Milli Məclisin sessiyaları arasındakı dövrdə İntizam komissiyasının işi davam edəcək

Milli Məclisin sessiyaları arasındakı dövrdə İntizam komissiyasının işi davam edəcək
  • Clock-gray 13:20
  • calendar-gray 16 Sentyabr 2020

Milli Məclisin İntizam komissiyasının iclasları ayda iki dəfədən az olmayaraq keçiriləcək.

APA-nın məlumatına görə, bu, sabah Milli Məclisin İntizam Komissiyası və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının Milli Məclisinin İntizam Komissiyasının Əsasnaməsi” layihəsində əksini tapıb.

Layihəyə əsasən, İntizam komissiyasının iclasının gününü və saatını komissiyanın sədri təyin edəcək. Milli Məclisin sessiyaları arasındakı dövrdə İntizam komissiyasının işi davam edəcək. İntizam komissiyasının iclası haqqında komissiya üzvü (həmçinin barəsində komissiyada iş aparılan deputat)  iclasın başlanmasından əvvəl 3 iş günü ərzində xəbərdar edilməlidir. İntizam komissiyasının üzvü olan deputatın  komissiyanın iclasında iştirakı məcburi olacaq. İntizam komissiyasının sədrindən icazə alaraq komissiyanın iclasında iştirak etməmək üzrlü səbəb sayılacaq. İntizam komissiyasının iclası onun azı 6 üzvü iştirak etdikdə səlahiyyətli olacaq.

İntizam komissiyasının iclasları qapalı keçiriləcək. İntizam komissiyasının 7 üzvünün razılığı ilə onun iclasları açıq və KİV-lərin iştirakı ilə keçirilə bilər. İntizam komissiyasının bütün qərarları (rəyləri)  onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə və açıq səsvermə yolu ilə qəbul ediləcək. İntizam komissiyasının səlahiyyətlərinə aid olan məsələlərə dair keçirilən iclaslarda İntizam komissiyasının rəyi ilə razı olmayan komissiya üzvü xüsusi rəyini protokola əlavə edə bilər  və həmin xüsusi rəylə (Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 2-ci bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etməyə dair xüsusi rəy istisna ilə) Milli Məclisin iclasında çıxış edə bilər.  

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər