Britaniya Parlamentində Avrasiya regionu dövlətləri ilə ticarət münasibətlərinə həsr edilmiş müzakirələr və sərgi keçirilib

Britaniya Parlamentində Avrasiya regionu dövlətləri ilə ticarət münasibətlərinə həsr edilmiş müzakirələr və sərgi keçirilib
  • Clock-gray 01:28
  • calendar-gray 15 Yanvar 2020

Böyük Britaniya Parlamentinin Lordlar Palatasında ölkənin Avrasiya regionu dövlətləri ilə ticarət münasibətlərinə həsr edilmiş müzakirələr və ticarət sərgisi keçirilib. 

APA-nın Avropa müxbiri xəbər verir ki, “Mühafizəkarlar Partiyasında Avrasiya regionunun dostları” qrupunun təşkilatçılığı ilə keçirilən müzakirələrdə Böyük Britaniyanın beynəlxalq ticarət məsələri üzrə Dövlət naziri Konor Börnz, sözügedən qrupun sədri və həmtəsisçisi Bota Hopkinson, Lordlar Palatasının üzvü Lord Lili, Nümayəndələr Palatasının üzvləri Bob Blekmen, Pol Skali, Şon Beyli, Gürcüstan, İsrail, Serbiya, Özbəkistan, Moldova və Qırğızıstan Respublikasının Böyük Britaniyadakı səfirləri, Azərbaycan və Qazaxıstanın diplomatları iştirak ediblər. 

Tədbirdə Böyük Britaniyanın Avrasiya regionunu təmsil edən ölkələrlə ikitərəfli ticarətin hazırkı vəziyyəti və inkişaf perspektivləri, xüsusilə Avropa İttifaqının üzvlüyündən çıxan Britaniyanın post-Brexit dövründə beynəlxalq ticarət əlaqələri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Azərbaycanın Londondakı səfirliyinin əməkdaşı Polad Məmmədov Azərbaycan-Böyük Britaniya iqtisadi münasibətlərinin cari vəziyyəti və gələcək inkişaf istiqamətləri haqqında danışıb. O, iki ökə arasında bir çox sahədə uğurlu əməkdaşlığın təsis edildiyini vurğulayıb. Tədbirdə Britaniyanın Azərbaycana yatırılan xarici sərmayələrin həcminə görə lider ölkə olduğu, enerji sektoru başda olmaqla, müxtəlif sahələrdə faydalı tərəfdaşlıq münasibətlərinin post-Brexit dövründə daha da inkişaf edəcəyinə inam ifadə edilib.  

"Azərbaycanda son illərdə həyata keçirilən geniş və sürətli iqtisadi islahatların xarici sərmayədarlar üçün biznes mühitinin daha da yaxşılaşmasına, iqtisadiyyatın müxtəlif parametrləri üzrə beynəlxalq reytinqinin yüksəlməsinə gətirib çıxarmışdır. Azərbaycan, yaxın tərəfdaş ölkə kimi Britaniya ilə gələcəkdə də ticarət başda olmaqla çoxşaxəli münasibətlərini daha da genişləndirmək əzmindədir”,- deyə P.Məmmədov qeyd edib.  

Müzakirələrdən sonra keçirilən ticarət sərgisində Azərbaycan xüsusi stendlə təmsil olunub. Stendə sərgi iştirakçıları böyük maraq göstərib. Böyük Britaniya Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Ülviyyə Tağızadənin təşəbbüsü ilə hazırlanmış Azərbaycan stendində ölkəmizin “Tovuz Baltia” şirkətinin istehsalı olan müxtəlif şərabçılıq məhsulları, eləcə də milli şirniyyatlar sərgi iştirakçılarına təqdim edilib. 

Aytən Abbaslı

Digər xəbərlər

Arxiv

date