Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil edib - FOTO

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil edib - FOTO
  • Clock-gray 20:23
  • calendar-gray 14 Yanvar 2020

 

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil edib.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun rəhbərləri və nümayəndələri, ölkəmizdəki xarici dini konfessiyaların təmsilçiləri iştirak ediblər.

Arxiyepiskop Aleksandr İşein Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadıqlarını bildirib.

Multikulturalizmin və tolerantlığın xalqımızın həyat tərzinə çevrildiyini söyləyən Aleksandr İşein bu dəyərlərin Azərbaycanın dini həmrəylik mühitinin, sivilizasiyalararası dialoqun təşəkkülündə və inkişafında mühüm rol oynadığını qeyd edib.

Yeparxiyanın ölkəmizdə 21 ildir fəaliyyət göstərdiyini vurğulayan Aleksandr İşein bildirib: “Azərbaycanda dini icmamızın fəaliyyəti üçün hər cür imkan yaradılıb. Bakıda icmamıza aid kilsələr fəaliyyət göstərir".

Arxiyepiskop bildirib ki, bu gün insanlar bəşəriyyətin inkişafını ləngidən və bu tərəqqiyə mənfi təsir göstərə bilən problemlərlə üz-üzə qalıblar. Bu problemlərdən biri də cəmiyyətdə dini və milli ayrı-seçkiliyin baş verməsidir. Bu problemlərdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan qüvvələrin olduğunu deyən arxiyepiskop bildirib ki, din xadimləri dindən siyasi məqsədlər üçün istifadənin qarşısını almalıdırlar.

Sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Rəşad Əliyarlı Şeyxülislam Allahşükür Paşazadənin pravoslav xristian icmasının nümayəndələrinə təbrik məktubunu oxuyub.

Məktubda bildirilib ki, Azərbaycanda millət və din fərqi olmadan hər kəs dini ibadətlərini rahat şəkildə yerinə yetirir. Dinindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları Prezident İlham Əliyevin diqqət və qayğısını öz üzərində hiss edir.

Qeyd olunub ki, ölkəmizdəki pravoslav dini icmasının üzvləri digər icmalarla daim dostluq və əməkdaşlıq şəraitində yaşayırlar. İcma ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafı istiqamətində mühüm işlər görüb. Bu, həm də dinlər və sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfə verir.

Sonra çıxış edən Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev Azərbaycanda hökm sürən tolerant və multikultural mühitdən danışıb, Milad bayramı münasibətilə pravoslavları təbrik edib.

 

Günay Elşadqızı

Digər xəbərlər