Həsən Həsənov: “Atropatena / Atrapatena / Adorbayqan və Azərbaycan adı eyni mənşəlidir - MÜSAHİBƏ

Həsən Həsənov: “Atropatena / Atrapatena / Adorbayqan və Azərbaycan adı eyni mənşəlidir - MÜSAHİBƏ
  • Clock-gray 17:18
  • calendar-gray 20 Fevral 2020

Təxminən iki il əvvəl Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun "Makedoniyalı İsgəndər və Atropat" adlı kitabının ilk təqdimatı keçirildi. Kitabda "Azərbaycan" adlı dövlətin yaranması ilə bağlı qaldırılan məsələ təbii olaraq öz aktuallığını qoruyub saxlamaqdadır.

APA bununla əlaqədar kitabın müəllifi Həsən Həsənovla sözügedən mövzunu konseptual şəkildə əks etdirən müsahibəni oxucuların nəzərinə təqdim edirik.

- Həsən müəllim, Siz öz elmi fəaliyyətinizə sovet dövrünün əvvəlinə aid olan Azərbaycan tarixini tədqiq etməklə başladınız, sonra Birinci Cümhuriyyətimizin formalaşmasının mürəkkəb prosesləri haqqında bir əsər dərc etdiniz. Necə oldu ki, Sizdə tariximizin ən qədim dövrünə və “Makedoniyalı İsgəndər və Atropat” əsərini yazmağa maraq yarandı?

- Məsələ ondadır ki, tariximizin ən qaranlıq problemlərindən biri ölkəmizin ən qədim əhalisinin etnik mənşəyi haqqında məlumatın olmaması idi. Konseptual olaraq desək, Azərbaycanın ən qədim dövrünün etnik dünyasına olan qapını açacaq bir açar yox idi. Bu baxımdan Zaur Həsənovun Nyu-Yorkda nəşr olunan "Çar skiflər" adlı monoqrafiyası olduqca əhəmiyyətli, qətiyyətli və əsaslı oldu. Skiflər haqqında ilkin mənbələrdə e.ə. VII əsrdən başlayaraq Azərbaycanda baş verən hadisələrlə əlaqədar olaraq bəhs olunur. Eyni zamanda arxeologiya skiflərə qohum xalq olan sakların Azərbaycanda daha əvvəllər yaşadığını qəbul etməyə əsas verir. Zaur Həsənovun məhz "Çar skiflər" əsəri və sonrakı bir sıra əsərləri mənim “Makedoniyalı İsgəndər və Atropat” əsərini yazmağım üçün əsas verdi. Həmin əsərimdə Azərbaycan tarixinin iki çox vacib mərhələsi haqda danışılır.

- Bu hansı iki mərhələdir?

- Birinci mərhələ - Atropatena/Adorbayqan/Azərbaycan adlı dövlətin yaranmasıdır ki, o da sonralar öz müstəqilliyini itirmişdi. İkinci mərhələ isə həmin dövlətin, eyni ad altında müstəqilliyinin bərpasıdır.

- “Azərbaycan” adlı ölkə hansı şəraitdə yaranmışdı?

- Roma tarixçisi Ammian Marsellin (IV əsr) “Atropatena” adlı ölkənin Assuriya imperiyasının süqutu nəticəsində yaradıldığını bildirir. Həmçinin Suriyanın Karki de bet Selox (V əsr) salnaməsi "Adorbayqan" adlı ölkənin Assuriya imperiyasının süqutu nəticəsində meydana gəldiyini bildirir. E.ə. I əsrə aid Roma xəritəsində eyni ölkə “Atrapatena” adlanır. “Atropatena/Atrapatena/Adorbayqan” və müasir “Azərbaycan” ad versiyaları eyni mənşəyə mənsubdurlar, bu haqda daha sonra ətraflı məlumat veriləcək.

- Azərbaycan adlı dövlətin yaranmasına gətirib çıxaran Assuriya imperiyasının dağılması nə vaxta təsadüf edir?

- Britaniya Muzeyində akkad dilinin yeni Babil ləhcəsində mətni təsvir edilən «The Fall of Nineveh» adlı mixi lövhə saxlanılır. Mətn 1923-cü ildə ingilis alimi S.J.Qadd (ing. C.J.Gadd) tərəfindən oxunmuş və nəşr edilmişdir. Lövhədəki mətnə ​əsasən, Assuriya imperiyasının paytaxtı Nineviya e.ə. 612-ci ildə işğal olunaraq məhv edilmişdir. Assuriyalılar müxtəlif şəhərlərdə hakimiyyəti qorumağa və hətta sənədlər dərc etməyə çalışsalar da, dövlətin mövcudluğu dayandırılmışdı. Bu səbəbdən Ammian Marsellininin bəhs etdiyi (Atropatena) və Suriyanın Karki de bet Selox salnaməsində bəhs olunan (Adorbayqan) yeni ölkənin yaranmasý tarixi e.ə. 612-ci il hesab olunur.

- E.ə. 612-ci ildə yarandığı zaman “Atropatena/Adorbayqan” adlı ölkənin hüdudları hara idi?

- Yarandığı anda Atropatena/Adorbayqan adlı ölkənin hüdudları ilkin mənbələrdən alınan məlumatlara, eləcə də E.Kavaiqnyak, Volfram Nagel, A.A.Nemirovski kimi XX əsr müəlliflərinin araşdırmalarına əsasən mühakimə edilə bilər. Bunlardan V.Nagel və A.Nemirovski hətta sərhədləri aydın göstərən xəritələr tərtib ediblər. Yəni ölkənin şərq sərhədinin Xəzər dənizinin sahili olduğunu, qərb sərhədlərinin Anadoluda (hazırkı Qızıl Irmak) Qalis çayına çatdığını, şimal sərhədlərinin Qafqaz silsiləsinə, cənub sərhədlərinin isə Urmiya gölünə çatdığını qəbul etməyə əsas verir. Midiya isə ondan vassal asılılığında idi.

- Hansı xalq Assuriya imperiyasını məhv etdi və Atropatena/Adorbayqan adlı ölkəni yaratdı?

- «The Fall of Nineveh» adlı Yeni Babil mixi lövhəsi və İstanbulda Arxeoloji Muzeydə saxlanılan mixi yazılı Nabonidus qranit lövhəsi Assuriya imperiyasının Umman-Manda xalqı tərəfindən dağıdıldığından xəbər verir. Bu lövhənin tədqiqatçıları Qadd və B.B.Piotrovski Umman-manda adı altında skiflərin nəzərdə tutulduğunu iddia edirlər. Qərbi Asiyada o dövrdə hegemon xalqı “şimaldan gələn” adlandırırdılar. Əvvəlcə bu ad altında kimmerlər, sonra skiflər və nəhayət, Midiyalılar nəzərdə tutulurdu. E.ə. 623-cü ildə skiflərin midiyalılar üzərində (çar Madiyanın başçılığı altında) qələbəsi nəticəsində (e.ə 623-594-cü illər, 28 il ərzində) hegemonluq skiflərdə idi (bax: Herodot). Assuriya imperiyasının dağıdılmasının e.ə. 612-ci ildə, yəni skiflərin hegemonluğu dövründə baş verdiyini nəzərə alsaq, "Umman-manda xalqı" dedikdə skiflərin nəzərdə tutulduğu şübhə doğurmur. Atropatena/Adorbayqan adlı ölkəni yaradan məhz Assuriya imperiyasını məhv edən skiflər olmuşdur.

- Bəs Herodot deyir ki, Assuriyanı Midiyalılar məhv etdilər?

