BMT75 təşəbbüsünün Azərbaycanda başlanılmasına dair tədbir təşkil edilib

BMT75 təşəbbüsünün Azərbaycanda başlanılmasına dair tədbir təşkil edilib
  • Clock-gray 12:23
  • calendar-gray 28 Fevral 2020

Bu gün BMT-nin Bakıdakı nümayəndəliyi ADA Universiteti ilə birlikdə BMT75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir təşkil edib. 

APA-nın məlumatına görə, tədbirdə deputatlar, diplomatlar, vətəndaş cəmiyyəti və gənclər təşkilatlarının nümayəndələri, akademik dairələr və KİV nümayəndələri iştirak ediblər. 

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə deyib ki, ADA Universiteti Azərbaycanda BMT75 dialoqlarının başlanmasına ev sahibliyi etməkdən məmnunluq duyur: “İnanıram ki, bu dialoqlar milli perspektivlərimizi beynəlxalq auditoriya ilə bölüşmək, eləcə də beynəlxalq əməkdaşlıq  və çoxtərəflilik prinsipinin gələcəyini müzakirə etmək üçün bir fürsət olacaq. Beynəlxalq nizamı pozan müxtəlif qüvvələr var”.

BMT İnkişaf Proqramının rezident əlaqələndiricisi Alessandro Frakassetti nəzərə çatdırıb ki, panel müzakirələri zamanı iştirakçılar BMT75 təşəbbüsünün iş ərzində müzakirə edəcəyi 3 əsas sual ətrafında müzakirə aparılacaq.  Bunlar “Hansı gələcəyi qurmaq istəyirik?”, “Biz düzgün yoldayıqmı?” və “Boşluğu aradan qaldırmaq üçün hansı addımları atmalıyıq?” suallarıdır. Görüşdə həmçinin gələcək nəsillər üçün daha yaxşı dünyanın qurulmasında hökumətlər, müəssisələr və vətəndaş cəmiyyəti təşkilatlarının rolu və vəzifələri müzakirə ediləcək: “Bu gün dünyada ən aktual problemlər sırasında iqlim dəyişikliyi, demoqrafiya, qaçqınlar yer alır. 

Dünyada gənclərin 1/5-i işsizdir, ¼-i isə zorakılığa məruz qalır. Digər tərəfdən, yeni texnologiya şəxsi məlumatların təhlükəsizliyinə təhdid yaradır.  Gender bərabərsizliyi də aktual problemlər sırasındadır. BMT baş katibi gender bərabərliyinin dünyanı dəyişəcəyini söyləyib”.    

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva BMT-nin artıq 30 ildir ki, Azərbaycanda fəaliyyət göstərdiyini xatırladıb: “Son 75 il ərzində BMT beynəlxalq sülh, təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, dövlətlər arasında sülhün təmin edilməsi istiqamətində çalışıb. BMT daha ədalətli dünya yaradılması istiqamətində çalışır. 75 il ərzində üzləşdiyimiz təhdidlər daha mürəkkəb və bir-biri ilə sıx əlaqəlidir. Dünya getdikcə beynəlxalq təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə üzləşir. Bu, üzv dövlətlərdən birgə çalışaraq səylərini səfərbər etməyi tələb edir. Azərbaycan BMT sıralarına qəbul olunduqdan sonra beynəlxalq sülhün bərqərar olunması istiqamətində çalışıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu dövrdə də səylərini artırıb. Hazırda Azərbaycan Qoşulmama Hərəkatının üzvü kimi Bandunq prinsipləri üzərində çalışacaq. Bu da sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı yanaşmadır. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində 28 bəyanat verib. Bu da Azərbaycanın sülh və təhlükəsizliyə verdiyi töhfədir”.

L. Abdullayeva bildirib ki, Azərbaycan BMT prinsiplərinə sadiqdir”. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, hazırda 191 dövlət var: “BMT İkinci Dünya Müharibəsinin məhsuludur. Məqsəd odur ki, qlobal müharibələrin qarşısı alınsın. Bəziləri deyə bilər ki, hazırda Üçüncü Dünya Müharibəsi astanasındayıq”.

Bu il sentyabrın 21-də BMT-nin 75 illik yubileyi münasibəti ilə  dünya liderlərinin iştirakı ilə yüksək səviyyəli tədbir keçiriləcəyini söyləyən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, BMT 75 sadəcə, yubiley münasibət  ilə keçirilən tədbir olmayacaq: “Bu, BMT-nin qorxu və münaqişələrdən azad dünya vədinin daha yaxşı həyata keçirilməsini təmin etmək üçün sizinlə birgə işləmək, habelə müxtəlif strategiya və təkliflərinizi dinləmək ili olacaq”.

Q. İshaqzai qeyd edib ki, uşaqların sülh və rifah içərisində yaşamasına, gələcək nəsillərin hazırkı resurslardan faydalanmasına nail olmaq istəyirlər: “BMT yaranandan məqsəd növbəti dünya müharibəsinin qarşısının alınması idi. Bunun qarşısını aldıq. Ancaq qlobal istiləşmə, münaqişələr, o cümlədən koronavirus kimi problemlərin qarşısını almaq üçün əməkdaşlıq lazımdır. Bu gün dünyada 317 trilyon dəyər yaranıb, bunun 1/3-i ABŞ-a məxsusdur. Ancaq bu gün dünyada çoxlu sayda qadın, uşaq normal qidalana bilmir. BMT bütün çətinlikləri aradan qaldıra bilmir, bunun üçün üzv dövlətlərdən dəstək, o cümlədən maliyyə dəstəyi lazımdır. Mən tərəfdaşlığa görə Azərbaycan hökumətinə, xalqına təşəkkür edirəm. Azərbaycan BMT tədbirlərinə ev sahibliyi edib. Azərbaycanın maliyyə və digər formalarda BMT-yə dəstək verməsini yüksək dəyərləndiririk. Əgər biz əvvəllər Azərbaycana humanitar yardım göstərirdiksə, indiyə fəaliyyət istiqamətimiz dəyişib. Biz Azərbaycanın potensialının artmasına dəstək oluruq”.

Tədbir çıxışlarla davam edib.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date