Aydın Süleymanlı: “Rauf Məmmədova qarşı oynamaq asan deyildi” - MÜSAHİBƏ

Aydın Süleymanlı: “Rauf Məmmədova qarşı oynamaq asan deyildi” - MÜSAHİBƏ
  • Clock-gray 11:50
  • calendar-gray 28 Fevral 2020

Azərbaycan şahmatçısı Aydın Süleymanlı Rusiya Şahmat Federasiyasının saytına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, 15 yaşlı zəka sahibi Rusiyanın paytaxtı Moskvada təşkil olunan “Aeroflot Open”in qalibi adını qazanmasından danışıb.

- Aydın, parlaq nəticə münasibətilə təbrik edirik. Turnir sizin üçün necə keçdi və hansı partiyadan daha çox razı qaldınız?
- Təşəkkür edirəm. Bu, çox çətin turnir idi. Amma mən öz nəticəmdən razı qaldım. Mənə elə gəlir ki, yaxşı oynadım. İlya Smirinlə qarşılaşma daha çox xoşuma gəldi. Orada fiquru qurban verib, rəqib şahına hücum qurdum.

- Necə düşünürsünüz, qalib gəldiyiniz oyunlarda rəqibləri debütdə təəccübləndirə bildiniz?
- Maqsudlu və Durarbəyli ilə görüşlərdə bəli. Amma Smirinlə mən həmişə oynadığım variantı seçdim.

- Rauf Məmmədovla son qarşılaşma çətin alındı?
- Ona qarşı oynamaq asan deyildi. Təkcə ona görə yox ki, bu partiyada birinci yerin taleyi həll olunurdu. Bu şahmatçıya böyük hörmətim var. Tez-tez onun mühazirə və master-klasslarında iştirak etmişəm. Amma bunadək Raufla heç vaxt klassik şahmatda oynamamışdım.

- Bu turnirdə kiminlə çalışırdınız. Sizinlə kim məşğul olur?
- Həm burda, həm də ümumiyyətlə qrossmeyster Fərid Abasovla çalışıram. Yarış ərzində o mənə rəqiblərə hazırlaşmaqda kömək edirdi.

- Neçə ildir əməkdaşlıq edirsiniz?
- 2015-ci ildən. Artıq 5 ildir.

- “Aeroflot Open”dən öncə qarşınıza hansı hədəf qoymuşdunuz?
- Qrossmeyster normativini yerinə yetirmək istəyirdim. Birinci yerin bölüşdürülməsi mənim üçün bir az təəccüblü oldu. İndi mənim iki qrossmeyster balım var. Amma norma üçün daha biri lazımdır.

- Sevimli şahmatçınız kimdir? Kumiriniz varmı?
- Dünya çempionu Maqnus Karlsen və Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov.

- Zəhmət olmasa, özünüz barədə danışın. Harada yaşayırsınız, harada oxuyursunuz? Neçə yaşından şahmatla məşğulsunuz?
- Bakıda yaşayıram. Orta məktəbdə oxuyuram. Şahmat oynamağa 5 yaşında başlamışam. Bir sözlə, 10 ildən artıqdır ki, məşğulam.

- Gündə neçə saat məşğul olursunuz?
- 5-6 saat.

- Bəs şahmatla təhsilinizi bir araya necə sığışdırsınız?
- İndi mənim üçün şahmat vacibdir. Vaxtımın çoxunu buna həsr edirəm.

- Gələcək planlarınız necədir?
- Martda Azərbaycan çempionatında iştirak edəcəyəm. Uğurlu seriyamı davam etdirmək istəyirəm. Orada da uğurlu çıxış edəcəyimə ümidvaram.

- Maqnus Karlseni məğlub etmək istəyərdiniz?
- Əlbəttə. Düşünürəm ki, bu istənilən peşəkarın hədəfidir.

- Özünüzü dünya çempionu kimi təsəvvür edə bilərsiniz?
- Tamamilə mümkündür.

ApaSport

Digər xəbərlər

Arxiv

date