Tarix İnstitutunda 20 Yanvara həsr olunmuş elmi konfrans keçirilib

Tarix İnstitutunda 20 Yanvara həsr olunmuş elmi konfrans keçirilib
  • Clock-gray 12:13
  • calendar-gray 17 Yanvar 2020

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda “İstiqlal şəhidləri” mövzusunda elmi konfrans keçirilib.

APA-nın məlumatına görə, elmi konfrans 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğının 30 illiyinə həsr olunub.

Konfransı giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov 20 Yanvar faciəsinin tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsi olduğunu bildirib: "Azərbaycan min illərlə böyük mübarizə yolu keçib. Lakin bu şanlı mübarizədə neçə-neçə şəhidlərimiz olub. 20 Yanvar şəhidləri də onların arasında yer alır".

Y.Mahmudovun sözlərinə görə, elmi konfransın məqsədi 20 Yanvarı xalqımızın milli qəhrəmanlıq səhifəsi kimi göstərməkdir: "Əgər bu mübarizə baş verməsəydi, Azərbaycan müstəqil olmazdı. 20 Yanvarı biz sadəcə qırğın, faciə kimi deyil, öncə öz doğma torpağının ermənilərə verilməsinə qarşı çıxan xalqın mübarizəsi kimi baxırıq. İmperiyanın bütün gücünə baxmayaraq Azərbaycan xalqı meydanlara çıxaraq varlığını sübut etdi, göstərdi ki, öz torpağını düşmənə verməyəcək. 20 Yanvarın böyük mənası bundan ibarətdir. İmperiyanın çökməsinə 20 Yanvar hadisəsi böyük rol oynadı. Onlar elə bilirdilər ki, Azərbaycanda qırğın törətməklə imperiyanı saxlaya biləcəklər. Lakin imperiya ordusu ən müasir silahlarla silahlansa da öz istəyinə nail olmadı. Azərbaycanın üçrəngli bayrağı yenidən bu torpaqların üzərində dalğalandı".

Direktor o zaman Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin milli azadlıq hərəkatının başında durduğunu vurğulayıb: "Biz o zaman düzgün siyasət seçərək azadlıq hərəkatına qoşulmuş tələbələrimizin həlak olmasına imkan vermədik. O hərəkatın bir çox iştirakçıları bu gün burda iştirak edirlər. Hələ Sovet İttifaqının dağılmasına iki il qalmış biz partiya komitəsini buraxdıq. Bundan başqa, fakültə Elmi Şurası S. M. Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul etdi. Bizim o zaman gördüyümüz işlərin hamısı qələmə alınmalıdır, çünki gələcək nəsillər bundan xəbər tutmalıdırlar".

Y.Mahmudovun sözlərinə görə, əgər  o vaxt Mərkəzi Komitədə oturanlar da xalqın yanında olsaydılar qırğın baş verməyəcəkdi: "Bizim bəzi rəhbərlərimiz Moskvaya nökərçilik elədilər. Biz meydanda xalqın istiqlalı uğrunda mübarizə aparanda kimlərsə də öz vəzifələrini saxlamaq üçün çalışırdılar. Referendum keçirib Azərbaycanı SSRİ-nin tərkibində saxlamaq istəyirdilər. Lakin 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirdi və 20 Yanvar faciəsinin Mərkəzin və ozamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi”.

Sonra tarixçi alimlər Elçin Əhmədov, Mais Əmrahov, Cəbi Bəhramov, Güntəkin Nəcəfli, Rəsul Hüseynli, Dilavər Əzimli, Pərviz Qasımov və Qələndər Muxtarlının 20 Yanvar faciəsi ilə əlaqədar məruzələri dinlənilib.

Sonda fotoqraflar Qurban Dostəlizadə, İsmayıl Eyyubov və Musa Nəsirovun 20 Yanvar faciəsi ilə bağlı foto-materialları ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, elmi konfrans Prezident İlham Əliyevin ötən il dekabrın 13-də imzaladığı “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncamına uyğun olaraq təşkil edilib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date