- Doğrudur, yalnız Herodot (I, 103-106) deyil, həm də onun ən yaxın çağdaşı Ktesiy (Ctesias) də Midiyanın Assuriyanı məhv etdiyindən bəhs edir (bax: Diodor II, XXXII, 5). Lakin biz Herodot və Ktesiyin yazdıqlarını təkzib edən ilkin mənbələrə malikik. İlk növbədə Herodot Kiaksarın 40 il hökmranlıq etdiyini (28 il sürən skif hökmranlığı da daxil olmaqla) vurğulayır. Bu o deməkdir ki, Kiaksar 28 il ərzində Midiyanın hökmranlığından uzaqlaşdırılmış, Assuriya isə məhz 28 il davam edən skif hegemonluğu dövründə məhv edilmişdir. Diodor Assuriyanın Midiyanı öz valisi vasitəsilə idarə etdiyi barədə məlumat verir. Diodor Assuriyanı məğlub edən Arbakın Midiya çarı yox, yalnız “Midiya sərkərdəsi” olduğunu da vurğulayır (Diodor II, XXVI, 1, 2). Kurtsiy Rufun və Diodorun bəhs etdikləri həmçinin Assuriya İmperiyasını məhv edən ölkə barədə fikir formalaşmasına əsas verir. Kurtsiy Rufa görə, Makedoniyalı İsgəndərin qəbul etdiyi skif səfirləri ona “Suriya çarını, fars və midiyalıların çarını məğlub etdiklərini” bildirdilər və bu qələbələr sayəsində onların qarşısında Misirədək aparan yol açıldı (Kurtsiy Ruf, VII, 8, 18). “Suriya çarı” dedikdə Nineviyanın işğalı zamanı məğlub olan Assuriya çarı nəzərdə tutulur. “Fars və midiyalıların çarı” dedikdə, Madiy tərəfindən məğlub edilən Midiya hökmdarı Kiaksar nəzərdə tutulur. Skiflər qarşısında Misirə aparan yolun açılması məsələsinə gəldikdə isə, bu barədə ilkin mənbələrdə məlumat verilir. “Skif hökmdarları tərəfindən digər məğlub edilmiş tayfaların da köçürülməsi və ən önəmli onlardan biri Assuriyadan Paflaqoniya və Pontom arasında yerləşən torpaqlara, digəri isə Midiyadan Tanais çayı sahilinə köçürülmələri” barədə Diodorun yazdıqları assuriyalıların və midiyalıların məhz skiflər tərəfindən məğlub edilmələri sualına birmənalı cavab verir (Diodor, II, XLIII, 6,7).

- Assuriya imperiyasının çökməsi və Atropatena/Adorbayqan adlı ölkənin yaranması zamanı skiflərin hökmdarı kim idi?

- Herodot yazır ki, skiflərin midiyalılar üzərində qələbəsi (e.ə. 623-cü il) zamanı hökmdar Madies/Madiy idi. [Strabon onu Skifiyalı Madiy, Suriya mənbəyi isə Maday adlandırır]. Madiy e.ə. 673-cü ildə skif çarlığını (Assuriya mənbələrində “Aşquz/İşquz” adı ilə qeyd olunan) yaradan digər skif hökmdarı Prototinin oğlu idi. [Z.Həsənov Herodotu orijinal dildə oxumuş və orada “skiflər” deyil, “quzlar” yazıldığını aşkar etmişdir. “Quz” oğuz adının formalarından biridir]. Skif çarlığı Araz çayının sol sahilindən Qafqaz silsiləsinə qədər olan ərazidə yerləşirdi. Karki de bet Selox salnaməsində Assuriya imperiyasının dağıdılması barədə qeyd olunur ki, “Arbak, çar Maday Assuriya çarlığına qarşı üsyan etdi”. Nəyə görə burada iki ad - Maday və Arbak - istifadə olunur? Məsələ burasındadır ki, e.ə. 623-cü ildə Midiya çarı Kiaksar Assuriyanı təkbaşına fəth etmək qərarına gəldi və bu məqsədlə paytaxt Ninevanı mühasirəyə aldı. Mühasirə  uğurla başladı. Assuriya çarı təhlükəni hiss edərək skif çarı Madiydən kömək istədi. Madiy Midiyaya hücum etdi, Kiaksar Nineviyanın mühasirəsini dayandıraraq qoşunu ilə Midiyaya qayıdır və Madiy tərəfindən məğlub edilir. Bunun nəticəsində Herodot dediyinə görə skiflər 28 il ərzində Qərbi Asiyanın hegemonu oldular. Bölgədə hakimiyyətini davam etdirən Assuriya çarı Madiyi öz valisi təyin etdi. Yunan, Roma, Bizans, Suriya və Avropa qaynaqlarında əvvəlcə Midiyalıları məğlub edən, sonra Assuriya İmperiyasını məhv edən skif çarı Madiy, Arbak/Arpat/Adurbad və s. titullarla Midiyada vali təyin olundu.

