“Forbes” Azərbaycanda qədim xalçaçılıq sənətinin turizmə töhfəsi haqqında məqalə dərc edib

“Forbes” Azərbaycanda qədim xalçaçılıq sənətinin turizmə töhfəsi haqqında məqalə dərc edib
  • Clock-gray 10:50
  • calendar-gray 20 Aprel 2020

Dünyaca nüfuzlu “Forbes” nəşrində “Azərbaycanda xalça sənətkarları əsrlərlə yaşı olan ənənələri ustalıqla qoruyub saxlayırlar” adlı məqalə dərc edilib.

Dövlət Turizm Agentliyindən APA-ya verilən məlumata görə, məqalədə xalçaların dünya tarixində yeri, qədim nağıllarda və cizgi filmlərində bu mövzuya sehrli yanaşma, eyni zamanda müasir dünyada xalçaçılığa olan münasibətdən söz açılır.

Yazıda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin xalçaçılıq sənəti ilə bağlı fikirlərinə yer verilib: “Xalçaçılıq kimi qeyri-maddi mədəniyyət nümunələri xalqın dəyərləri, inancları və mədəni irsi ilə birbaşa bağlıdır. Məhz burada, Azərbaycanda müasir dövrdə yaşayaraq özünü əsl qədim ənənələrin içərisində hiss edə bilərsən. Xalçaçılıq ənənələri ilə tanış olmaq Azərbaycana səyahət etmək üçün gözəl səbəblərdən biridir”.

Məqalədə qeyd olunur ki, Azərbaycanın ənənəvi xalçaçılıq sənəti 2010-cu ildə YUNESKO-nun “Qeyri-maddi Mədəni İrs” siyahısına salındıqdan sonra bu sənət növünə həm xarici istehlakçılar, həm də yeni nəsil yerli sənətkarlar tərəfindən diqqət artıb.

Yazıda Azərbaycanın fərqli yerli toxuculuq texnikası və dizayn elementlərinə malik olan müxtəlif bölgələrinin hər birinin özünəməxsus xalçaçılıq məktəbi, eləcə də yerli sənətkarların 500-dən çox dizaynda hazırladığı xalçalardan bəhs olunur.

Müəllif xalça üzərində toxunan elementlər arasında odu təmsil edən buta, tovuzquşu, əjdaha kimi elementləri oxucuların xüsusi diqqətinə çatdırır və od təsvirindən geniş istifadənin qədim dövrlərdən etibarən neft ölkəsi kimi tanınan Azərbaycan üçün təsadüfi olmadığını qeyd edir.

Məqalədə Azərbaycan Milli Xalça Muzeyinin simvolik binası, nadir xalça kolleksiyasının yerləşdiyi Heydər Əliyev Mərkəzi və Alov Qüllələri kimi müasir memarlıq incilərindən də danışılır, Azərbaycanda dünyanın müxtəlif qalereyalarında nümayiş etdirilən və kolleksiyaçılar tərəfindən maraqla alınan yeni nəsil xalçaçılıq nümunələrinin yaradıldığından bəhs olunur.

Sonda müəllif #TakeAnotherLook (Bir daha bax) həştəqi vasitəsilə Azərbaycanın məğrur gözəlliklərini kəşf etməyin mümkünlüyünü diqqətə çatdırır.

Məqalə ilə tanış olmaq üçün link: https://bit.ly/34JHBhK

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date