TƏBİB-in İdarə Heyətinin sədri Elmi-Tədqiqat İnstitutlarının rəhbərləri ilə görüşüb

TƏBİB-in İdarə Heyətinin sədri Elmi-Tədqiqat İnstitutlarının rəhbərləri ilə görüşüb
  • Clock-gray 17:10
  • calendar-gray 20 Fevral 2020

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Elmi-Tədqiqat İnstitutlarının rəhbərləri ilə görüşüb.

Qurumdan APA-ya verilən xəbərə görə, iclası giriş sözü ilə açan R.Bayramlı TƏBİB-in yaranmasının məqsədi, vəzifə və fəaliyyət istiqamətləri barədə iştirakçılara məlumat verib. Qurumun yaranmasını ölkədə aparılan islahatların davamı kimi qiymətləndirən İdarə Heyətinin sədri TƏBİB-in Nizamnaməsi və struktur bölmələri barədə geniş məlumat verib. O qeyd edib ki, Elmi-Tədqiqat İnstitutları ilə iş qarşıda duran əsas prioritet məsələlərdəndir: “İlk növbədə, müəssisələrdə innovativ, çevik və elmə açıq olan struktur qurulmalıdır. Səhiyyə müəssisələrinin idarə edilməsində optimallaşdırma işlərinin həyata keçirilməsi və hər iki istiqamətdə - müalicə və elm istiqamətlərində inkişafa nail olmaq üçün beynəlxalq təcrübədən istifadə edilməlidir. Eyni zamanda, elmi fəaliyyətlə və müalicə ilə məşğul olan kadrların iş fəaliyyətlərinin optimallaşdırılması istiqamətində mühüm işlərin görülməsinə ehtiyac var”.

R. Bayramlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri”nin təsdiq edildiyini və tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadə, fəaliyyətlərinin optimallaşdırılması və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığının təmin edilməsinin əsas məqsəd olduğunu vurğulayıb.

Daha sonra hər bir müəssisə rəhbəri İnstitutda cari problemlər və mövcud çatışmazlıqlar barədə məlumat verib və iclas iştirakçıları ilə problemlərin həlli yolları müzakirə edilib. TƏBİB tərəfindən işlənib hazırlanan layihələr iclas iştirakçılarının diqqətinə çatdırılıb, ölkədə tibbi kadr potensialının formalaşdırılması, rezidentura təhsilinin təkmilləşdirilməsi və müxtəlif yeni ixtisasların yaradılmasının vacibliyi nəzərə çatdırılıb.

İclas ümumi müzakirələrlə davam etdirilib.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date