AMEA: Azərbaycanda 60-dan çox yanar şistli yataq mövcuddur

AMEA: Azərbaycanda 60-dan çox yanar şistli yataq mövcuddur
  • Clock-gray 12:36
  • calendar-gray 21 Yanvar 2020

“Abşeron, Qobustan, Şamaxı, Quba və İsmayıllı rayonlarında 60-dan çox yanar şistli yataq və təzahürləri mövcuddur”.

Bu barədə APA-ya AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev bildirib.

Onun sözlərinə görə, şöbə tərəfindən ilk dəfə olaraq Azərbaycanın yanar şist və təbii bitum ehtiyatları adlı xəritə (1:1000000 miqyasında) hazırlanıb. Bundan əlavə, yanar şistlərin paylanma qanunauyğunluqları, mineraloji və kimyəvi tərkibi öyrənilib, onların əmələgəlməsi haqqında yeni fikirlər formalaşdırılıb: “Azərbaycanın yanar şistləri 16 xarici ölkənin şistləri ilə eyni geokimyəvi parametrlər üzrə müqayisə edilmişdir və müəyyən edilmişdir ki, respublikamızın  Diyallı, Quba, Böyük və Kiçik Siyəki, Cəngiçay, Cəngidağ və Keçəllər kimi yataqlarının yanar şistləri xarici ölkələrdən yalnız Estoniya və Avstraliyanın (Sidney yatağı) şistlərindən keyfiyyətcə geri qalır. Aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq Azərbaycan ərazisində, xüsusilə Qobustanda yer üzərinə çıxan yanar şistlərin və eyni zamanda, palçıq vulkanlarının püskürmə məhsulları arasında rast gəlinən şistli süxurların  üzvi-geokimyəvi və strtatiqrafik yatım xüsusiyyətləri nəzərə alınmaqla, onların potensial neft əmələgətirən ana süxur kimi perspektivlikləri qiymətləndirilib, şist qazının istismarının mümkünlüyü məsələsi gündəmə gətirilib”.

A. Əliyev deyib ki, hazırda AMEA Geologiya və Geofizika İnstitutu, AMEA akademik M.Nağıyev adına Kataliz və AMEA Qeyri-üzvi Kimya İnstitutu və Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında bağlanan elmi əməkdaşlıq müqavilə əsasında Azərbaycanın yanar şistlərinin əsasında gübrənın hazırlanma texnologiyasının işlənilməsi və kənd təsərrüfatında tətbiqi istiqamətində tədqiqatlar davam etdirilir.  Bundan başqa, yanar şistlərin zəngin kimyəvi tərkibi nəzərə alınmaqla katalizator xüsusiyyətlərinin tədqiqi və sınanması məsələsi də  M.Nağıyev adına Kataliz və AMEA Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları ilə birgə həyata keçirilməkdədir.

Qeyd edək ki, 2000-ci ildən başlayaraq AMEA Geologiya və Geofizika İnstitutu “Palçıq vulkanizmi” şöbəsi Azərbaycanda böyük ehtiyata malik və neft-qazdan sonra ən perspektivli yanacaq-enerji və xammal resurslarımız hesab edilən yanar şistlərin hərtərəfli tədqiqi ilə məşğul olan yeganə təşkilatdır.

BMT-nin Baş Assambleyasının 33/148 saylı Qətnaməsində yanar şistlər dünyanın yeni perspektivli enerji mənbələri sırasına daxil edilmişdir. Belə ki, hazırda dünya üzrə yanar şistlərdən maye yanacağın, karbohidrogen qazlarının, elektrik enerjisinin, sementin, gübrələrin, həmçinin naşatır spirtinin, ixtiol mazının, eləcə də çoxsaylı digər neft-kimya və tikinti məhsullarının alınmasında xammal kimi istifadə edən ölkələr sırasında ABŞ-ı, Çini, Fransanı, Almaniyanı, Estoniyanı, Rusiyanı və Avstraliyanı misal göstərmək olar.

  

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date