- Skiflər hansı etnosa aid idilər?

- Herodot təsvir etdiyi dövrün skif imperatorluğu müxtəlif xalqlardan ibarət böyük bir ərazini əhatə edirdi. Herodot skiflərin mifologiyasını, sosial strukturunu və bütpərəst dinini ətraflı təsvir edir. Bundan əlavə Herodot qeyd edir ki, skif dövlətinin əhalisi yeddi dildə danışırdılar və hakim klanın nümayəndələri ölkəni gəzdikləri zaman özləri ilə yeddi tərcüməçi götürürdülər. Buna baxmayaraq, həm Avropa, həm sovet elmində, Herodotun yazdıqlarını diqqətə almayaraq, skifləri bütünlüklə, heç bir əsas olmadan, irandilli xalq olaraq tanıyırlar və onların yeganə  davamçı nəsli olaraq osetinləri hesab edirlər. Son illərin tədqiqatları, o cümlədən Azərbaycan alimi Zaur Həsənovun dil problemi və sosial-mifoloji aspektlər haqda araşdırmaları, skif cəmiyyətinin çoxdilli olmasını və hakim klanın türk klanı olmasını qəbul etməyə əsas verir. Eyni zamanda qeyd edilməlidir ki, Atropatena/Adorbaygan/Azərbaycan adlı dövlət təşəkkül tapdığı dövrdə geniş əraziləri əhatə etməklə bir çox xalqları birləşdirmiş və bunların həm dövlətin təşəkkülündə həm də möhkəmlənməsində xidmətləri olmuşdur. 

- Madiy adının və Arbak/Arpat titulunun mənşəyi nədir?

- Madiy adına gəldikdə isə Türk tarixində Mode, Maodun, Modun, Mete adlı (e.ə. 234-174-cü illər) hun hökmdarı var ki, İakinf Biçurin və F.Hirt kimi türkşünaslar onu Oğuz xanla identifikasiya edirdilər. Hun hökmdarının Oğuz xan olması ilə biz razı deyilik, ona görə ki, onların yaşam dövrlərində bir neçə əsr fərq vardır. Bununla bərabər, Mode Türk hökmdarı adının mövcud olması skif çarı Madiyin adının türk mənşəli olmasını hesab etməyə əsas verir. Hun hökmdarının adının türk versiyası “Mete”dir, bu isə türk dilindən tərcümədə “cəsur”, “igid”, “cəsarətli” mənalarını verir. “Vali” mənasında istifadə olunan Arbak titulu türk ənənəsində “əcdadın ruhu” mənasında yayılmışdır. Arpat, adı öz Avropa ölkəsinin yaradıcısı olaraq macarların ənənəsində qorunub saxlanılır. Qədim dövrdə skif bölgəsi olan Krımda Arpat adı toponim və hidronim şəklində geniş yayılmışdır. "Adurbad" formasının əlavə mənaya malikdir və bu barədə daha sonra ətraflı müzakirə edəcəyik.

- “Atropatena/Adorbayqan” ölkə adı necə yarandı?

