“COVID-19-dan sonra Azərbaycan və Gürcüstanda turizmin inkişafı” mövzusunda onlayn müzakirələr keçirilib

“COVID-19-dan sonra Azərbaycan və Gürcüstanda turizmin inkişafı” mövzusunda onlayn müzakirələr keçirilib
  • Clock-gray 11:19
  • calendar-gray 13 May 2020

Azərbaycanın və Gürcüstanın turizm üzrə ixtisaslaşmış qurumları arasında “COVID-19-dan sonra Azərbaycan və Gürcüstanda turizmin inkişafı” mövzusunda onlayn müzakirələr təşkil olunub.

Dövlət Turizm Agentliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid və Gürcütsan Milli Turizm Administrasiyası rəhbərinin birinci müavini Rusudan Mamataşvilinin, həmçinin müvafiq qurumların əməkdaşlarının iştirakı ilə keçirilən müzakirələrdə turizmin post-pandemiya dövründə inkişafı, yeni çağırışlar və mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Florian Zenqstşmid cari vəziyyətdə turizm sənayesinə kömək məqsədilə hökumət tərəfindən hazırlanan dəstək paketi, post-karantin dövründə ilkin olaraq təşviq ediləcək “Macəra yaxındadır” adlı daxili turizm kampaniyası haqqında məlumat verib, indiyədək yalnız xarici auditoriya üçün nəzərdə tutulan azerbaijan.travel  saytının daxili turizm üçün də istifadə olunması üçün Azərbaycan dilində versiyasının hazırlandığını qeyd edib.

O həmçinin, rəqəmsal platformalar vasitəsilə onlayn olaraq hədəf bazarlarda Azərbaycanın tanıdılmasının davam etdiyini bildirib, bu istiqamətdə görülmüş tədbirlərdən biri kimi Azərbaycan haqqında ümumi məlumat, müalicəvi turizm məhsulları, qastronomiya, şərab turları, ölkənin zəngin mədəni irsi kimi mövzuların əhatə olunduğu  “elearning.tourismboard.az” portalında yerləşdirilən təlimlərdən bəhs edib.

Florian Zenqstşmid Azərbaycanda post-karantin dövründə ilkin mərhələdə mehmanxana və mehmanxana tipli müəssisələrdə, ictimai iaşə obyektlərində (restoran və kafelər) və eyni zamanda turistlərə xidmət edən nəqliyyat vasitələrində tətbiq olunması nəzərdə tutulan SAHMAN – Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı barəsində danışıb və SAHMAN proqramının əsas məqsədinin Azərbaycanı təhlükəsiz turizm məkanı kimi tanıtmaq və rəqabətliliyini artırmaq olduğunu vurğulayıb.

Gürcüstanın Milli Turizm Administrasiyası rəhbərinin birinci müavini Rusudan Mamataşvili turizm sənayesinin mərhələli şəkildə karantin rejimindən çıxmaq planları və dövlətin turizmə dəstək paketi barəsində məlumat verib, Gürcüstanın daxili turizmə 15 iyundan etibarən start verəcəyini, xarici turistlər üçün sərhədlərin 1 iyuldan etibarən açmağı planlaşdırdığını qeyd edib. Rusudan Mamataşvili Gürcüstanda da post-pandemiya dövrü üçün ilkin olaraq ölkədaxili turizmin əsas istiqamət olacağını vurğulayıb. 

Daha sonra hər iki qurumun müvafiq şöbələri arasında müzakirələr aparılıb.

Azərbaycan Turizm Bürosunun Marketinq və brendinq şöbəsinin rəhbəri Fidan Əliyeva ilə gürcüstanlı həmkarı Gürcüstan Milli Turizm Administrasiyasının Brendin inkişafı şöbəsinin rəhbəri Ana Kekelia arasında fikir mübadiləsi aparılıb. Müzakirlərdə Azərbaycan və Gürcüstanın birgə marketinq və təbliğat kampaniyası aparmasının məqsədəuyğunluğu, müştərək məhsullar hazırlanmasının turistlər üçün əlverişli seçim olması və bu istiqamətdə səylərin birləşdirilməsinin hər iki tərəf üçün daha faydalı ola bilməsi barəsində danışılıb.

Azərbaycan Konqreslər Bürosunun rəhbəri Sevda Əliyeva və Gürcüstan Konqreslər və Sərgi Bürosunun rəhbəri Levan Caparidze işgüzar turizmin post-karantin dövründə yeni mümkün inkişaf istiqamətləri və s. haqqında fikir mübadiləsi aparıblar.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date