“Elektron notariat” və “Elektron icra” informasiya sistemlərinin fəaliyyətinin hüquqi təminatı yaradılıb

“Elektron notariat” və “Elektron icra” informasiya sistemlərinin fəaliyyətinin hüquqi təminatı yaradılıb
  • Clock-gray 11:04
  • calendar-gray 30 İyun 2020

Milli Məclisin bu gün keçirilən iclasında “Elektron notariat” və “Elektron icra” informasiya sistemlərinin fəaliyyətinin hüquqi təminatı ilə bağlı “Notariat haqqında” qanuna,  Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunlar üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihələrinə təklif edilən dəyişikliklər “Elektron notariat” və “Elektron icra” informasiya sistemlərinin fəaliyyətinin hüquqi təminatı yaradılması məqsədi daşıyır.

“Notariat haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, “İcra haqqında” qanuna uyğun olaraq, icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar borclu şəxslərlə bağlı notariat hərəkətləri (vərəsəlik, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr, müqavilələr və etibarnamələr) və vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatlar icra məmuruna elektron sorğular əsasında real vaxt rejimində veriləcək.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri  “Notariat haqqında” qanuna uyğun olaraq, notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün notariuslara,  həmçinin, “İcra haqqında” qanuna uyğun olaraq, icra hərəkətlərinin həyata keçirilməsi üçün icra məmurlarına kommersiya və vergi sirlərini qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər.

“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyətlər istisna olmaqla) həyata keçirən müvafiq icra orqanı qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedənlər və sığorta olunanlar barədə məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edəcək.

“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanuna təklif edilən dəyişiklik “İcra haqqında” qanuna uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsində dövlət torpaq kadastrı məlumatlarından istifadə edilməsini nəzərdə tutur.

Qeyd edək ki, hazırda “Elektron notariat” və “Elektron icra” informasiya sistemləri ilə Vergi Məcəlləsi, “Notariat haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunlar arasında məlumatların həmin informasiya sistemlərinə verilməsi hissəsində uyğunsuzluq mövcuddur. Həmin qanunlarda məlumatların verildiyi orqanların dairəsi göstərilsə də, icra məmurları və notariuslar həmin məlumatların istifadəçisi kimi göstərilməyib. Bununla əlaqədar həmin qanunlarda müvafiq məlumatların icraatda olan işlər üzrə icra məmurları və notariuslara elektron qaydada təqdim edilməsi ilə bağlı hüquqi əsaslar müəyyən edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Ramiz Mikayıloğlu

Digər xəbərlər