Tbilisidə Azərbaycan dilində fəaliyyət göstərən məktəbə 500-dək kitab hədiyyə olunub

Tbilisidə Azərbaycan dilində fəaliyyət göstərən məktəbə 500-dək kitab hədiyyə olunub
  • Clock-gray 10:20
  • calendar-gray 24 Fevral 2020

Yeni Azərbaycan Partiyasının (YAP) könüllülərinin "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində “Könüllülərlə maariflənək” şüarı altında topladığı kitabların Gürcüstanda Azərbaycan dilində fəaliyyət göstərən məktəblərə paylanılmasına başlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, layihə çərçivəsində toplanan kitablardan 500-ə yaxını Tbilisidə Azərbaycan dilində fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına 73 saylı ictimai məktəbə təqdim edilib.

Kitabların təqdim edilməsi tədbirində çıxış edən Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımizin təhsili Azərbaycan dövlətinin diqqətindədir: “Bu aksiya Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ili "Könüllülər ili" elan etməsi münasibətilə ilin sonunadək davam edəcək və Gürcüstanda azərbaycanlıların yaşadığı Kvemo-Kartli, Şida-Kartli, Kaxeti bölgələrində həyata keçiriləcək”. 

Məktəbin direktoru S. Pirməmmədov aksiyanın məktəbin kitabxanasının zənginləşdirilməsi baxımından böyük önəm daşıdığını deyib: “Bu məktəb Tbilisidə bizim ən qədim məktəblərimizdən biridir. Əvvəllər məktəbin zəngin kitabxanası olub. Lakin latın əlifbasına keçiddən sonra bir sıra çətinliklər yaranmışdı. Bu səbəbdən latın əlifbası ilə nəşr edilmiş kitablara tələbat böyükdür”.

O, öz növbəsində kitablara görə YAP könüllülərinə təşəkkür edib. 

Layihənin rəhbəri, YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Misirxan Həsənov bildirib ki, aksiya çərçivəsində artıq 500 adda 2 minə yaxın kitab toplanıb. Onun sözlərinə görə, aksiya ilin sonuna qədər davam etdiriləcək. 

Qeyd edək ki, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi də təhsil müəssisəsinə kitablar təqdim edib. Kitab aksiyası 2020-ci il - “Könüllülər ili” çərçivəsində YAP könüllüləri və “Azərkitab” Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Kitablar Azərbaycan ədəbiyyatı, incəsənəti, dünya və uşaq ədəbiyyatını əhatə edir.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date