Azərbaycana yanvar-mayda gələn əcnəbilərin sayı 1,9 dəfə azalıb

Azərbaycana yanvar-mayda gələn əcnəbilərin sayı 1,9 dəfə azalıb
  • Clock-gray 14:06
  • calendar-gray 22 İyun 2020

Koronaviris (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar-may aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 563,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu dövrdə ölkəmizə gələnlərin 30,2 faizi Rusiya Federasiyası, 27,3 faizi Gürcüstan, 13,2 faizi Türkiyə, 6,7 faizi İran, 2,2 faizi Hindistan, hər birindən 2,1 faiz olmaqla Səudiyyə Ərəbistanı və Ukrayna,1,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,3 faiz olmaqla Pakistan, Küveyt və Qazaxıstan, 1,1 faizi Türkmənistan, hər birindən 0,9 faiz olmaqla İraq və Böyük Britaniya, 0,8 faizi Özbəkistan, 0,7 faizi İsrail, 6,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 75,1 faizini kişilər, 24,9 faizini qadınlar təşkil edib.

Cari ilin yanvar-may aylarında Çindən gələnlərin sayı 5,5 dəfə, Cənubi Koreyadan - 4,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 4,1 dəfə, Polşadan - 3,8 dəfə, Yaponiyadan - 3,7 dəfə, Böyük Britaniyadan - 3,5 dəfə, Kanadadan və İsraildən - 3,3 dəfə, Macarıstandan - 3,2 dəfə, ABŞ-dan və Fransadan - 3,1 dəfə, Almaniyadan və Niderlanddan - 3,0 dəfə, İtaliyadan - 2,9 dəfə, Malayziyadan və Türkmənistandan - 2,7 dəfə azalıb.                                                       

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,4 dəfə azalaraq 16,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,2 dəfə azalaraq 75,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə azalaraq 205,4 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 66,9 faizi dəmir yolu və avtomobil, 31,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 2,2 dəfə azalaraq 958,8 min nəfər olub. Ölkə vətəndaşlarının 33,5 faizi İrana, 29,7 faizi Gürcüstana, 20,4 faizi Rusiya Federasiyasına, 9,6 faizi Türkiyəyə, 6,8 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 69,3 faizini kişilər, 30,7 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 2,5 dəfə, Türkiyəyə  gedənlərin sayı 2,2 dəfə, Gürcüstana gedənlərin sayı 2,0 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,9 dəfə azalıb. 

2020-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,0 faizi dəmir yolu və avtomobil, 16,4 faizi hava, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib. 

Günay Elşadqızı

Digər xəbərlər