Azərbaycanda 12 gün süni tənəffüs aparatına qoşulmuş koronaviruslu xəstə sağalıb

Azərbaycanda 12 gün süni tənəffüs aparatına qoşulmuş koronaviruslu xəstə sağalıb
  • Clock-gray 14:53
  • calendar-gray 06 İyul 2020

"Xəstəxanaya çox ağır vəziyyətdə gələn və 12 gün süni tənəffüs aparatında qalan xəstə koronavirusdan sağalaraq Mərkəzi Gömrük Xəstəxanasından evə buraxılıb".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Gömrük Hospitalının Anezteziologiya Reanimalogiya Şöbəsinin həkimi Xəyal Məmmədov deyib. O bildirib ki, artıq uzun müddətdir koronavirus infeksiyasına yoluxan xəstələrlə işləyirlər: "Bu klinikaya orta-ağır və ağır xəstələr gətirilir. Hazırda Reanimasiya şöbəsində müalicə olunan xəstələrdə müsbət dinamika əldə edə bilirik. Bizim bir xəstəmiz artıq sağalaraq evə buraxılıb. Xəstənin vəziyyəti klinikaya daxil olanda çox ağır idi, hər iki ağciyərin total pnevmomiyası qeydə alınmışdı, "buzlu şüşə" mənzərəsi izlənilirdi. Qeyd edim ki, cavan xəstədir və yanaşı heç bir xəstəliyi olmadığı halda ağciyərləri ağır vəziyyətə düşmüşdü. Bəzən deyirlər ki, bu virus yanaşı başqa xəstəliyi olanlarda ağır keçir, amma biz bunu müşahidə edirik ki, hətta cavan və yanaşı xəstəliyi olmayanlarda da bu virus ağır fəsadlarla izlənilə bilir".

Həkim qeyd edib ki, bu xəstə də müalicəyə alınandan sonra vəziyyətinin ağır olması nəzərə alınaraq süni tənəffüs aparatına keçirilib və 12 gün müddətində süni tənəffüs aparatında qalıb: "Bu müddət ərzində aparılan müalicələr müsbət nəticə göstərib, beləliklə, xəstə süni tənəffüs aparatından ayrılıb. Bundan sonra yenə də müalicə davam etdirilərək ağciyərdə proses tamamilə sağaldılıb və xəstənin vəziyyəti normal qiymətləndirilərək evə buraxılır".

X. Məmmədov bildirib ki, hazırda 4 nəfər süni tənəffüs aparatından ayrılıb, amma həmin aparat vasitəsilə onlara dəstək verilir: "Çünki ağciyərlərdə xəstəlik hələ tam aradan qaldırılmayıb. Bu səbəbdən bu xəstələr reanimasiya şöbəsində məhz reanimatoloqların nəzarəti altında olmalıdırlar. Bəzi insanlar deyir ki, mən bu xəstəliyə yoluxmayacam, çünki mən gəncəm və sağlamam. Amma belə nümunələr də bizə sübut edir ki, hətta gənc və sağlam insanlar da yoluxub, bu xəstəliyi ağır formada keçirə bilirlər. Ona görə də bu virusun qarşısını almaq üçün yeganə yol maskadan istifadə, gigiyenik tədbirlər və sosial məsafədir. Bunlara riayət edildiyi halda xəstələnənlərin sayı getdikcə azalacaq. Bu da imkan verəcək ki, bütün xəstələr tamamilə tibbi yardım alaraq sağalıb evə buraxılsınlar".

39 yaşlı pasiyent Bəhruz Məhərrəmov bildirib ki, iyunun 17-də reanimasiya şöbəsinə gətirilib: "Təngnəfəs olmuşdum, özümdə deyildim. Ondan bir həftə əvvəl evdə qızdırmalı oldum. Bir həftə ərzində özümü müalicə etməyə çalışdım, amma sonda təngnəfəs oldum və dayana bilmədim. Təcili yardımla Gömrük Hospitalına gətirildim. Burada 12 gün süni nəfəs aparatında qaldım. Sonra aparatdan ayırdılar. Yavaş-yavaş müalicəyə başlanıldı".

O qeyd edib ki, indi özünü yaxşı hiss edir: "Çox pis xəstəlikdir. İnsan fiziki olaraq deyil, həm də psixoloji, mənəvi bir mübarizə aparır. Bilirdim virus var, inanırdım və özümü qoruyurdum. Amma karantin rejimi yumşaldılanda bir az ətrafımızda xəstə görmədik deyə arxayınlaşdıq. Bununla da virusa yoluxdum. İnsanlara demək istəyirəm ki, bu virus həqiqətdir, müalicəsi çox çətin, uzun və gərgindir. Həkimlərin peşəkarlığı sayəsində həyatda qaldım. Mən cavanam, lakin yaşlı insanlar çox reanimasiyada qalırlar, müalicələri çətindir. Hər kəs özünü qorumalıdır. Ailədə məndən başqa koronavirusa yoluxan olmayıb, çünki xəstəxanaya tez gətirilmişdim".

Əsmər Qabil

Digər xəbərlər