Sahil Babayev: "Azərbaycan minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti üzrə MDB-də birinci yeri tutur"

Sahil Babayev: "Azərbaycan minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti üzrə MDB-də birinci yeri tutur"
  • Clock-gray 04:05
  • calendar-gray 16 İyul 2020

“Cari ilin ilk yarısında bütün sosial ödənişlər vaxtında, hətta pandemiya dövründə vaxtından əvvəl həyata keçirilmişdir. Bu sosial ödənişlər çərçivəsində ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz artıq, yəni 436 milyon manat çox vəsait ödənilmişdir. Pensiyaların indeksasiyası ilə bağlı Sizin cari ilin əvvəlində qəbul etdiyiniz qərara uyğun olaraq 1,2 milyon pensiyaçının pensiyaları 16,6 faiz artırılmışdır. Bunun nəticəsində də orta pensiyamız ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 297 manata, yəni faktiki olaraq 300 manata yaxınlaşmışdır”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, eyni zamanda, pandemiya dövründə 750 min şəxsə müavinət və təqaüdlər yenə də vaxtından əvvəl ödənilib: “Bu məqsədlər üçün ötən ilin 6 ayı ilə müqayisədə 151 milyon manat və ya 45 faiz artıq vəsait ödənilmişdir. Habelə pensiya, müavinət, təqaüd ödənişlərinin elektronlaşdırılması xüsusi karantin rejimində əhalinin mobilliyinin azaldılması baxımından çox böyük önəm kəsb edirdi. Bu ilin altı ayı ərzində pensiya və təqaüdlərin 53 mini məhz tam elektron qaydada, məmur-vətəndaş təması olmadan həyata keçirilmişdir. Eyni zamanda, 324 min insana elektron qaydada arayışlar təqdim edilmişdir.

Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti üzrə MDB-də birinci yeri, orta pensiyanın alıcılıq qabiliyyəti üzrə isə ikinci yeri tutur.

Sosial ödənişlərin digər vacib bir istiqaməti məhz sosial təminatla bağlı idi və burada da Sizin tapşırığınıza uyğun olaraq ünvanlı sosial yardım proqramının ödənişinin, prosedur qaydalarının sadələşdirilməsi üzrə iş aparıldı. Artıq bu gün 84 min ailənin 350 min üzvünə ünvanlı sosial yardım ödənişləri həyata keçirilir. Pandemiya dövründə artım 14 min ailənin 58 min üzvünü əhatə etdi. Eyni şəkildə orta məbləğ burada 225 manata bərabər olub və bütün prosesin tam elektron portal üzərindən həyata keçirilməsinə başlanılıb”.

apa-logo-mini

Digər xəbərlər