Hikmət Əlizadə: "Xaricdən gələn ovçular müxtəlif cihazlardan istifadə edirlər"

Hikmət Əlizadə: "Xaricdən gələn ovçular müxtəlif cihazlardan istifadə edirlər"
  • Clock-gray 17:30
  • calendar-gray 08 Noyabr 2019

"2 ay müddətində ASAN xidmət vasitəsilə 100-dən artıq şəxsə ovçuluq bileti verilib". 

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) departament direktoru Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, xarici ovçulara biletlərin verilməsi hələ nəzərdə tutulmur:

"Çünki xarici ölkələrin qanunvericiliyi fərqlidir. Ümumiyyətlə, bir sıra xarici ölkələrdə ovçuluq bileti anlayışı belə yoxdur. Ovçuluq bileti sürücülük vəsiqəsinin analoqudur. Hər hansı şəxs bunu əldə etsə, ovçu sayılır. Bundan sonra müraciət edib, istər quş, istərsə də heyvan ovu ilə məşğul ola bilər".

H.Əlizadə ov icazələri ilə bağlı verilən sualı da cavablandırıb:

"Ov icazələri ilə bağlı vətəndaşlar birbaşa yaşadığı regional idarələrə müraciət etməlidir. Vətəndaş ovçuluq biletini təqdim edir və icazə alır. Amma onların qiyməti heyvan və quşun növündən asılı olaraq fərqlənir. Nazirlər Kabinetinin 176 saylı qərarına görə, orada hər bir quşun, heyvanın ödəmə əmsalı var. Yəni, quşun hətta növündən asılı olaraq ayrılıqda öz qiyməti var".

H.Əlizadə xaricdən gələn ovçuların müxtəlif cihazlardan istifadə etdiklərini bildirib:

"Bu qurğular quşları yığmaq üçündür, səslə çağırır. Biz üstünlüyü təbliğat vasitələrinə veririk. O ki qaldı, qanunsuz ov edənlərin cəzalandırılmasına, bu, onların hansı əməli törətməsindən asılıdır. İstənilən qanunsuz ov artıq İnzibati Xətalar Məcəlləsində qeyd olunub. Bununla bağlı min manatdan iki min manatadək cərimə nəzərdə tutulub. İstər yerli, istərsə də xarici vətəndaş nə qədər heyvan ovlayıbsa, nə qədər təbiətə ziyan vurubsa, cəriməsi də bundan asılıdır. Yəni, iki min manatdan əlavə həm də onun cəriməsi ödənilir. Təbiətə dəyən zərərin məbləği 400 manat həddini aşarsa, artıq bundan sonra həmin şəxs barəsində cinayət işi açılır. Cinayət Məcəlləsində bununla bağlı 2 ilə qədər həbs cəzası nəzərdə tutulur".

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date