8103 qısa nömrəsinə 1 milyon 437 min SMS göndərilib

8103 qısa nömrəsinə 1 milyon 437 min SMS göndərilib
  • Clock-gray 18:07
  • calendar-gray 06 Aprel 2020

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi ilə vətəndaş sorğularının cavablandırılması davam etdirilir. 

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, əməkdaşlar üçün icazənin alınması ilə bağlı 37274 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 556762  icazə qeydiyyata alınıb.  

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib ki, bunlardan da təqribən 833 mini, yəni 58 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.

Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir. Sistemə müraciətlərin qəbul olunduğu ilk gün aparılan təhlillər göstərdi ki, təsdiq mesajını aldıqdan sonra bəzi vətəndaşlarımız növbəti mesajın da gələcəyini gözləyirdilər. Bu halın qarşısını almaq üçün məzmunda bir qədər dəyişiklik edildi. Hazırda cavab mesajı aşağıdakı məzmundadır:  

Nümunə: 2-ci indeks üzrə müraciətiniz təqsdiqləndi. Artıq 2 saat müddətində yaşayış yerinizi tərk edə bilərsiniz. 

"Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda xidmətdən istifadə etmək tövsiyə olunur. SMS sistemi vasitəsi ilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək", - deyə Agentlikdən bildirilib. 

Günay Elşadqızı

Digər xəbərlər