Geoloji parklardan turizm və rekreasiya məqsədləri üçün istifadə edilə biləcək

Geoloji parklardan turizm və rekreasiya məqsədləri üçün istifadə edilə biləcək
  • Clock-gray 18:48
  • calendar-gray 15 Aprel 2020

Geoloji parklardan turizm və rekreasiya məqsədləri üçün istifadə edilə bilər.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının geoloji parkları haqqında ümumi Əsasnamə”də əksini tapıb.

Əsasnaməyə əsasən, geoloji park xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə, yaxud təşkilat statuslu ərazidir. Geoloji parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazidə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının ərazisində beynəlxalq əhəmiyyətli geoloji parklar müəyyən edə bilər. Geoloji parkların hüdudlarında yerləşən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrindən Torpaq Məcəlləsi, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanun və bu Əsasnamə ilə müəyyənləşdirilmiş hüquqi rejimə riayət etməklə istifadə olunur. Təbiəti mühafizə, geoloji və coğrafi təbiət obyektlərini, nadir və etalon təbiət ərazilərini, geoloji irsi qoruyub saxlamaq şərtilə, geoloji parklardan elmi tədqiqat, mədəni-maarif və tədris tədbirləri, geoloji monitorinq, sağlamlaşdırma, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilə bilər. Geoloji parklarda onların məqsədli təyinatına, təbiət komplekslərinin və obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan şərtlərlə başqa fəaliyyət növləri həyata keçirilə bilər.

Geoloji parkların təbiət qoruğu fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, onların ərazilərinin perspektiv inkişaf şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrını aparır.

Geoloji parklar xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan ərazilərdə yaradılır. Geoloji parklar Nazirlər Kabinetinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. Geoloji parkların torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədilə onların sanitariya-mühafizə zonaları müəyyən edilir. Geoloji parkların hər biri üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi pasport hazırlayır. Pasportda geoloji parkın adı, yerləşdiyi yer, yaradılma tarixi, əhəmiyyəti, torpaqdan daimi istifadə hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın seriyası və nömrəsi, mühafizə olunan ərazinin xüsusiyyətləri, onun ümumi görünüşünün sxemi, ərazisində müəyyən edilən fəaliyyət zonaları, xüsusi qorunan geoloji abidələr, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır. Pasport Nazirlikdə dövlət qeydiyyatına alınmaqla geoloji parklarda saxlanılır.

Geoloji parkların ərazisi və obyektləri hər hansı fiziki və ya hüquqi şəxsin hüquq və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur və özgəninkiləşdirilə bilməz.

- Geoloji parkların fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır. Geoloji parkların ərazilərində, onların təbii geoloji və coğrafi xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları müəyyən edilir:

- xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;

- geoturizm və rekreasiya zonaları;

- geomuzeylər və tədris-məşğələ obyektləri zonaları;

- geoloji parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.

Geoloji parkların təsərrüfat fəaliyyəti geoloji təbiət abidələrinin tələb olunan səviyyədə mühafizəsindən, onlara xidmət və bərpa tədbirlərinin keçirilməsindən, təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkilindən ibarətdir. Elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri üçün geoloji parkların ərazilərindən fiziki və hüquqi şəxslərin istifadəsi ödənişli əsaslarla həyata keçirilir. Geoloji parkların mühafizə rejiminin pozulmasında təqsirli olan şəxslər İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date