Baş Nazirin müavini: "Bu gün Azərbaycanın ekologiya tarixində əlamətdar gündür"

Baş Nazirin müavini: "Bu gün Azərbaycanın ekologiya tarixində əlamətdar gündür"
  • Clock-gray 11:49
  • calendar-gray 06 Dekabr 2019

"Bu gün Azərbaycanın ekologiya tarixində əlamətdar gündür. Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkiləcək".

APA xəbər verir ki, bunu kampaniya çərçivəsində jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, bu, miqyas etibarilə çox böyük aksiyadır:

"Azərbaycan vətəndaşları Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyəylə qarşılayırlar. Azərbaycanın bir çox kəndlərində, qəsəbələrində insanlar böyük coşquyla yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək verərək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq. Bir neçə ildən sonra bu ağaclar böyüyəcək, yaşıllıq zolaqladı daha da artacaq. Beləliklə, Azərbaycan təbiətinin yaxşılaşmasına böyük köməklik göstərmiş olacaq. Bütövlükdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq, abadlıq işləri həyata keçirilir".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan müasirləşir, kəndlərimiz, qəsəbələrimi, gözəlləşir:

"Əhalinin yaşaması üçün rahat, əlverişli şərait yaradılır. Vacib komponentlərdən biri də insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir".

Sədr müavini bildirib ki, YAP kampaniyanı ürəkdən dəstəkləyən qurumlardan biridir:

"YAP üzvləri müxtəlif rayonlarda bu kampaniyada iştirak edirlər. Güman edirəm ki, ən fəal iştirak edən YAP-ın üzvləri olacaq. YAP və Ekoligiya və Təbii Sərvətlər Nazirliyi digər layihə də həyata keçirir. Bu, əkilən ağaclara qulluq edilməsinin monitorinqinin keçirilməsi ilə bağlıdır".

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date