Azərbaycan Turizm Bürosuna akkreditasiya attestatının təqdim edilmə mərasimi keçirilib

Azərbaycan Turizm Bürosuna akkreditasiya attestatının təqdim edilmə mərasimi keçirilib
  • Clock-gray 12:38
  • calendar-gray 06 Dekabr 2019

Bu gün Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatının təqdimedilmə mərasimi baş tutub.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid ulduz kateqoriyasının hotelçiliyin inkişafı üçün mühüm addım olduğunu, Azərbaycanın qonaqpərvərlik sənayesinə müsbət yeniliklər gətirəcəyini, beləliklə, turistlərə daha keyfiyyətli xidmətlərin təqdim olunmasına vəsilə olacağını bildirib.

Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktoru Namiq Əliyev bildirib ki, Azərbaycanda ilk dəfə verilən bu akkreditasiya attestatı ölkədə fəaliyyət göstərən mehmanxanaların ulduz kateqoriyalarının dəqiq müəyyənləşdirilməsinə xidmət edəcək.

Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən mehmanxanaların ulduz kateqoriyaları Milli Ulduz Təsnifat Sistemi əsasında müəyyənləşdiriləcək. Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”-un təsnifat meyarları əsasında hazırlanıb. 

Qeyd edək ki, mövcud təcrübə Türkiyə və Gürcüstan kimi qonşu ölkələrdə də tətbiq olunur. 

Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un  və Avropa Hotellər, Restoranlar və  Kafelər Assosiasiyasının (“HOTREC”)  müşahidəçi üzvüdür.

Məlumat üçün bildirək ki, Azərbaycan Akkreditasiya Mərkəzi 2017-ci ilin noyabr ayında Avropa Akkreditasiya Təşkilatının və 2018-ci ilin mart ayından Laboratoriyaların Akkreditasiyası təşkilatının assosiativ üzvlüyünə qəbul edilib.

 

Günay Elşadqızı

Digər xəbərlər