QMİ sədri din xadimləri ilə videokonfrans keçirib

QMİ sədri din xadimləri ilə videokonfrans keçirib
  • Clock-gray 17:46
  • calendar-gray 03 İyul 2020

İyulun 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib.

QMİ-nin mətbuat xidmərindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və ölkəmizdəki dini konfessiya başçılarının qatıldığı videogörüşdə QMİ-nin paytaxt və bölgələrdəki qazı və səlahiyyətli nümayəndələri iştirak ediblər.

Videoiclasın iştirakçılarını salamlayan QMİ sədi Şeyxülislam A.Paşazadə ilk dəfə bu formatda görüşdüklərini xatırladıb. Dini mənsubiyyətindən asılı olmayaraq heç bir fərq qoymadan hər bir insanı təhdid edən COVİD-19 bəlası ilə mübarizədə dövlət və din xadimlərinin bir araya gələrək qüvvələrini səfərbər etmələrində fayda olduğunu xatırladan QMİ sədri Azərbaycan dövlətinin pandemiyanın yayılmasının qarşısının alınması üçün gördüyü geniş miqyaslı işlərdən bəhs edib. Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin ölkə daxilində həyata keçirdiyi ardıcıl tədbirlərin əhəmiyyətindən danışıb, həmçinin, dövlətimizin 30-dan artıq ölkəyə humanitar yardımlar göstərməsini, dövlət rəhbərimizin beynəlxalq əməkdaşlığın təşəbbüskarı olaraq qlobal nümunələr nümayiş etdirdiyini təqdirlə vurğulayıb. BMT Baş Assambleyasının pandemiyanın qarşısının alınması məramı ilə xüsusi sessiyasının keçirilməsi  təşəbbüsü ilə çıxış etməsinin bəşəri təhlükə ilə mübarizədə qlobal həmrəyliyin təmininə xidmət edən beynəlxalq əməkdaşlıq nümunəsi olduğunu bildirən QMİ sədri bunu olduqca əhəmiyyətli, dəyərli addım kimi qiymətləndirib. 

QMİ sədri Azərbaycan Prezidentinin Nazirlər Kabineti yanında təsis etdiyi Operativ Qərargahın fəaliyyətini təqdir edərək, QMİ-nin bu qurumla fəal əməkdaşlıq etdiyini, dini səciyyəli məsələlərə dair tövsiyə və qərarları birgə  müzakirə etdiklərini diqqətə çatdırıb. Şeyxülislam A. Paşazadə dini mərkəzin geniş beynəlxalq əlaqələrinin pandemiya dövründə də davam etdirildiyini qeyd edib. 

Pandemiyanın gedişatı, yaratdığı reallıqlar, fəsadlar barədə geniş məlumat verən Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu bəlanın dəf olunması üçün zəruri olan məqamları din xadimləri ilə bölüşüb. QMİ-də pandemiyanın başlanğıc dövründə keçirilmiş toplantıda bütün zəruri tövsiyələrin açıqlandığını bildirən M.Qurbanlı bunun öz müsbət nəticəsini verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, martın 28-də Bakıda müasir standartlara cavab verən “Yeni klinika” tibb müəssisəsinin istifadəyə verilməsi, modul tipli xəstəxanaların tikilməsi infeksiyanın yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Heydər Əliyev Fondunun göstərdiyi fəallıq da mütləq qeyd olunmalıdır. Fond pandemiyaya qarşı mübarizəyə dəstək verərək böyük sosial layihə həyata keçirib. “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində aztəminatlı və digər həssas kateqoriyadan olan 100 mindən çox ailəyə yardım paylanılıb. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışı ilə əlaqədar olaraq bütün ölkə ərazisində qanvermə aksiyaları təşkil olunub. 

Azərbaycan dövlətinin atdığı addımları dəyərləndirərkən, hər hansı bir ölkənin təkbaşına COVİD-19-la mübarizəsinin qeyri-mümkünlüyünü vurğulayan Komitə sədri dövlətimizin qlobal müstəvidə bütün dünya dövlətlərinin səylərinin birləşdirilməsi yönündə atdığı addımları, xüsusən, BMT Baş Assambleyasının pandemiyanın qarşısının alınması məramı ilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü xüsusilə nəzərə çatdırıb. 

Videoiclasda çıxış edən dini konfessiya rəhbərləri - Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Katolik icmasının rəhbəri Yepiskop Vladimir Fekete və Alban-udi icmasının başçısı Robert Mobili din xadimləri olaraq dünyanın tezliklə virus təhlükəsindən qurtulmağı, bəşərin xilası üçün və Azərbaycan hökümətinin bu istiqamətdə gördüyü işlərin uğuru üçün dualar ediblər. Bildiriblər ki, xəstəliklə mübarizə üçün dinindən asılı olmayaraq cəmiyyətin bütün zümrələri səfərbər olmalı, lazımi davranış qaydalarına əməl etməli, dövlətimizə dəstək olmalıdırlar. 

QMİ sədrinin birinci müavini Müfti Salman Musayev pandemiya dövründə məcsidlərin kütləvi ibadətlərə bağlı olması şəraitində din xadimlərinin ehtiyacı olan insanlara, yaşlılara, əlillərə yardımlar təşkil etdiyini, dəfn mərasimlərinin dinimizin qaydalarına uyğun keçirilməsini təmin etmələrini, yayınlanan moizələri ilə insanlara mənəvi dayaq olmalarını diqqətə çatdırıb. Müfti məscidlərin bağlı qalması səbəbindən TV-lərdə din xadimlərinin insanların mənəvi ehtiyac duyduğu çıxışlarına imkan və şərait yaradılması məsələsinə dövlət komitəsinin yardımçı olmasını zəruri sayıb. 

Videoiclasda çıxış edən din xadimləri öz fəaliyyətlərini QMİ-nin tövsiyələrinə və direktivlərinə uyğun olaraq həyata keçirdiklərini və dövlətimizin pandemiyanın qarşısının alınmasına yönəlik addımlarını dəstəklədiklərini bildiriblər. Prosesdə rastlaşdıqları çətinlikləri sadalayan, bununla belə yerlərdə səlahiyyətləri çərçivəsində dini-mənəvi borclarını yüksək səviyyədə yerinə yetirdiklərini diqqətə çatdırıblar. Öz təkliflərini səsləndirən din xadimləri onları ən çox narahat edən məqamlar sırasında sosial şəbəkələrdə dövlət və din xadimlərinin ünvanına yönəlik təhqir və qarayaxma kampaniyaları olduğunu birmənalı şəkildə vurğulayıblar. Din xadimləri xarici kəşfiyyat qurumları tərəfindən yönləndirilən şəxslərin belə üzdəniraq, haqsız çıxışlarının dindar kəsimin heysiyyatına toxunduğunu və bu abırsız şəxslərin öz əməllərinə görə qanun qarşısında cəzalandırılmasını tələb etdiklərini diqqətə çatdırıblar.

Günay Elşadqızı

Digər xəbərlər