BNA: Əlavə 5 ekspres xəttin təşkilinə qərar verilib

BNA: Əlavə 5 ekspres xəttin təşkilinə qərar verilib
  • Clock-gray 18:08
  • calendar-gray 04 Avqust 2020

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin təlabatının qarşılanması məqsədi ilə 5 sayda əlavə ekspres xətt təşkil edilir.

APA-nın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev əlavə ekspres xətlərin təşkili və sərnişindaşımayla bağlı təşkil olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, sıxlıq əsasən Koroğlu nəqliyyat mübadilə mərkəzində və ətraf kənd və qəsəbələr istiqamətlərində müşahidə olunur. Bunun nəticəsi kimi, əlavə 5 ekspres xəttin - M1A, M2A, M8, M9 və M10 - təşkilinə qərar verilib.

M1A və M2A xətləri müvafiq olaraq mövcud olan M1 və M2 xətlərinə dəstək olaraq buraxılacaq.

M1A xətti üzrə avtobuslar Qara Qarayev prospekti, "Laçın" ticarət mərkəzinin qarşısından "Gənclik" metrostansiyasına qədər hərəkət edəcək. M2A üzrə avtobuslar "Neftçilər" metrostansiyası qarşısından "Elmlər Akademiyası" metrostansiyasına qədər hərəkət edəcək.

M8 - Maştağa qəsəbəsi-"Gənclik" metrostansiyası, M9 - Nardaran çimərlik sahili, "Sea Breeze" İstirahət Mərkəzi - "Nərimanov" metrostansiyası, M10 isə Mərdəkan qəsəbəsi, "Nərimanov" metrostansiyası marşrutu ilə hərəkət edəcək.

Bu xətlər üzrə avtobuslar saat 6:30-dan 21:30-dək fəaliyyət göstərəcək.

O bildirib ki, avtobuslar mərhələ ilə xəttə buraxalıcaq və xətlərdə "Atlas" MMC-nin "BMC" markalı avtobusları fəaliyyət göstərəcək (M1A 30 qəp, M2A 30 qəp, M8 40 qəp, M9 50 qəp, M10 50 qəp).

Yeni ekspres xətlərin təşkilinin müsbət tərəfləri:

 Pandemiya dövründə sərnişin sıxlığının yaranmasının qarşısını almaq;

 Şəhərətrafı kənd və qəsəbələrin şəhərin mərkəz əraziləri ilə birbaşa əlaqələndirilməsi;

 Yay mövsümü ərzində sərnişinlərin bəzi çimərlik, istirahət mərkəzlərinə rahat gediş-gəlişinin təmin olunması;

 Avtobuslararası hərəkət intervalının minimuma endirilməsi, sürətli daşımanın təşkili;

 Sərnişinlərin böyüktutumlu, yeni və rahat avtobuslarla daşınması;

 Daşımaların nağdsız ödəniş sistemi ilə həyata keçirilməsinin təmin edilməsi;

 Sərnişinlərin iki və ya daha artıq deyil, bir dəfə ödəniş etməklə təyinat məntəqəsinə çatdırılması;

 Əhalinin mobillilik imkanlarının artırılması;

 Avtomobilləşmənin qismən də olsa azalması, CNG mühərriklə işləyən müasir avtobusların ekoloji baxımdan ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi.

Yeni ekspres xətlər üzrə avtobusların fəaliyyəti qarşıdakı günlərdə mərhələli qaydada təmin olunacaq.

BNA-dan həmçinin bildirilib ki, yollarda hərəkət intensivliyi artdığından bəzi küçələrdə dayanma-durma və parklanma qaydalarının pozulması hallarına daha çox rast gəlinməkdədir. Mövcud vəziyyət müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir edir ki, bu da sərnişin sıxlığının yaranmasına zəmin yaradır. Bunu nəzərə alaraq, dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcək.

Sərnişin sıxlığının qarşısının alınması baxımından vacib olan digər məqam xüsusi avtobus zolaqlarının olmasıdır. Paytaxt yollarında xüsusi hərəkət zolaqlarının təşkili istiqamətində tədbirlər davam edir. Eyni zamanda sürücülərin bu zolağın tələbinə mütləq qaydada əməl etmələri tövsiyə olunur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər