Koronavirusa görə Azərbaycana gələn turistlərin sayı 15% azalıb

Koronavirusa görə Azərbaycana gələn turistlərin sayı 15% azalıb
  • Clock-gray 12:21
  • calendar-gray 17 Aprel 2020

Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 519,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə cari il fevralın 29-dan İran, martın 14-dən Gürcüstan, martın 15-dən Türkiyə, martın 18-dən Rusiya Federasiyası arasında dövlət sərhədində məhdudlaşdırıcı rejim, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlər tətbiq olunduğuna görə cari ilin mart ayında ölkəmizə gələnlərin sayında müşahidə olunmuş kəskin azalma ilə bağlı olub. Belə ki, cari ilin mart ayında Azərbaycana gələnlərin sayı əvvəlki ayla müqayisədə 53,4%, ötən ilin mart ayı ilə müqayisədə isə 62,2% azalıb.

Cari ilin I rübündə gələnlərin 30,3%-i Rusiya, 28,3%-i Gürcüstan, 11,7%-i Türkiyə, 5,9%-i İran, 2,4%-i Hindistan, 2,3%-i Səudiyyə Ərəbistanı, 2%-i Ukrayna, hər birindən 1,5% olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, 1,4%-i Küveyt, 1,3%-i Qazaxıstan, 1,2%-i Türkmənistan, 1%-i İraq, 0,9%-i Böyük Britaniya, 0,8%-i Özbəkistan, 0,7%-i İsrail, 6,7%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 73%-ni kişilər, 27%-ini isə qadınlar təşkil edib.

Hesabat dövründə Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 62,4%, Çindən – 52,7%, İrandan – 45,9%, Omandan – 45%, İraqdan – 41%, ABŞ-dan – 31,7%, İspaniyadan – 29,7%, Qətərdən – 27,8%, İtaliyadan – 27,3%, Niderlanddan isə 23,2% azalıb.

Ümumilikdə, körfəz ölkələrindən gələnlərin sayı 36,3% azalaraq 68,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22% azalaraq 14,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,3% azalaraq 189,6 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,9%-i dəmir yolu və avtomobil, 33,8%-i hava, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.

APA-Economics

Digər xəbərlər