“Könüllülər Yurdu–Azərbaycan” layihəsinin bağlanış mərasimi keçirilib - FOTO

“Könüllülər Yurdu–Azərbaycan” layihəsinin bağlanış mərasimi keçirilib - FOTO
  • Clock-gray 12:08
  • calendar-gray 25 Yanvar 2020

“Könüllülər Yurdu–Azərbaycan” layihəsinin bağlanış mərasimi keçirilib.

APA-nın məlumatına görə, “Könüllülər Yurdu–Azərbaycan” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Gənclər Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbirdə Prezident İlham Əliyevin tapşırığına əsasən, könüllülük hərəkatının genişlənməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edilib, məhz bu siyasətin tərkib hissəsi olaraq 2020-ci ilin respublikada “Könüllülər ili” elan olunduğu ifadə edilib.

Həmçinin “ASAN könüllüləri” tərəfindən müxtəlif sahələrdə, o cümlədən vətənpərvərliyin təbliği istiqamətində gerçəkləşdirilən layihələrin əhəmiyyətindən bəhs olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, 30 gündə ərzində layihə çərçivəsində bir çox aksiyalar və təlimlər keçirilib: "Bu layihə könüllülər üçün ciddi uğurdur. Bu işi ürəklə görən könüllülərə təşəkkür edirəm. Artıq 3-cü ildir ki, Gənclər Fondu ilə bu cür ölkə əhəmiyyətli tədbir keçirilir və ilbəil əhatə dairəsi, hədəf qrupu, könüllülərin sayı daha da artır. Könüllülük Azərbaycanda həmişə olub, son illərdə isə hərəkat halına gəlib və Azərbaycan gəncliyinin həyat tərzinə çevrilib. Prezident İlham Əliyev Davosda gənclərlə bağlı suala cavabında bildirdi ki, Azərbaycanda gənclik könüllülük proqramında, start-upda, dövlət idarəçiliyindədir. Bugünkü tədbir də həmin sözlərin əyani sübutudur”.

Ü. Mehdiyev qeyd edib ki, "ASAN Xidmət" fəaliyyətə başladığı gündən bu günə qədər 20 mindən çox gənc könüllük fəaliyyəti göstərib, həmin gənclərin 1000-dən çoxu "ASAN Xidmət"də işə qəbul olunub: "ASAN Könüllülər" Təşkilatı bu günə qədər 550-dən artıq, on minlərlə gənci əhatə edən tədbirlər həyata keçirib”.

2020-ci ilin Azərbaycan Prezidenti tərəfindən "Könüllər ili" elan edildiyini xatırladan Agentlik sədri vurğulayıb ki, il ərzində dövlətin bütün aidiyyəti təşkilatları, nazirlik və qurumlarını əhatə edən tədbirlər keçiriləcək.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, könüllük fəaliyyəti gənclərə bilik və bacarıq aşılayır, həmyaşıdları ilə sosiallaşmağa imkan verir.

Qeyd edək ki, “Könüllülər Yurdu – Azərbaycan” layihəsinin məqsədi region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaqdır. Layihə 15 şəhər və rayon olmaqla, ümumilikdə 45 regionu və 2500-ə yaxın gənci əhatə edib.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date