Ekspert: “Gürcüstan-Azərbaycan münasibətləri bəzi qüvvələrin səylərinə baxmayaraq, ən yüksək səviyyədədir”

Ekspert: “Gürcüstan-Azərbaycan münasibətləri bəzi qüvvələrin səylərinə baxmayaraq, ən yüksək səviyyədədir”
  • Clock-gray 11:26
  • calendar-gray 24 Oktyabr 2020

“Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr regional təhlükəsizliyin qarantıdır”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında gürcüstanlı siyasi ekspert Omar Ardaşelia deyib.

O bildirib ki, Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq regional əməkdaşlığın nələrə qadir olduğunu bir daha sübut edir: “Gürcüstan və Azərbaycan arasındakı münasibətlər bəzi qüvvələrin bu münasibətləri sarsıtmaq cəhdlərinə baxmayaraq, hazırda çox yüksək səviyyədədir. İki ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələrinin, siyasi, iqtisadi və mədəni-humanitar sahələrdəki əlaqələrin daha da inkişaf edəcəyini düşünürəm. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Gürcüstan-Azərbaycan münasibətləri fərqli dini baxışların daşıyıcısı olan, fərqli etnik mənsubiyyətə məxsus olan qonşu ölkələr üçün çox yaxşı nümunədir. Gürcüstan-Azərbaycan münasibətləri bəzi qüvvələrin səylərinə baxmayaraq, hazırda ən yüksək səviyyədədir və gələcəkdə də bu münasibətlərin inkişaf edəcəyi göz qabağındadır. Qeyd etmək lazımdır ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri bölgənin təhlükəsizliyi üçün qarant rolunu oynayır. Həyata keçirilən qlobal əhəmiyyətli layihələr şübhəsiz ki, regional təhlükəsizliyin və sabitliyin güclənməsinə müsbət təsir edir. Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq regional əməkdaşlığın nələrə qadir olduğunu bir daha sübut edir. 90-cı illərin əvvəllərində hər iki ölkənin iştirakçısı olduğu “Əsrin müqaviləsi” layihəsi həm Azərbaycanın, həm də Gürcüstanın beynəlxalq arenadakı mövqeyini gücləndirdi. Bura TANAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və s. kimi layihələri də əlavə etmək lazımdır. Düşünürəm ki, enerji və nəqliyyat sahələrindəki bu və digər birgə ölkələrimizin stabilliyi və təhlükəsizliyinə, iqtisadi inkişafına müsbət təsir edir və digər ölkələr üçün də çox yaxşı bir nümunədir”.  

Ekspert qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları nəticəsində yaranmış hazırkı vəziyyətdə Azərbaycanın tam haqlı tərəf olduğunu gürcü cəmiyyəti yaxşı anlayır və öz dəstəyini ifadə edir: “Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə iddiaları nəticəsində yaranmış gərginlik isə qonşu ölkələr arasındakı münasibətlərin necə olmamasına dair bir nümunədir. Hazırkı vəziyyətdə Azərbaycanın mövqeyi haqlıdır və bu ona üstünlük verir. Gürcüstan əlbəttə ki, bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Lakin qeyd etmək lazımdır ki, Gürcüstan cəmiyyəti bütövlükdə Azərbaycanın tərəfindədir və anlayır ki, bizim strateji tərəfdaşımız olan Azərbaycan bu məsələni həll edəcək. Qeyd edim ki, Gürcüstan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünə hörmətlə yanaşır, beynəlxalq platformalarda bu dəstəyi açıq şəkildə ifadə edirlər. Düşünürəm ki, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlərin gedişi zamanı ortaya çıxan məsələlər də məhz bu ruhda öz həllini tapacaq. Çünki Gürcüstan və Azərbaycan strateji tərəfdaş ölkələrdir və hər iki ölkə öz tərəfdaşının maraqlarına hörmətlə yanaşır. Bu məsələ ikitərəfli əlaqələrimizin daha vacib istiqamətlərinə kölgə salmamalıdır”.

Səid Babazadə

Digər xəbərlər