- Ölkənin adı ilə bağlı Suriyanın Karki de bet Selox salnaməsində qeyd olunur ki, “Arbak, yəni midiyalıların çarlığında Adurbad qala divarı tikdi və həmin divar onun adı ilə “Adorbayqan torpağı” adlandırıldı”. “Arbakın, yəni Adurbadın qala divarı tikməsi” məlumatından onun yeni ölkə qurması qənaətinə gəlmək mümkündür. Arbakın, yəni Adurbadın, yeni ölkəni “midiyalıların çarlığında” yaratması məlumatı Arbakın eyni zamanda iki ölkəni - Midiya və yeni Atropatenanı/Adorbayqanı idarə etməsi deməkdir. Bu müsahibədə Atropatena və Adorbayqan fonetik versiyalarından istifadə etməyimiz bu səbəbdən irəli gəlir ki, Ammian Marsellin və Suriya salnaməsi olan Karki de Bet Selox ölkənin yaranma şəraiti haqqında məlumat verərkən ölkəni belə adlandırmışlar. Bunlarla yanaşı, Azərbaycan adından da ona görə istifadə edirik ki, məhz bu müasir reallıqları əks etdirir.

- “Adorbayqan” və “Atropatena” adları onun yaradıcısının adını necə ehtiva edir?

- Ölkənin adında, əslində ölkə qurucusunun adı deyil, titulu əks olunur - mənbələrdə Arbak/Arbakt/Adurbad və s. müxtəlif fonetik versiyalarda istifadə olunur. Ölkənin türk tayfaları tərəfindən yaradıldığını nəzərə alsaq, ölkənin adını türk sözləri əsasında türk etimologiyası ilə əlaqələndirməyə bütün əsaslar var. Adorbayqan adında “Adorbay” başlığı vardır və “qan” şəkilçisi toponim yaradan suffiksdir. Sözdəki “Ad/At” prefiksi qədim Türk dilində “əcdad” deməkdir. Bu halda ölkənin adı “Orbay əcdadın torpağı” deməkdir. Orbay soyadı Türk xalqları arasında hələ də geniş yayılmışdır. “Atropatena” versiyasına gəldikdə, onu qeyd etməliyəm ki, bu versiya e. ə. I əsrə aid qədim yunan xəritəsində “Atropatena” olaraq yazılmışdır. Atropatena/Atrapatena versiyası “r” və “a/o” hərflərinin yerlərinin dəyişməsi zamanı baş verən metatez nəticəsində yaranan dəyişilmiş formadır. Metatez haqqında qanuna əsasən ilkin versiyanı bərpa etsək, ölkənin adı Atorpatena və ya Atarpatena olar. Bu versiyada sözün əsasını Orpat və ya Arpat titulu təşkil edir, “ena” isə toponim yaradan şəkilçidir. Bəhs olunan versiyada ölkənin adı “əcdad Arpatın/Orpatın ölkəsi” mənasını daşıyır. Ölkə adının qədim dövrlərdə qeydə alınan bütün yaranma variantlarının heç birinin fars və ya yunan dilləri ilə heç bir əlaqəsi yoxdur və hər biri qədim türk ənənələrini əks etdirir. 

- Atropatena/Atarpatena və Adorbayqan adları hansı səbəbdən Azərbaycan sözünə çevrildi?

- “Azərbaycan” variantının yaranması ərəb hakimiyyəti dövründə orijinal "t" hərfinin "h" hərfinə keçməsinin nəticəsidir. Ancaq ölkənin adının quruluşu dəyişməz olaraq qalır. Azərbay sözü Atorpat/Atarpat və ya Adorbay ilə eynidir və "qan" şəkilçisi "can" formasına dəyişib.

- Atropatena/Adorbaygan/Azərbaycan adlı dövlət e.ə. 612-ci ildə yaranıbsa, demək, antik dövrün böyük imperiyalarının çağdaşı olub?

