Valideyn-namizədə uyğun uşağın seçilməsi qaydası açıqlanıb

Valideyn-namizədə uyğun uşağın seçilməsi qaydası açıqlanıb
  • Clock-gray 18:37
  • calendar-gray 27 Fevral 2020

Valideyn-namizədə uyğun uşağın, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideynin seçilməsi və onların görüşlərinin təşkili qaydaları açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında bildirilib ki, təlimin nəticələri müsbət qiymətləndirildikdə, valideyn-namizəd və valideyn himayəsindən məhrum olmuş uşağın istək və mənafeyi, eləcə də Ailə Məcəlləsinin 121.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, altsistem övladlığa götürülən uşağa uyğun valideyn və valideyn-namizədə uyğun uşaq seçir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beş iş günü müddətində uşağın yerləşdiyi müəssisədə sosial işçinin iştirakı ilə onların görüşünü (görüşlərini) təşkil edir. 

Övladlığa götürülən uşağa uyğun valideyn və valideyn-namizədə uyğun uşağın seçimi zamanı Ailə Məcəlləsinin 121.3-cü maddəsinə uyğun olaraq azı üç il nikahda olan (yaşı 35-dən yuxarı olan ər-arvad üçün bir il) Azərbaycan vətəndaşlarına və azı beş il müddətində nikahda olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə yaşı 55-dək olan şəxslərə üstünlük verilir.

Valideyn himayəsindən məhrum olmuş uşağa münasibətdə Ailə Məcəlləsi ilə müəyyən edilmiş tələblərə cavab verən və qiymətləndirmənin nəticələri eyni olan bir və daha çox uyğun valideyn-namizədin olduğu müəyyən edildikdə, ilk uçota alınmış valideyn-namizədə üstünlük verilir.

Valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə iki ay müddətində ayda ən azı qırx saat olmaqla görüşü təşkil edilir.

Nəzərdə tutulmuş müddəti valideyn himayəsindən məhrum olmuş 0-1 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik iyirmi gün müddətində on iki saatadək qısalda bilər.

Sosial işçi hər ay ərzində səkkiz saatdan az olmayaraq valideyn-namizədi müşahidə edir və həmin müddət başa çatdıqda üç iş günündən gec olmayaraq müəssisədə valideyn-namizədlə uşağın görüşünün nəticələrinə dair rəy hazırlayıb altsistemə daxil edir.

Uşağın yerləşdirildiyi müəssisə valideyn-namizədin uşaqla görüşünün keçirilməsinə və sosial işçilərin öz vəzifələrini yerinə yetirməsinə lazımi şərait yaratmalıdır.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date