Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb

Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb
  • Clock-gray 13:52
  • calendar-gray 04 İyul 2020

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Gəncə də daxil olmaqla, ölkənin bir sıra şəhər və rayonlarında tədbiq olunan sərtlərşdirilmiş karantin rejimi davam edir. Gəncə Şəhər İcra Hakimiyyəti koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirlərin miqyasını isə bu günlərdə daha da genişləndirib. 

APA-nın qərb bürosunun xəbərinə görə, Gəncədə növbəti dəfə gücləndilmiş və genişmiqyaslı dezinfeksiya işləri aparılıb. İşlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar. Səhər saatlarından başlayaraq şəhərin əsas küçə, prospekt və yolları su çiləyici avtomobillərin köməyi ilə xüsusi dezinfeksiyaedici məhlullarla yuyulublar. Dezinfeksiya işləri Gəncənin qəsəbə və yaşayış massivlərini də əhatə edib. Park və meydanlarda, yaşayış məhəllələrində, çoxmənzilli binalar və digər ərazilərdə görülən tibbi-profilaktiki işlər gün boyu davam edəcək. 

Məlumat üçün bildirək ki, istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alınaraq, şəhər sakinlərinə ciddi zərurət yaranmadığı təqdirdə küçəyə çıxmamaları barədə bir gün əvvədən yerli KİV-lər vasitəsi ilə xəbərdarlıq edilib.

Tibbi-profilaktiki tədbirlərlə yanaşı reyd və maarifləndirmə işləri də davam etdirilir. Bu dəfəki reydlər bazarlarda və kənd təsərrüfatı məhsullarının satış məntəqələrində aparılıb. Reydlərdə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəis müavini Arif Hüseynov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin rəis müavini İrza Nağıyev iştirak ediblər. 

İki istiqamətdə reallaşan reydlər zamanı sözügedən məkanlarda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin tələblərinə hansı səviyyədə əməl olunduğu yoxlanılıb. Sahibkar, satıcı və alıcıların müvafiq icazələrinin olub-olmamasına da baxılıb. Sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq formada tədbirlər görülüb. Reyd zamanı satıcı və alıcılarla maarifləndirici söhbətlər aparılıb, müəyyən olunmuş qaydalara əməl edilməsinin önəmi bir daha xatırladılıb. Sakinlərə sosial məsafə saxlamaq, tibbi maska, əlçək və sprit kimi, qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunub. 

Qeyd edək ki, Gəncədə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər bundan sonra da davam etdiriləcək.

Fuad Nazimoğlu

Digər xəbərlər