Andrey Rudenko: “Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə ümidlə baxırıq”

Andrey Rudenko: “Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə ümidlə baxırıq”
  • Clock-gray 14:26
  • calendar-gray 28 May 2020

"Rusiya və Azərbaycan strateji tərəfdaşdır". 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş “Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransında çıxış edən Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. 

İki ölkə arasındakı münasibətlərin inkişaf səviyyəsindən danışan nazir müavini bildirib ki, bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir: “Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 27 faiz artaraq, 3,2 mlrd ABŞ dolları olub. Əlbəttə ki, koronavirus pandemiyası builki statistikaya təsir göstərəcək". 

A. Rudenko Rusiyanın regionları ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini xatırladıb. Bildirib ki, Rusiyanın 17 regionu ilə Azərbaycan arasında əlaqə var. 

Rusiya XİN başçısının müavini koronavirus pandemiyası ilə mübarizədə ölkələrimiz arasında əməkdaşlığın mövcud olduğunu vurğulayıb: "Azərbaycan tərəfinin xahişi ilə 12 min test sistemi göndərilib. Bundan başqa vətəndaşlarımızın ölkələrinə qayıtması ilə bağlı tədbirlər görülüb".

Rusiyalı diplomat Moskva ilə Bakı arasında humanitar sahədə əlaqələrin də inkişaf etdiyini söyləyib: "Hal hazırda 11 min azərbaycanlı tələbə təhsil alır. Rusiyanın nüfuzlu ali məktəblərinin filialları Azərbaycanda uğurlu fəaliyyət göstərir. Planda Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin filanın açılması var.  Biz Azərbaycanda rus dili və mədəniyyətinə olan qayğını yüksək qiymətləndiririk. 

2019-cu ildə Azərbaycanda Rusiya Mədəniyyət günləri keçirildi. 2020-ci ildə isə Rusiyada Azərbaycan mədəniyyət günləri keçiriləcək. 

2020-ci ilin noyabrında keçirilməsi planlaşdırılan Sankt-Peterbuq Mədəniyyət forumuna Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın iştirakını gözləyirik".  

A. Rudenko Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə ümidlə baxdıqlarını vurğulayıb: "Rusiya öz cənub qonşusunu çiçəklənən görmək istəyir".   

 O, çıxışında Azərbaycan xalqını 28 may respublika günü münasibəti ilə təbrik edib. 

 

Fərid Əkbərov

Digər xəbərlər