Hafiz Səfixanov: “Süni zəka silahları bəşəriyyət üçün təhlükədir"

Hafiz Səfixanov: “Süni zəka silahları bəşəriyyət üçün təhlükədir"
  • Clock-gray 15:44
  • calendar-gray 19 Fevral 2020

“Bəzi dövlətlər, QHT-lər, süni zəka sistemlərinin yaradılması ilə məşğul olan müxtəlif şirkətlər bütün dünyada avtonom silahların istehsalı və inkişafına qarşı mübarizə aparmaq və hüquqi tənzimləyici sənədin hazırlanması üçün çağırış edir. Nobel Sülh Mükafatın 26 qalibi də bu prosesin aktiv iştirakçısıdır".

APA-nın məlumatına görə, bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin (İB) sədri Hafiz Səfixanov bildirib. 

O qeyd edib ki, 4-cü sənaye inqilabının mənfi təzahürlərindən biri olan ölümcül təsirli tam avtonom silah sisteminə qarşı artıq bir neçə ildir, BMT strukturları çərçivəsində 100-dən artıq dövlətin iştirakı ilə müzakirələr aparılır.

H. Səfixanov deyib ki, ölümcül təsirli tam avtonom silah sistemləri ilə əlaqədar BMT çərçivəsində aparılan və hüquqi tənzimləyici sənədin hazırlanmasına yönəlmiş müzakirələrdə Azərbaycanın da aktiv iştirakının təmin olunması üçün Azərbaycan Nazirlər Kabinetinə, Xarici İşlər Nazirliyinə və Yüksək Texnologiyalar Parkına müraciət edilib.

İB sədri deyib ki, bu silahların fəaliyyətinə insanlardakı güclü inkişaf etmiş özünümüdafiə instinkti kimi faktorlar maneə ola bilməyəcək. Onun sözlərinə görə, avtonom silahlar fəaliyyəti dronlardan fərqlənir: "Dronlara son ana qədər müdaxilə etmək mümkündür, amma bu silaha komanda verilibsə, artıq müdaxilə etmək mümkün deyil. Beləliklə, robot silahların yaradılması və istifadəsi çoxsaylı etik, texniki, hüquqi və təhlükəsizlik problemi yaradacaq. İnsan müdaxiləsi olmadan, özü idarə olunan süni zəka silahları bəşəriyyət üçün faciəli nəticələrə gətirib çıxaracaq".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date