Alessandro Frakassetti: "Azərbaycanın 9 universitetində BMT modeli klubları yaradılıb"

Alessandro Frakassetti: "Azərbaycanın 9 universitetində BMT modeli klubları yaradılıb"
  • Clock-gray 17:36
  • calendar-gray 10 Dekabr 2019

"Dünyada təxminən 1 milyard könüllü var və onlar hər gün çalışırlar ki, bizim yaşadığımız və işlədiyimiz cəmiyyətlərə töhfə versinlər. Kömək lazım olanda, böhran, təhlükə yarananda insanların yardımına yetişən ilk olaraq könüllülər olur".

APA-nın məlumatına görə, bunu Azərbaycan tələbə-könüllülərinin Forumunda çıxış edən BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti bildirib. Onun sözlərinə görə, hazırda dünyada BMT-nin 40-a yaxın təşkilatı daxilində 8000-ə yaxın könüllü çalışır:

"Onlar bizi iqlim dəyişikliyindən tutmuş səhiyyə sektoruna qədər, inklüzivlik, lazımi iş imkanları, keyfiyyətli təhsil sahələri və s.-də daha böyük işlər görməyə ilhamlandırırlar. İstər BMT, istərsə də dövlət qulluğu sahəsində karyera imkanlarına baxsanız, bu işlər daha yaxşı könüllülükdən başlayır. Bakı şəhərində bir çox tədbirlər təşkil olunur. Biz yayda ilk dəfə Bakıda inklüzivliklə bağlı iki günlük müsabiqə həyata keçirdik və bu tədbirdə də könüllülərin bizə çox böyük yardımı oldu".

A.Frakassetti bildirib ki, BMT Azərbaycanda fəaliyyətə başladığı dövrdən indiyə qədər gənclərlə çox yaxından işləyib:

"Məşğulluq, təhsil, sosial-iqtisadi inkişaf, ətraf mühit baxımdan Azərbaycan hökumətində olan tərəfdaşlarımızla, nazirliklərlə çalışırıq. Biz burada həmçinin BMT-nin modeli hərəkatının əsasını qoymuşuq. Bu səylərimiz nəticəsində 9 universitetində BMT modeli klubları yaradılıb. 2016-cı ildə BMT-nin modeli ilə əlaqədar Azərbaycanda ilk milli konfrans keçirmişik".

Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumat verən A. Frakassetti bildirib ki, hələ 2012-ci ildə BMT səviyyəsində 192 ölkə Dayanıqlı İnkişaf Məqsədlərinə imza atıb:

"Həmin ölkələr Proqrama qoşularkən Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinin 2030-cu ilə qədər icrası öhdəliyini üzərinə götürüblər. Həmin müddət üçün 10 il var. Lakin hazırkı vəziyyət, yəni həmin hədəflərə nail ola biləcəyimizlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Dayanıqlı İnkişaf Məqsədləri sırf hökumətlərə aid olan məsələlər deyil, bu işdə həm cəmiyyət, həm ziyalı dairələr, həm gənclər, vətəndaş cəmiyyətinin üzvləri burada iştirak etməlidilər. Biz Azərbaycan hökuməti ilə çox sıx işləmək əzmindəyik".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date