- Elədir ki var. Əsrlər boyu Azərbaycan Assuriya, Midiya, Əhəmənilər, Selevkilər, Parfiya, Roma, Şərqi Roma (Bizans), Sasanilər İmperiyalarının çağdaşı, bəzən hərbi-siyasi tərəfdaşı, bəzən isə rəqibi olub. Bu dövlətlərin nəhəngliyi hələ də ağlasığmazdır. Buna baxmayaraq, bu imperiyaların adları dünyanın siyasi xəritəsindən silindi. Ölkəmizin adı Atropatena / Adorbaigan / Atrapatena / Azərbaycan olaraq müxtəlif fonetik variantlarda 27 əsrdir ki, tarixi sənədlərdə davamlı olaraq xatırlanır. Qədim mənbələrdə yüzlərlə xalqın adları çəkilir, lakin bu siyahıdan günümüzədək, Atropatiyalılar, Atropatenlər, Atropatenalılar, Azərbaycanlılar formalarında xalqımızın adı daxil olmaqla, yalnız bir neçəsi qorunub saxlanılıb. Azərbaycan dövlətimizin, Vətənimizin, xalqımızın, dilimizin adıdır. Əslində Azərbaycan sözü milli dəyərlərimizin siyahısına daxil edilib.

- İlkin mərhələdə cəmi 27 il müstəqil olan bir ölkənin adı dövrümüzə hansı möcüzə ilə gəlib çatdı?

- Ölkənin adının qorunması bir möcüzə deyil, ölkəni yaradan ulu əcdadın sonrakı nəsillərinin əzmkarlıq və heyrətamiz qətiyyətinin, yüksək diplomatik bacarığının nəticəsidir. Ölkənin yaradıcısının davamçıları Atropatidlər sülaləsi adı ilə tarixə düşdülər. Onların şəcərəsini “Makedoniyalı İsgəndər və Atropat” kitabında izləməyə müvəffəq olduq. Maraqlı faktdır ki, onlar ölkələrini yalnız müstəqillik dövründə deyil, həm də ölkənin hər hansı bir imperiyanın tərkibində olduğu şəraitdə idarə edirdilər. Bu sülalə haqqında qədim Yunan və Roma mənbələri məlumat verir. Onlar Ermənistanın idarəsini onlara həvalə edən Roma imperatoru Oktavian Avqust ilə fəal əməkdaşlıq edirdilər. Bu sülalənin nümayəndələrindən biri bu imperator tərəfindən övladlığa qəbul edilmiş və Roma qəbiristanlığında dəfn edilmişdi. Bu sülalənin nümayəndələri Parfiya imperiyasına da hökmdarlıq edirdilər. Mənbələr Atropatid sülaləsinin son nümayəndəsinin 309-cu ildə Sasani şahı II Şapur tərəfindən öldürüldüyünü qeyd edir. Belə qənaətə gəlmək olar ki, Atropatid sülaləsinin hakimiyyəti 921 il davam etmişdi. Dünya tarixində öz ölkəsində belə bir hökumət təcrübəsi olan bir neçə sülalə mövcud olub.

- Ölkənin türk-əsilli skiflər tərəfindən yaradıldığı aydın olur. Bəs Atropatenanın xalqı necə adlanırdı?

- Antik dövrün müəllifləri (Polibi, Strabon, Plutarx, Ruf Fest Avien) e.ə. III əsrdən eramızın IV əsrinədək, 700 il ərzində ölkə əhalisini "Atropatiyalar, Atropatenalılar, Atropatenlər", yəni müasir fonetik variantda - "Azərbaycanlılar" adlandırırlar. "Azərbaycan xalqı" və "Azərbaycanlılar" anlayışlarını orta əsrlər ərəb müəllifləri Təbəri, Bəlazuri, İbn-Rüstə, İstəxri və s. istifadə edirlər. Azərbaycan xalqının dili ilə bağlı qədim mənbələrdə məlumat yoxdur. Tarixin İslam dövründə ilk dəfə olaraq dilimiz bəzi müəlliflər tərəfindən (Bəlazuri, İbn-Həvqəl) “Azərbaycan dili” adlandırılır. Böyük Biruni (X-XI əsr.) xalqımızın nümayəndələrini “Azərbaycanlılar”, dilimizi isə “Azərbaycan dili” adlandırır. [Xalqımızın və dilimizin guya yalnız XX əsrdə sovet dövründə belə adlandırıldığını iddia edənlərin nəzərinə].

