Agentlik: Tarix-memarlıq qoruqlarında sosial məsafəni gözləməyən ziyarətçilərlə bağlı tədbirlər görüləcək

Agentlik: Tarix-memarlıq qoruqlarında sosial məsafəni gözləməyən ziyarətçilərlə bağlı tədbirlər görüləcək
  • Clock-gray 14:01
  • calendar-gray 18 May 2020

Mayın 18-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb.

Agentlikdən APA-ya verilən məlumata görə, bu barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 18 may 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarı rəhbər tutularaq qəbul edilib.

Müəssisələrin fəaliyyəti, həmçinin TƏBİB tərəfindən hazırlanmış “Turizm və hotelçilik sektorunda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələbləri nəzərə alınmaqla davam etdiriləcək.

Artıq ziyarətçilər aşağıda adları qeyd olunan turizm müəssisələrini sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərtilə ziyarət edə bilərlər:

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu: Şəki Xan Sarayı, Şəkixanovların ev muzeyi,  Şəki Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənət Muzeyi və Şəki Rəsm Qalereyası;

“Kiş” Tarix-Memarlıq Qoruğu: Alban Məbədi.

Agentliyin tabeliyindəki bütün turizm müəssələrində karantin rejimi ilə bağlı sosial izolyasiya və profilaktik tədbirlərə dair qaydaları pozan ziyarətçilər barəsində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada tədbirlər görüləcək.

Xatırladaq ki, Agentlik Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin təqbiqi qərarını rəhbər tutaraq tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə girişə məhdudiyyət qoymuşdu.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date