Risk qrupuna daxil olan şagirdlərlə bağlı fərdi psixoloji-pedaqoji inkişaf planı hazırlanıb

Risk qrupuna daxil olan şagirdlərlə bağlı fərdi psixoloji-pedaqoji inkişaf planı hazırlanıb
  • Clock-gray 10:30
  • calendar-gray 24 Fevral 2020

“Ümumtəhsil məktəblərində təlimdə çətinliyi olan uşaqlar üçün məktəbəsaslı inkişaf planları hazırlanıb və ailələrlə birlikdə icrasına başlanılıb. Bunun məqsədi məktəb psixoloqlarının valideynlərlə birlikdə emosional davranış və digər problemləri olan təhsilalanlarla səmərəli iş sisteminin qurulması, valideynlərlə görüşlərin və maarifləndirmə tədbirlərinin keçirilməsi, sosial-məişət çətinlikləri olan şagirdlərin təhsilinin və fərdi inkişafının dəstəklənməsidir". 

Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirib. Qeyd edilib ki, müəllim və valideynlərlə birlikdə şagirdlərin fərdi psixoloji xüsusiyyətlərinin, meyl və maraqlarının, onların təlim-tərbiyəsində və sosiallaşmasında yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi, psixoloji davranışında, təhsil mühitinə və kollektivə uyğunlaşmasında, əhatə olunduğu insanlara qarşı münasibətlərində müşahidə edilən çətinliklərin, riskli davranışlara, zərərli vərdişlərə aludəçiliyin vaxtında aşkar edilərək aradan qaldırılması istiqamətlərində qabaqlayıcı tədbirlər həyata keçirilir.

Ümumtəhsil məktəblərində çətin tərbiyə olunan, hüquq pozuntuları törədən, bu və ya digər mənada zorakılığa məruz qalan, valideynləri ayrılan və ya hər iki valideynini itirmiş, himayədə yaşayan, qəyyumluğa verilmiş şagirdlər müəyyənləşdirilib. Həmin şagirdlər yerli təhsili idarəetmə orqanları, məktəb rəhbərliyi və pedaqoji kollektivlər tərəfindən nəzarətə götürülüb. Eləcə də ümumi təhsil müəssisələrində sadalanan kateqoriyalara aid hər bir şagirdin psixoloji durumunun öyrənilməsi istiqamətində iş aparılır.

Bununla yanaşı, risk qrupuna daxil olan təhsilalanların valideynləri və qəyyumları ilə təhsil müəssisəsinin pedaqoji heyətinin birgə iclasları keçirilib. İclaslarda valideynlərlə birgə risk qrupuna daxil olan hər bir təhsilalan barədə fərdi psixoloji-pedaqoji inkişaf planı hazırlanıb. 

Fərdi inkişaf planında məktəbin pedaqoji heyətinin və valideynin risk qrupuna daxil olan təhsilalanlara psixo-sosial dəstəyin göstərilməsi tədbirləri və bu tədbirlərin yerinə yetirilməsində cavabdeh şəxslərin rolları müəyyənləşdirilib. Fərdi inkişaf planlarının icra olunmasına yerli təhsili idarəetmə orqanları tərəfindən nəzarətin həyata keçirilməsi təmin edilir.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date