- Qədim dövrdə bizim “Atropatenalılar”, yəni “Azərbaycanlılar” adlandırılmağımızı nümunə gətirirsiniz. Axı sovet hakimiyyətinin ilk dövründə bizi “Türk” adlandırırdılar...

- Düz deyirsiniz, bizi Türk adlandırdılar, həmçinin VII əsrdə ölkəmizə ilk ərəblər daxil olduqda belə. İslam dinini qəbul edəndən sonra əsrlər boyu xalqımız özünü əsasən müsəlman adlandırmışdı. Buna baxmayaraq, biz nəinki ölkənin adı Azərbaycan və azərbaycanlı etnoniminə hörmətlə yanaşmalı, biz onları qorumalıyıq. Artıq XIX əsrdə "Kəşkül" qəzeti xalqımızın azərbaycanlı adlandırılması təşəbbüsü ilə çıxış etmişdi. Lakin bu təşəbbüs susduruldu. Niyə? Çünki Rusiya imperiyası şəraitində Azərbaycan və azərbaycanlı sözləri qadağan edilmişdi. Bu haqda Əlimərdan bəy Topçubaşov belə yazırdı: “Şərqi Zaqafqaziya Müsəlmanları… doğma vətənlərini öz adı Azərbaycan adı ilə çağırmağa və özlərini Azəri-Türkü, Azərbaycanlı adlandırmağa cəsarət etmirdilər; türk mənşəli xalq olduqlarını deməyə cürət etmirdilər…” (Bax: Topçubaşov, Seçilmiş əsərləri, IV cild, Bakı, 2015). Sovet hakimiyyətinin ilk illərində bizi həqiqətən əvvəlcə Türk, daha sonra Azərbaycan türkləri və nəhayət, azərbaycanlı adlandırırdılar. Bəziləri guya Stalinin “azərbaycanlı” etnonimi bizə “sırıdığını” iddia edirlər. Stalini, xalqımıza qarşı edilənlər daxil olmaqla, bir çox məsələlərdə günahlandırmaq olar, lakin xalqımızın adını icad etməkdə əsla. Etnonimimizin bu cür mərhələli transformasiyası heç bir ideoloji və ya inzibati təsirin deyil, dirçəlmiş sovet dövlətçiliyi (tamamilə suveren olmasa da) şəraitində etnik identifikasiyanın təbii inkişafının nəticəsidir.

- Yəni biz Türkük, yoxsa Azərbaycanlıyıq?

- Onu deyə bilərəm ki, “biz türkük” və “biz azərbaycanlıyıq” anlayışları ətrafında müxtəlif yanaşmalar var. Bu məsələ 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu zamanı hərtərəfli müzakirə olunmuşdu. Mən də həmçinin bu müzakirələrdə iştirak etmişəm və ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Konstitusiya Komissiyasının üzvü olmuşam. Müzakirələrin nəticələri ümumxalq referendumuna təqdim edildi və Konstitusiyamızda təsdiq edildi. Mən bu gün də əvvəl təqdim etdiyim fikirdə qalıram. Bu iki anlayış arasında nəinki ziddiyyət yoxdur, geneoloji bağlılıq mövcuddur. Bu bağlılığın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan adlı dövləti türkəsilli skiflər, yəni quzlar/oğuzlar yaratmışdılar. Azərbaycan adının danılması və yaxud onun yad tutulması dövlətimizi yaradan ulu türk əsilli babalarımızın xatirəsinə xəyanətdir. Axı biz məhz Azərbaycan adlı dövlətin hüdudları daxilində bir millət olaraq formalaşmışıq. Milliyyətcə biz türk mənşəli azərbaycanlıyıq, necə ki, qazaxlar, özbəklər və onlarla digər milliyyətlər türk mənşəli, italyanlar, fransızlar, ispanlar və portuqallar roman mənşəli, ruslar, ukraynalılar, belaruslar və polyaklar slavyan mənşəli xalqlardır. Xalqımızın türk mənşəli olduğunu inkar etmək böyük bir səhvdir. Azərbaycanlı kimliyimizə məhəl qoyulmaması da həmçinin böyük səhvdir. Hər iki anlayış bizim üçün eyni dərəcədə doğmadır, yaxındır və minillik tariximizlə sıx bağlıdır. Hər bir insanın həm ata adı, həm öz adı olduğu kimi, xalqlar da eyni cür adlara malikdir. Türk etnonimi xalqımızın atalarının və əcdadlarının adıdır. Azərbaycanlı etnonimi isə bizim, öz dilini, mədəniyyətini və ideologiyasını 27 əsrlik tarixə malik Azərbaycan dövlətçiliyi çərçivəsində formalaşdıran Türk xalqının adıdır.

