Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair Memorandum imzalanıb

Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair Memorandum imzalanıb
  • Clock-gray 14:08
  • calendar-gray 13 Dekabr 2019

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair üçtərəfli anlaşma Memorandumu imzalanıb.

APA-nın məlumatına görə, Memorandum məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın göstərilməsi istiqamətində birgə səylərin gücləndirilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır. Sənədi imzalamaqla tərəflər Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının və qanuni mənafelərinin hüquq-mühafizə orqanlarında və məhkəmələrdə müdafiəsi üzrə hüquqi dəstəyin verilməsi, eləcə də hüquqi nümayəndəliyin təşkili, vəkillərin ixtisaslaşdırılması, Vəkillər Kollegiyası ilə yerli yardım mərkəzləri arasında əməkdaşlıq və əlaqələndirmə mexanizmlərinin gücləndirilməsi üçün səyləri gücləndirəcəklər.

Sənədə əsasən, tərəflər AQUPDK nəzdində fəaliyyət göstərən yerli Uşaq və Ailələrə Dəstək Mərkəzləri, eləcə də müvafiq qeyri-dövlət yardım mərkəzlərindən Vəkillər Kollegiyasına müraciət olduqda, Kollegiyanın təyin etdiyi vəkil tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə Kollegiyanın potensialı daxilində hüquqi dəstəyin verilməsi, zərərçəkmişlərin hüquqlarının müdafiəsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları ilə əlaqələndirmənin gücləndirilməsi, bu şəxslərə hüquqi yardımın göstərilməsi və qanuni nümayəndəlik xidmətləri üzrə vəkillərin bilik və təcrübələrinin artırılması üçün Vəkillər Kollegiyasının fəaliyyətinin dəstəklənməsi, vəkillər üçün gender-həssas təlim modullarının hazırlanması və keçirilməsi və bir sıra digər istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, memorandumu AQUPDK sədri Hicran Hüseynova, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov və BMT-nin Azərbaycan nümayəndəlinin rəhbəri Qulam İshaqzai imzalayıblar. Təşəbbüs bu həftə başa çatmış qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq kampaniyasının icrası çərçivəsində irəli sürülüb.

Memorandumun imzalanması mərasimində çıxış edən BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, zorakılığa məruz qalanlara hüquqi yardımın təşkili qadınların insan hüquqlarının müdafiəsi üçün atılan növbəti tarixi hadisədir.

Onun sözlərinə görə, zorakılığa məruz qalmanın çox böyük fəsadları var:

"Bunun iqtisadi fəsadları odur ki, bu, qlobal səviyyədə milyardlarla dollar itki deməkdir. Azərbaycanda zorakılığa məruz qalma ÜDM-in 2 faizini təşkil edir, bu da 760 milyon dollar edir. Zorakılıqdan zərərçəkmiş insanların müdafiəsi və onların vəziyyətinin bərpa edilməsi ilə bağlı imzalanan memorondum bu istiqamətdə gördüyümüz tədbirləri daha da gücləndirir. Zorakılığa məruz qalan qadının yardıma ehtiyacı varsa, biz ona mümkün yardımın göstərilməsini təmin etməliyik".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date