəldiyi formata müəyyən maddi dəstək verərsə, həmin müəssisəyə az həcmdə da olsa, vergi güzəşti tətbiq edilə bilər.

Gəncləri bir araya gətirən formatlar nə qədər effektli olarsa, bu, Azərbaycanın milli və dövlət maraqları baxımından daha effektiv gənclər siyasəti həyata keçirməyə o qədər dəstək ola bilər. Həmin orta və böyük müəssisələrdə gənclərin bir araya gəldiyi formatlarda yaş senzinin tətbiqi də bu halda məntiqli olar.

İşsiz gənclərə gəlincə, Azərbaycan Gənclər Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq mərkəzlərinə müraciət edən işsiz gənclərlə bağlı layihələrin, məsələn, həmin gənclərin iş və ixtisas sahibi olması yönündə fəaliyyətləri adında gənclər sözü olan ictimai birliklərə həvalə edə bilər. Bu halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işsiz gənclərlə bağlı işlərə ayırdığı böyük məbləğdə vəsaitlər də ictimai birliklərin iştirakı ilə daha səmərəli sərf olunar.

Gənclərlə iş sahəsinə ayrılmış vəsait necə xərclənir?

Dövlət başçısının dəstəyi ilə bu sahəyə ayrılan vəsaitin xərclənməsi mexanizminin təkmilləşdirilməsi baxımından Azərbaycan Gənclər Fonduna geniş səlahiyyətlərin verilməsi daha effektiv ola bilər. Düzdür, qanunvericiliyə əsasən nazirliklər və dövlət komitələri, başqa sözlə, dövlət qurumları gənclər siyasəti ilə bağlı layihələrə vəsait ayırarkən bunu Azərbaycan Gənclər Fondu ilə razılaşdırmalıdır. Ancaq bu halda bir məqamı nəzərə almaq lazımdır. Məsələ ondadır ki, hazırda qanunvericiliyə əsasən, dövlət qurumları yanında ictimai birliklərin (qeyri-hökumət təşkilatları - QHT) nümayəndələrindən ibarət ictimai şuralar yaradılır, bu sıraya adında gənclər sözü olan bir qisim ictimai birlik də cəlb edilir. Cəmiyyətdə birinci qrupun QHT, ikinci qrupun hazırda gənclər təşkilatları adlandırıldığını nəzərə alsaq, ötən dövrün təcrübəsi göstərir ki, dövlət qurumları cəmiyyətdə müəyyən qədər tanınan QHT-ləri, adında gənclər sözü olan ictimai birlikləri (gənclər təşkilatlarını) bu ictimai şuralara cəlb etmək uğrunda sanki yarışa başlayıblar. Bəzən aidiyyəti sahə üzrə ixtisaslaşmayan QHT-lər, həmin sahə üzrə hər hansı layihə belə həyata keçirməmiş, adında gənclər sözü olan ictimai birliklər nəinki 1, 2, hətta 3-4 nazirlik və dövlət komitəsi yanında ictimai şuralara seçilir, həmin ictimai şuralarda rəhbər vəzifələrdə təmsil olunurlar. Bu aspektdə həmin ictimai şuralara seçki prosesinin nə dərəcədə obyektiv təşkilini bir kənara qoysaq, bir QHT-nin, yaxud adında gənclər sözü olan bir ictimai birliyin sahəvi təcrübəsi olmamasına, həmin vaxta qədər bu sahələrdə hər hansı layihə həyata keçirməməsinə baxmayaraq, bir neçə dövlət qurumu yanında ictimai şurada təmsil olunması nə dərəcədə məqbul sayıla bilər? Əslində, təcrübə və ortaya çıxan reallıq göstərir ki, faktiki həmin dövlət qurumları bir lobbi, onların yanında yaradılan ictimai şuralarda təmsil olunan QHT-lər, adında gənclər sözü olan ictimai birliklər lobbi maraqlarının ifadəçisi kimi çıxış edir. Bir az da sadə dildə desək, dövlət qurumları ictimai şuralarda təmsil olunanlara maraqlarının ifadəçisi kimi baxır, həmin ictimai şuralarda təmsil olunmağa can atan QHT-lər, adında gənclər sözü olan ictimai birliklər isə bununla layihələrinə qrant almaq niyyəti güdürlər. Ona görə də nazirliklər, dövlət komitələri, dövlət qurumları lobbi maraqlarının ifadəçisinə çevriləcək daha tanınmış QHT-lər, adlarında gənclər sözü olan ictimai birliklər axtarışına çıxır, bu halda həmin vətəndaş cəmiyyəti institutlarının tutaq ki, ekologiya sahəsindən nə dərəcədə məlumatlı olduğu, bu sahədə problemlərin üzər çıxarılması və həllinə nə dərəcədə ictimai nəzarəti təmin edə biləcəkləri bir kənarda qalır. 

Bu baxımdan dövlət qurumlarının gənclər sahəsi ilə bağlı layihələrə qrant ayırmağa son qoyması, bu vəsaitlərin ümumilikdə Azərbaycan Gənclər Fondunun sərəncamına verilməsi, eyni zamanda dövlət qurumlarının ekspertlərinin də Azərbaycan Gənclər Fondunun qrant ayırdığı layihələrin qiymətləndirilməsinə cəlb edilməsi daha effektiv olar. Bu halda həmin dövlət qurumunun ekspertinin də bütövlükdə qrantların ayrılması prosesində həlledici söz sahibinə çevrilməsi mümkün olmayacaq, sadəcə, Azərbaycan Gənclər Fondu layihələr qiymətləndirilərkən digər ekspertlərlə bərabər həmin qurumun ekspertinin də rəyini nəzərdən keçirərək müstəqil qərar verəcək.

Eyni zamanda  bu halda Azərbaycan Gənclər Fondunun işinin də müəyyən qədər yüngülləşdirilməsi, bu sahədə funksiyaların bir qisminin Gənclər və İdman Nazirliyi, yaxud Təhsil Nazirliyi ilə bölüşdürülməsinə ehtiyac yaranacaq. Məsələn, bu gün ehtiyacı olan tələbələrin təhsil xərclərinin bir hissəsinin maliyyələşdirilməsi Azərbaycan Gənclər Fondu deyil, Gənclər və İdman Nazirliyi, yaxud Təhsil Nazirliyi tərəfindən həyata keçirilə bilər.

Təbii ki, bir ictimai birlik sədri, jurnalist kimi qənaətlərimlə razılaşmayanlar da çox ola bilər və bu sahədə daha arqumentli təkliflər irəli sürülə bilər. Əslində bu yazının yazılmasında məqsəd həmi də ictimai birlikləri dövlət başçısının iradəsi ilə həyata keçirilən islahatlara daha aktiv dəstək verilməsi baxımından bir müzakirə prosesinə başlamağa dəvət etməkdir.

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri, APA İnformasiya Agentliyinin əməkdaşı Ramiz Mikayıloğlu

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date