Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilib - YENİLƏNİB

Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilib - YENİLƏNİB
  • Clock-gray 16:01
  • calendar-gray 10 İyul 2020

Dövlət İmtahan Mərkəzi iyulun 10-da sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçirilib. 

DİM-dən APA-ya verilən xəbərə görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 49 imtahan binası, 740 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 49 ümumi imtahan rəhbəri, 121 imtahan rəhbəri, 965 nəzarətçi–müəllim, 98 buraxılışı təşkil edən əməkdaş, 49 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

İlkin məlumatlara əsasən 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Dövlət İmtahan Mərkəzinin bütün inzibati binalarında şənbə və bazar günləri dezinfeksiya işləri aparılacağı üçün DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına iyulun 13-dən etibarən başlanılacaq.

Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında, həmçinin cari ilin məzunları üçün əlavə xarici dil imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 5 gün ərzində elan olanacaq.

***

06:21

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları üçün sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçirilir. 

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.  İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İmtahanlar respublikanın 41 şəhər və rayonunda keçirilir. İmtahanlarda ümumilikdə 8370 abituriyentin iştirakı nəzərdə tutulur.

Bu gün əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilir. Rus bölməsinin abituriyentləri qəbul imtahanından dərhal sonra Azərbaycan dili (dövlət dili) imtahanını da verirlər.

Həmçinin ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin 10, 11, 18 və ya 19 iyun tarixlərində yuxarıda qeyd olunan rayon və şəhərlərdə keçirilmiş buraxılış (qəbul) imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı DİM-ə müraciət edən cari ilin məzunları (9-cu və 11-ci sinif) da bu gün imtahan verir. 

Bundan əlavə, imtahan keçirilən şəhər və rayonlarda ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan da (Azərbaycan və ya rus dili) keçirilir. 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. 

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 49 imtahan binası, 740 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 49 ümumi imtahan rəhbəri, 121 imtahan rəhbəri, 965 nəzarətçi–müəllim, 98 buraxılışı təşkil edən əməkdaş, 49 bina nümayəndəsi ayrılıb.

Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

Günay Elşadqızı

Digər xəbərlər