ETSN-də aparıcı marketlərin nümayəndələri ilə plastik torbaların zərəri barədə müzakirə keçirilib

ETSN-də aparıcı marketlərin nümayəndələri ilə plastik torbaların zərəri barədə müzakirə keçirilib
  • Clock-gray 17:50
  • calendar-gray 24 Fevral 2020

Ekologiya və Təbii Sərvətlər Nazirliyində aparıcı marketlərin nümayəndələri ilə plastik torbaların istifadəsinin zərəri barədə müzakirə keçirilib. 

APA xəbər verir ki, ilk olaraq Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova plastik torbaların zərərindən danışıb. O qeyd edib ki, polietilen torbalar çürümür və təbiətdə onun həlli yoxdur: "Plastik torbaların zərərləri barədə ətraflı məlumat verilib. Müxtəlif marketlərdə bununla bağlı aksiyalar və maarifləndirici tədbirlər də keçirtmişik". Şöbə müdiri nazirlik tərəfindən irəli sürülən təklifləri səsləndirib: "Ən böyük problemlərdən biri satıcıların polietilen torbalar problemini dərk etmədən alıcılara bir neçə paketin verilməsidir. Bəzən olur ki, balaca əşya alınır, torbaya ehtiyac olmasa da, paketdən istifadə edirlər. İlk maarifləndirmə satıcılardan başlanmalıdır. Satıcılara bu problemin vacibliyi izah olunmalıdır. Bəzən satıcı alıcını torba götürməyə təhrik edir".

S. Məmmədova bildirib ki, bəzi marketlərdə ekoçantaların və biopaketlərin satışı təşkil olunur: "Bunların çeşidi ya az olur, ya da satışı alıcıların diqqətini cəlb etmir. Bunun üçün xüsusi guşə yaradıla bilər ki, belə çantalar satılsın. Kassalara daha yaxın, müştərilərin diqqətini cəlb edəcək yerdə olması əlverişlidir. Bir çox marketlər özünə uyğun formatda çantalar hazırlayır və satışını həyata keçirir. Belə çantalara xüsusi barkodlar qoyaraq həmin barkodla endirimlər qazana bilərlər". Şöbə müdirinin sözlərinə görə, birdəfəlik plastik qablar belə digər plastik çantalar kimi zərərlidir: "Müəyyən günlərdə ekoçantalara endirim edilməsi lazımdır. Həmçinin müəyyən məbləğdə alış-veriş edənlərə ekoçanta hədiyyə edilə bilər.

Müzakirələrdə iştirak edən market nümayəndəsi Billurə Əmirova bildirib ki, Avropada bir çox yerlərdə polietilen paketlər artıq tarixə qovuşub. Marketinq müdiri Pərviz Əzimov isə qeyd edib ki, polietilen torbalardan imtina üçün əsas təklif bu sahədə dövlət qanunvericiliyinin qəbul olunmasıdır. O vurğulayıb ki, qanun qəbul olunana qədər isə marketlərin təşəbbüs qrupu olmalıdır: "Nazirlik də bu məsələdə dəstək verməlidir. Müştəriyə alternativ təklif etməliyik ki, plastik torbalardan istifadə etməsinlər. Dövlət tərəfindən bu paketlərə olan ƏDV da azaldıla bilər. Həmçinin marketlər özləri aksiyalar keçirdə bilərlər. Polietilen paketlər üçün supermarketlər 100 minlərlə xərc çəkir. Onlar da bu xərclərdən azad ola bilərlər. Həmçinin zibil atmaq üçün də alternativ olmalıdır ki, insanlar plastik torbalardan tamamilə imtina etsin. Zibil atmaq üçün tez sıradan çıxan, əriyən zibil tullantı paketləri yaradılması əlverişlidir".

Digər market nümayəndələri ekopaketlərlə bağlı gördükləri işlər barədə, maarifləndirici tədbirlərdən danışıblar. Bu istiqamətdə ətraf mühitə dəstək məqsədilə görüləcək işlərə dəstək olacaqlarını vurğulayıblar.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date