- Atropatena / Adorbayqan adlı ölkənin aqibəti necə oldu?

- Ölkənin yaradıcısı "Arbak çar Madayın" ölümündən sonra yeni hökmdarlar ölkənin müstəqilliyini qoruyub saxlamağı bacarmadılar. Skiflər 594-cü ilin əvvəlində, midiyalıların sui-qəsdi nəticəsində hegemon statuslarını itirdilər, sonra isə keçmiş müttəfiqləri olan Babil və midiyalılar ilə qarşıdurmaları meydana gəldi. Bu qarşıdurmalar nəticəsində mövcudluğunun 27-ci ilində, yəni 585-ci ildə Atropatena/Adorbayqan müstəqilliyini itirərək Midiyaya dövlətinin tərkibinə daxil edildi. E.ə. 550-ci ildə Midiya Atropatena ilə birlikdə yeni qurulmuş Fars/Əhəmənilər imperiyasına daxil edildi.  

- İkinci mərhələ - yəni əvvəllər danışdığınız müstəqilliyin dirçəldilməsi nə vaxt və hansı şəraitdə baş verdi?

- E.ə. 331-ci ildə Fars /Əhəmənilər imperiyası, Midiya və Atropatena ilə birlikdə məğlub edilərək Makedoniyalı İsgəndərin imperiyasına daxil edildi. Mənbələrdəki məlumatlara əsasən, həmin dövrdə Midiyanın hökmdarı ölkə qurucusunun əcdadın varisi idi ki, o da həmçinin Atropat/Atorpat/Atarpat titullarını daşıyırdı. Atropat İsgəndərin yanında yüksək etimad qazana bildi, bunun nəticəsində Makedoniya ordusu Midiya ərazisindən geri çəkildi. E.ə. 323-cü ildə Makedoniyalı İsgəndərin ölümü nəticəsində Atropatın kürəkəni Perdikka onun varisi olduqdan sonra o, Atropatenanı Midiya satrapiyasından/bölgəsindən çıxartmağı və Makedoniya imperiyası daxilində mənbələrdə "Kiçik Midiya" adı ilə tanınan müstəqil bölgə yaratmağı bacardı. E.ə. 331-ci ildə Perdikkanın ölümündən sonra Atropat Kiçik Midiyanı Makedoniya imperiyasından çıxartdı və orijinal “Atropatena” adı ilə ölkəsinin müstəqilliyini bərpa etdi (bax: Strabon).

- Ölkəmizi yaradan ulu əcdadın adı niyə Suriya mənbəyində var, bizim mənbələrdə yoxdur?

- Məsələ burasındadır ki, “Azərbaycan” adlı ölkənin əcdadının adı Azərbaycan mənbələrində saxlanılıb. Günah mənbələrimizdə deyil, problem tariximizə dair bilgilərin yetərli qədər qiymətləndirilməməsindədir. Bu əcdadın adı Oğuz xandır. “Azərbaycan” adlı ölkənin məhz Oğuz xan tərəfindən yaradılması barədə XIII əsrin böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddin məlumat vermişdi. Yuxarıda adı çəkilən skif çarı Madiyin elə Oğuz Xan olması böyük Didro və Dalamber tərəfindən nəşr olunmuş fransız ensiklopediyasında (1783-cü il) qeyd olunur.

Qeyd: Müəllifin digər əsərləri ilə bu linkdə tanış ola bilərsiniz: https://independent.academia.edu/HasanHasanov7)

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date