Rimas Kurtinaytis: “Azərbaycan yığması ilə qazandığım medal bütün mükafatlarım arasında ən ağırıdır”

Rimas Kurtinaytis: “Azərbaycan yığması ilə qazandığım medal bütün mükafatlarım arasında ən ağırıdır”
  • Clock-gray 17:23
  • calendar-gray 19 May 2020

“Bədən tərbiyəsi və idman departamentində çalışdığım vaxt Avropadakı konfransdan sonra səyahət zamanı İlham Əliyevlə görüşdüm. Həmin vaxt o, Milli Olimpiya Komitəsi və Azərbaycan Neft Şirkətinə rəhbərlik edirdi, ölkə prezidenti isə onun atası Heydər Əliyev idi”. 

Apasport.az saytının məlumatına görə, bunu əfsanəvi basketbolçu Rimas Kurtinaytis deyib.

2002-2006-cı illərdə Azərbaycanda çalışmış, millimizi və “Qala” klubunun baş məşqçisi olmuş litvalı mütəxəssis vətənində verdiyi müsahibədə ölkəmizə gəlişini xatırlayıb: “İlham Əliyev mənə Azərbaycanda basketbolu inkişaf etdirməyi təklif etdi. Nə vaxtsa onların SSRİ çempionatının ikinci liqasında yaxşı komandası olub. Biz ilkin olaraq danışdıq və mənə təklif etdi: “Bakıya gəl. Baxın, məsləhətləşək. Alınmasa, alınmaz – mən sizi qonaq qismində dəvət edirəm”. Əlbəttə, məni Bakının mərkəzində oteldə ən yüksək səviyyədə qəbul etdilər. Gül əvəzinə meyvəlar, çiyələk və albalı qoyulmuşdu. Sonra mən İlham Əliyevin evinə getdim. Düşünürəm ki, sizə nədənsə başlamaq lazımdır. Mən də razılaşdım”.

Kurtinaytis bildirib ki, ölkəmizdə həvəskar səviyyədə olan idman növünü yeni üfüqlərə daşıyıb: “Ora gedəndə xahiş etdim ki, ölkənin bütün ən yaxşı basketbolçularını gətirsinlər. Otuza yaxın, təxminən eyni boylu – 195 sm-a yaxın olan oyunçular toplandı. Mən 10 ən istedadlısını seçdim. Bəziləri səhər saat 10-da və ya yarım saat gec başlayan məşqə gəldi. Bu, mənə hər şey etmək imkanı verirdi. Biz 8 komanda yaratdıq, üzvlük haqları tətbiq etdik. Bunadək onlar ölkə çempionatında qəribə formatda oynayırdılar. Hər üç aydan bir mərhələ keçirirdilər. Mən adi 8 aylıq çempionat qurdum, istirahət günləri oynamağa başladıq. Oyunçu çatışmırdı. Biz Bakıda “Qala” komandasını yaratdıq. Mən Darius Lukminası, ardınca da bir neçə litvalını dəvət etdim”.

Litvalı mütəxəssis unutmadığı “Qala” və NTD arasındakı rəqabəti “Jalgiris” – “Riqas” mübarizəsinə bənzədib: “Klublar legionerlər dəvət etdi. Bir imkanlı şəxsin rəqabətədavamlı komandası peyda oldu. Onlar arasında “Jalgiris” və “Ritas” arasındakı kimi mübarizə başladı. Mən özüm yarışı reklam etmək televiziyaya getdim. Gənclərdən ibarət komandalar da formalaşdırdım. Biz Qafqaz Liqası üçün layihə də yaratdıq. Lakin bu ideya ermənilərlə münaqişə üzündən alınmadı. İlk bir il mənim üçün bir həftə kimi keçdi. Səhər 8-də işə başlayır, yalnız axşam 9-10-da qayıdırdım. Çünki strukturu formalaşdırana qədər yollarda və ofislərdə vaxt keçirirdim. Çempionat yaxşı alındı. Yalnız hakimliyin səviyyəsi axsayırdı. Dava-dalaşlar da olurdu ki, azarkeşlər də meydana daxil olurdu. Bir dəfə öz oyunçularımı da çətinliklə meydandan çıxardım. Avropa kubokunda Perm təmsilçisi ilə başabaş mübarizə apardıq, “Nikolayev” və “Valmiera” komandalarına qalib gəldik”.

Kurtinaytis yığmanın baş məşqçisi kimi İslam Həmrəyliyi Oyunlarının qalibi olduğu vaxtı yada salıb: “Biz Səudiyyə Ərəbistanına ilk İslam Həmrəyliyi Oyunlarına getmişdik. Mən Məhəmməd peyğəmbərin dəfn edildiyi Mədinədə, həm də Məkkədə oldum. Müqəddəs səfərlər zamanı oranı 3 milyon adam ziyarət edir. Mən bütün ayinləri yerinə yetirib qızıl qapılardan keçdim. Bütün dünyanın müsəlmanları ildə bir dəfə ora gəlir. Amma xaricilər şəhərin mərkəzinə buraxılmır. Məşqçi kimi oyunlarda iştirak etmək üçün müsəlman geyimi geyinmişdim. Dini ayinlərə əsasən mən mərmər yolla ayaqyalın 7 dəfə keçdim”.

Karyerası ərzində bir sıra turnirlərin mükafatçısı olan litvalı yığmamızla qazandığı medalı kolleksiyasındakı ən ağır qənimət sayır: “Oyunlarda birinci yeri tutduq. Şeyxlərin təqdim etdiyi medal təmiz qızıldandır və mənim bütün mükafatlarım arasında ən ağırıdır. Olimpiya Oyunlarının medalları qızıl suyuna salınmışdır, sonradan qaralır. Səudiyyə Ərəbistanında alınan medal bir kiloya yaxın təmiz qızıldandır”.

Mütəxəssis Azərbaycandakı fəaliyyətinin onun sonrakı karyerasına faydasından danışıb: “Azərbaycanda sıfırdan başladım. Həm uşaqları, həm yığmanı çalışdırdım. Onda başa düşdüm ki, məşqçi kimi işləyə bilərəm. Baxmayaraq ki, hər yaxşı basketbolçu yaxşı məşqçi olmur”.

ApaSport

Digər xəbərlər

Arxiv

date