DİM iyulun 10-da qəbul imtahanlarında iştirak edəcək şəxslərə müraciət edib

DİM iyulun 10-da qəbul imtahanlarında iştirak edəcək şəxslərə müraciət edib
  • Clock-gray 14:38
  • calendar-gray 06 İyul 2020

Dövlət İmtahan Mərkəzi 10 iyul tarixində keçiriləcək qəbul imtahanlarında iştirak edəcək şəxslərə müraciət edib.

DİM-dən APA-ya verilən məlumata görə, abituriyentlər “İmtahaha buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər. 

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.

Bundan əlavə, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

10 iyul 2020-ci il tarixində (Qrafik) imtahan verən şəxslər DİM-in saytında yerləşdirilmiş müvafiq keçidlər vasitəsilə “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni” çap edə bilərlər:

–    əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

–    ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili);

–    ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin 10, 11, 18 və ya 19 iyun tarixlərində yuxarıda qeyd olunan rayon və şəhərlərdə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edən cari ilin məzunları (9-cu və 11-ci sinif) üçün buraxılış (qəbul) imtahanı;

–    Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı;

Qeyd edək ki, abituriyentlər 10 iyul qəbul imtahanından dərhal sonra Azərbaycan dili imtahanını verirlər.

Günay Elşadqızı

Digər xəbərlər